SON DƏQİQƏ
» » Türk Dövlətləri Təşkilatı bu gün ən önəmli qurumlardan biridir.

Türk Dövlətləri Təşkilatı bu gün ən önəmli qurumlardan biridir.

Tarix:

11-11-2024, 21:05

/ 3 160 dəfə oxundu.
Türk Dövlətləri Təşkilatı bu gün ən önəmli qurumlardan biridir.

6 Noyabr 2024-cü ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib. 

Zirvə görüşündə çıxış edən Cənab Prezident bildirib ki, “Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır. Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim. 200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləmişdir. Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”. TDT-nin çox böyük perspektivi var və yaxın gələcəkdə bu dövlətlər öz sıralarına dövləti olmayan türk xalqlarını da cəlb edə bilərlər. Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. Bu siyasi-iqtisadi və hərbi birlik gələcəkdə Türk dövlətlərinin birləşdirilməsində mühüm rol oynayacaq. Azərbaycan üçün də bu təşkilatın çox böyük əhəmiyyəti var. Çünki coğrafi məkan baxımından Şərqdən Qərbə uzanan bütün kommunikasiya xətləri Azərbaycandan keçir. Ona görə də Azərbaycan regionun lider dövləti qismində çıxış edir. Cənab Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə Türk dünyasının birləşməsi istiqamətində ölkələrimizin göstərdiyi böyük səylərin müsbət nəticələrindən məmnunluğunu ifadə etmişdir: “Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.”

Hazırda dünyanın aparıcı beynəlxalq təşkilatlarının müxtəlif ölkələrin maraqlarının toqquşması nəticəsində öz üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsi sirr deyil. Bu baxımdan ortaq tarixi, mədəniyyəti, ənənələri paylaşan və təbii müttəfiqlər olan ölkələrin formalaşdırdığı TDT-nin unikal üstünlükləri var. Belə ki, üzv ölkələrin yuxarıda sadalanan ortaq cəhətləri təşkilat daxilində həmrəyliyin güclənməsinə xidmət etməklə yanaşı, qarşılıqlı inam və dəstəyə, geniş əməkdaşlığa şərait yaradır.” 

Bişkek Zirvə görüşü Türk Dövlətləri Təşkilatının gələcəyi üçün strateji istiqamətləri müəyyən etdi. Azərbaycan təşkilatın inkişafı üçün davamlı dəstəyini nümayiş etdirdi və TDT-nin sülh, təhlükəsizlik, iqtisadi inkişaf, mədəni əlaqələr baxımından əhəmiyyətli platforma kimi mövqeyini gücləndirmək üçün fəal iştirak etməyə davam edəcəyini bildirdi. Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü, Türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və birgə fəaliyyətin genişləndirilməsi baxımından əhəmiyyətli addım oldu. Azərbaycan TDT çərçivəsində həm regional, həm də qlobal miqyasda strateji təşəbbüslərlə çıxış edərək, Türk dövlətləri ilə hərtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfəni bir daha təsdiqlədi.

Türkanə Mübariz

скачать dle 12.1

Şərhlər