SON DƏQİQƏ
» » “Strateji müttəfiq”likdən reallığa doğru qəti addım...

“Strateji müttəfiq”likdən reallığa doğru qəti addım...

Tarix:

19-08-2021, 08:16

/ 2 467 dəfə oxundu.
“Strateji müttəfiq”likdən reallığa doğru qəti addım...

Teyyub QƏNİOĞLU

 

Vertolyot təxribatı törədərək "sülhməramlı” adı altında Azərbaycan ərazisinə soxulan, sözdə bu ərazilərin ölkəmizə aid olduğunu söyləyən, reallıqda isə işğal etdiyi əraziləri özününkü hesab edən Rusiya sözün əsl mənasında həddini aşmaqda davam edir: 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin ziddinə olaraq nəinki erməni silahlı qüvvələrinin (əslində terrorçuların) "sülhməramlıların” nəzarət etdiyi ərazilərdən çıxarılmasına mane olur, əksinə, onları silahlandırır; bu azmış kimi yeni terrorçuların Ermənistandan bu ərazilərə daşınmasına hərtərəfli yardım edir; Ermənistanı silahlandırmaqla, onun məhv edilmiş ordusunu dirçəltməklə onu Azərbaycana qarşı yeni müharibəyə hazırlayır; Ermənistanı sərhəddə təxribatlar törətməyə təhrik etməklə regionda yeni münaqişə vəziyyəti yaratmağa cəhd edir.

Rusiya öz hərəkətləri ilə Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasına mane olur, erməniləri zorla Xankəndində, Xocalıda, Xocavənddə və nəzarət etdikləri digər ərazilərdə saxlamaq üçün onların sosial problemlərini həll edir. Hər şeydən göründüyü kimi, Rusiya separatçı Abxaziya, Cənubi Osetiya və Dnestr bölgəsində həyata keçirdiyi "pasport əməliyyatını” Azərbaycanda da tətbiq etməyə hazırlaşır. Bu məsələyə toxunan Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq-aşkar bəyan edir ki, "Rusiya beynəlxalq hüququ pozmur, birincisi, hər bir ölkə özü müəyyənləşdirir ki, kimə vətəndaşlıq verə bilər. İkincisi, hər bir insan da hansı ölkənin vətəndaşı olmaqda sərbəstdir”. Belə çıxır ki, ermənilər də Rusiya vətəndaşlığı almaqda sərbəstdirlər!? Bu cənab unudur ki, belə olduqda Azərbaycan da öz ərazilərindən xarici ölkə vətəndaşlarını deportasiya etmək hüququna malikdir!

Rusiya nəinki yaşlı nəsli, erməni uşaqlarını və gənclərini də Azərbaycana qarşı gələcək müharibəyə hazırlayır. KİV-də yayılan məlumatlara görə Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağın bütün bölgələrindən olan 13-18 yaş arası uşaqlar üçün dağlarda sağ qalmağın əsasları öyrədilən "gənc döyüşçü" kursu keçiriblər. "Sülhməramlılar” bu uşaqlara Dağlıq Qarabağdakı missiyalarını izah edib, onlara istehkamçılar tərəfindən yoxlanılmamış ərazilərdə oyunların gətirə biləcəyi təhlükələr, habelə ilk tibbi yardımın göstərilməsi üsulları haqda danışıblar. Bunu necə adlandırmaq olar cənab "sülhməramlılar”? Bu erməni dığalarını qondarma "Arsax” uğrunda gələcək müharibəyə hazırlamaq məqsədi daşımırmı?

Rusiya "sülhməramlıları” Azərbaycanın etirazlarına məhəl qoymayaraq onun icazəsi olmadan Rusiya, Ermənistan, İran və s. dövlətlərin vətəndaşlarının, müəmmalı yük daşıyan maşınlarının Azərbaycan ərazisinə girişinə hərtərəfli şərait yaradır və s. İndiyədək Azərbaycan Rusiyanı "strateji müttəfiq” hesab edərək onun bu "şıltaqlıqlarına” dözümlü yanaşır, bir növ gözləmə mövqeyi tuturdu. Həm Rusiya, həm də Azərbaycan bir-birini, siyasət xatirinə, sözdə "strateji müttəfiq” adlandırsalar da, reallıqda bunun belə olmadığının fərqində idilər, ancaq bunu açıb-ağartmırdılar. Azərbaycan ərazisini işğal edən, onu ikiyə bölən, zor gücünə Azərbaycanın əzəli və əbədi torpaqlarında qondarma erməni "dövləti” yaradan və daim ondan Azərbaycana qarşı bir alət kimi istifadə edən və indi də buna davam edən Rusiyadan Azərbaycana strateji müttəfiq olarmı? Ancaq Rusiyanın Azərbaycana qarşı sözün əsl mənasında düşmənçiliyi reallığın olduğu kimi adlandırılmasını zəruri edirdi və Azərbaycan Prezidenti İlham Əliyev "CNN Türk” televiziya kanalına verdiyi müsahibədə ilk dəfə bunu etdi.

İlham Əliyev ilk dəfə idi ki, Rusiyanı "strateji müttəfiq” yox "Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi” adlandırdı. Bu isə "düşmənimin yaxın müttəfiqi mənim də düşmənimdir” anlamına gəlir.

Beləliklə Azərbaycan mifik "strateji müttəfiq”likdən reallığa doğru qəti addım atmış oldu. Və Rusiyanın nəzərinə çatdırdı ki, Azərbaycan öz süveren hüquqlarını qorumaq əzmindədir və heç kim buna mane ola bilməz! Rusiya siyasətçiləri bunun nə demək olduğunu yəqin ki, yaxşı başa düşürlər. Qalır onların bundan nəticə çıxarmaları. Qərbdən (Ukrayna, Pribaltika respublikaları) şərqdən (Yaponiya), cənubdan (Gürcüstan) dost olmayan dövlətlərlə əhatə olunan Rusiyaya

Azərbaycan və Türkiyə timsalında yeni dost olmayan ölkələr lazımdırsa bunu alacaqdır! Bunun nə ilə nəticələnə biləcəyini düzgün hesablayın Rusiyanın cənab siyasətçiləri

скачать dle 12.1

Şərhlər