SON DƏQİQƏ
» » Qərbi Azərbaycan Xronikası: “Qayıdış baş tutacaq, gedib evimizdə yaşayacağıq” - VİDEO

Qərbi Azərbaycan Xronikası: “Qayıdış baş tutacaq, gedib evimizdə yaşayacağıq” - VİDEO

Tarix:

11-08-2023, 22:06

/ 3 693 dəfə oxundu.
Qərbi Azərbaycan Xronikası: “Qayıdış baş tutacaq, gedib evimizdə yaşayacağıq” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Evimizi və əşyalarımızı ermənilər mənimsədilər” adlı veriliş Qərbi Azərbaycandan deportasiya edilmiş, Göyçə mahalının Çəmbərək (Krasnoselo) rayonunun Ardanış kənd sakini Natiq Vəliyevin həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq illərinin çox firavan, xoşbəxt keçdiyini, kəndin bütün fəsilləri ilə bağlı xatirələrin heç vaxt unudulmadığını deyib.
N.Vəliyev erməni xisləti, xainliyi və qısqanclığından danışaraq bildirib ki, Qərbi Azərbaycanda yaşayan azərbaycanlı kəndlərində ermənilər həmişə problem yaradırdılar:
“Gəlib Azərbaycanda ali təhsil alan gənclər bir də geri qayıtmırdılar. Bunu ermənilər planlı şəkildə həyata keçirirdilər”.
Onun sözlərinə görə, kənddən çıxarılacaqlarına heç vaxt inana bilməzdilər:
“1988-ci ilin qaçaqaç dövrü başladı, vacib olan əşyalarımızdan bir neçəsini götürüb atam ilə mən Gədəbəyə, atamın qohumlarıgilə gətirdik. Bir gündən sonra qayıtdıq. Vəziyyət elə gəldi ki, dekabr ayında hamı kimi biz də köçdük. Evimiz, əşyalarımızın çoxu həmin kənddə qaldı. Biz inanırdıq ki, geri qayıdarıq. Geri qayıtmağa imkan olmadı”.
O, ata babasının 1916-1918-ci illərdə doğma Vətəndən araba ilə Kür çayı qırağına köçürüldüyünü, lakin onların yenidən kəndə qayıtdığını xatırladaraq bildirib ki, ən böyük arzusu doğulduğu kəndə yenidən qayıtmaqdır:
“Evimiz üçün çox darıxmışam. Allahın köməyi ilə bu şans yaxın vaxtlarda yaranacaq, biz gedib öz kəndimizi, evimizi görəcəyik. Mən hər zaman övladlarıma, uşaqlarıma internet vasitəsilə kəndimizi, evimizi göstərirəm. Danışdıqca uşaqlar çox duyğulanırlar. Uşaqlar Göyçə gölünün gözəlliyinə baxır, getməyi çox istəyirlər. Əminəm ki, bu qayıdış baş tutacaq, gedib kəndimizi görəcəyik. Gedib kəndimizin buz kimi bulaqlarından su içib, sürünə-sürünə evimizin qapısından içəri girmək istəyirəm”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində:
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ