
Azərbaycanın Türkiyə kimi Pakistanla da əlaqələrinin dərin tarixi və mənəvi kökləri vardır.
Bu üç ölkə bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir. Hər üç xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir. Azərbaycanın ayrılıqda həm Türkiyə, həm də Pakistanla strateji əməkdaşlığı var. Məhz Pakistan və Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk iki dövlətdir. Pakistanla Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində də hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində həllində tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdiriblər. Bu iki ölkə Özbəkistanla bir yerdə bu günəcən Ermənistanla diplomatik münasibətləri olmayan ölkələrdir. 44 günlük Vətən müharibəsi zamanı həm dövlət, həm də millət səviyyəsində ən güclü dəstəyi də Türkiyə və Pakistandan aldıq.
Laçında baş tutan Azərbaycan-Türkiyə-Pakistan liderlərinin Zirvə Görüşü regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi yadda qaldı. Bu görüş həm simvolik məkan seçimi ilə, həm də iştirak edən dövlətlərin qarşılıqlı maraqları baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Üçtərəfli görüşün məhz burada keçirilməsi Azərbaycanın suverenliyinin təsdiqi və azad edilmiş ərazilərin beynəlxalq səviyyədə tanınmasının mühüm simvoludur. Laçında keçirilən üçtərəfli Zirvə təkcə simvolik hadisə deyil, həm də strateji baxımdan gələcəyə yönəlmiş diplomatik və geosiyasi addımdır. Azərbaycan Prezidenti Türkiyə və Pakistanın 2020-ci il Vətən müharibəsi zamanı göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. Bu iki qardaş ölkənin Azərbaycanın haqlı mövqeyini dəstəkləməklə regionda ədalətin bərpasına töhfə verdi. Dövlət başçı vurğuladı ki, Azərbaycan da öz növbəsində həmişə Türkiyə və Pakistanın yanında olub, bu da qarşılıqlı etimad və həmrəyliyin təməlini təşkil edir. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər: “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.