SON DƏQİQƏ
» » Ermənilər müharibənin nəticələrindən ibrət dərsi götürməlidir

Ermənilər müharibənin nəticələrindən ibrət dərsi götürməlidir

Tarix:

12-01-2021, 08:55

/ 3 468 dəfə oxundu.
Ermənilər müharibənin nəticələrindən ibrət dərsi götürməlidir

Teyyub Qənioğlu: "Ermənilər başa düşməlidir ki, Rusiya üçün, nə onların özlərinin, nə də istəklərinin bir qəpiklik əhəmiyyəti yoxdur"

«Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz torpaqlarımızı mənfur düşməndən azad etdikdən sonra qarşımızda iki əsas vəzifə durur: erməni vandalları tərəfindən talan edilmiş, dağıdılaraq yerlə-yeksan edilmiş şəhər və kəndlərimizin bərpası və noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmaya uyğun olaraq qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, onların normal yaşayışının təmin edilməsi». Bunu "Azad Azərbaycan"a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə, birinci vəzifə ilə əlaqədar artıq işlərə start verilib: «Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirədə bildirdi ki, bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya hazırlanır. Prezident xüsusi olaraq qeyd etdi ki, bütün tarixi yaşayış məntəqələrinin mövcudluğu, torpaq sahələri nəzərə alınmalıdır. Göründüyü kimi, əsas vəzifə təkcə dağıdılmış ərazilərin bərpası deyil, eyni zamanda, bu ərazilərdə məskunlaşacaq vətəndaşlarımız üçün münasib iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsidir. Dağıdılmış ərazilərin miqyası nəzərə alınarsa, qeyd edilən işlərin reallaşmasının müəyyən zamana ehtiyacı olacağı başa düşüləndir».

Partiya sədri təqdirəlayiq hal kimi hesab edir ki, artıq bu işlərə start verilib və bu məqsədlə ilkin olaraq, 2.2 milyard manat vəsait ayrılıb: «Hesab edirik ki, ölkədə fəaliyyət göstərən sahibkarlıq strukturları da bu vacib vəzifələrin reallaşmasından kənarda qalmayacaq, öz töhfələrini verəcəklər. Qəti əminik ki, Azərbaycan dövləti bütün mövcud resursları səfərbər edərək tez bir zamanda dağıdılmış ərazilərimizin bərpa edilməsinə, vətəndaşlarımızın dogma yurdlarına qayıdışına nail olacaqdır. İkinci vəzifənin reallaşmasına gəldikdə, aydındır ki, köçkün vətəndaşlarımızın hələ də Rusiya "sülhməramlılarının” nəzarətindən kənarda olan ərazilərimizə, mərhələlərlə, onlar bərpa edildikcə, qayıdışında heç bir problem yaşanmayacaq».

T.Qənioğlu Rusiya "sülhməramlılarının” nəzarətində olan ərazilərə azərbaycanlıların qayıdışı ilə bağlı problemdən danışaraq bildirib ki, "sülhməramlılar” öz mandatlarının həddini aşaraq, Ermənistandan vətəndaşlığı bəlli olmayan erməniləri zorla, kütləvi şəkildə nəzarət etdiyi ərazilərə daşıyırlar. Ancaq, azərbaycanlı köçkünlərin, eləcə də, dövlətimizin müvafiq idarəetmə strukturlarının, bu ərazilərə qayıdışına ciddi-cəhdlə mane olurlar: «Görünən odur ki, Rusiya "sülhməramlı” pərdəsi altında Azərbaycan ərazisində möhkəmlənməyə cəhd edir. Buna nail olmaq, ermənilərin Dağlıq Qarabağda mövcudluğunu təmin etmək üçün Rusiya bu ərazilərdə bərpa işlərini həyata keçirir, onlar üçün evlər tikmək istəyir, onlara hərtərəfli hümanitar yardımlar göstərir, məktəblərdə tədris prosesinin bərpasına yardım edir və s.. Bu azmış kimi, ermənilərə bu ərazilərdə hansısa statusun veriləcəyi bildirilir. Bunu açıqca nümayiş etdirmək üçün qondarma "arsax respublikası”nın de-fakto mövcud olduğunu gözə soxmaq istəyir, oz "fəaliyyətlərini” bu qondarma qurumun cinayətkar "rəhbərləri” ilə koordinasiya edir, Ermənistan nazirlərinin, silahlı qüvvələrinin Laçın dəhlizindən Azərbaycan ərazisinə maneəsiz daxil olmalarını təşkil edir".

Partiya sədrinin sözlərinə görə, Rusiya yaxşı bilir ki, ermənilər olmasa onun Azərbaycan ərazisində qalması mümkün olmayacaq. Ona görə də, fürsətdən istifadə edib Dağlıq Qarabağda mövcudluğunu əbədi qorumaq istəyir: «Keçirilən müşavirədə bu məsələlərə toxunan Prezident İlham Əliyev də qeyd etdi ki, sülhməramlı qüvvələrin orada öz funksiyası var: «Noyabrın 10-da bu funksiya təsbit edilib. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Əlbəttə, biz imkan verməyə də bilərdik». Fikrinə davam edən Prezident bildirdi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib: «Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq”.

T.Qənioğlu bildirib ki, Rusiya, onun "sülhməramlıları”, eləcə də ermənilər Prezidentin bu xəbərdarlığından nəticə çıxarmalıdır: «Ermənilər 44 günlük müharibənin nəticələrindən ibrət

dərsi götürməlidir. Onlar nəhayət başa düşməlidir ki, öz məkirli məqsədlərinə nail olmaq üçün türk düşmənləri, xüsusilə Rusiya üçün, nə onların özlərinin, nə də istəklərinin bir qəpiklik əhəmiyyəti yoxdur. Ermənilər bunu başa düşərsə Qərbin, Rusiyanın əlində alət olmaq girdabından da qurtular, Azərbaycanın onlara lütfükarlıqla bəxş etdiyi ərazilərdə firavan yaşaya bilərlər. Əks təqdirdə onları yeni fəlakətlər gözləyir».

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ