SON DƏQİQƏ
» » Türk həmrəyliyi – sadəcə tarix deyil, gələcəyin platformasıdır

Türk həmrəyliyi – sadəcə tarix deyil, gələcəyin platformasıdır

Tarix:

23-05-2025, 21:04

/ 3 566 dəfə oxundu.
Türk həmrəyliyi – sadəcə tarix deyil, gələcəyin platformasıdır

Mayın 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi.

Mayın 21-də Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün ilk dəfə olaraq Avropa İttifaqı ölkəsində, Macarıstanda  keçirilməsiçox böyük siyasi əhəmiyyət daşıyır. Türk Dünyasının birliyi naminə bu cür tədbirə ev sahibliyi etməsi bir tərəfdən Macarıstanın türk dünyasına olan sadiqliyini, digər tərəfdən isə Təşkilatın beynəlxalq nüfuzunun artdığını nümayiş etdirir. Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Azərbaycan diplomatiyasının ardıcıl və praqmatik xəttinin növbəti təntənəsinə çevrildi. Bu mühüm tədbir Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən xarici siyasət kursunun səmərəli nəticələrinin göstəricisidir. Azərbaycan artıq illərdir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal mövqe tutur, strateji təşəbbüslərlə çıxış edir və üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi üçün mühüm addımlar atır. Prezident İlham Əliyev çıxışında Macarıstanla münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək, iki ölkə arasında etibarlı strateji tərəfdaşlığın mövcudluğunu xüsusi vurğuladı. Dövlət başçısının Macarıstana altıncı səfəri, Baş nazir Viktor Orbanın isə Azərbaycana yeddi dəfə səfər etməsi bu münasibətlərin dərinliyini və qarşılıqlı etimadı göstərir. Macarıstanın müstəqil siyasət yürütməsi və beynəlxalq nüfuzunun artması Azərbaycanın da regional və qlobal diplomatik təşəbbüslərinə dəstək baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan ilə Macarıstan arasında ticarət və sərmayə əlaqələri genişlənməkdədir. Enerji, kənd təsərrüfatı, informasiya texnologiyaları və tikinti sahələri əməkdaşlığın əsas istiqamətlərindəndir. Macarıstan şirkətləri Azərbaycanın bərpa olunan enerji və infrastruktur layihələrində iştirak edirlər. Azərbaycan və Macarıstan arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq uğurla inkişaf etməkdədir. Macarıstanda azərbaycanlı tələbələr təhsil alır, Azərbaycan isə macar tələbələr üçün təqaüd proqramları təqdim edir. Budapeştdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması da bu sahədə əlaqələrin gücləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev Azərbaycan qazının Macarıstan bazarına ixracı məsələsinin müzakirə edildiyini və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində addımlar atıldığını qeyd edib. O, həmçinin, Macarıstanın dövlət şirkəti “MVM Group” un Azərbaycan neft və qaz layihələrində iştirakının iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığın göstəricisi olduğunu bildirib: “Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır”.

Türkanə Mübariz

скачать dle 12.1

Şərhlər