
"Yataq otağında fumiqatoru (ağcaqanadlara qarşı vasitə) bütün gecə işlək vəziyyətdə saxlamaq sağlamlıq üçün təhlükəli vərdişdir".
GunAz.az xəbər verir ki, bu barədə rusiyalı alim Damir Udavliyev RT-yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, fumiqatorlar həşəratları iflic edən sintetik piretroid maddələrini havaya yayır. Kiçik və qapalı otaqlarda bu kimyəvi maddələrin konsentrasiyası gecə ərzində insan sağlamlığı üçün təhlükəli səviyyəyə çata bilər.
Mütəxəssis qeyd edib ki, bu buxarların uzun müddət tənəffüs edilməsi başağrısı, ürəkbulanma, selikli qişaların qıcıqlanması, hətta mərkəzi sinir sisteminin fəaliyyətində pozuntulara səbəb ola bilər.
Professorun sözlərinə görə, uşaqlar, eləcə də ev heyvanları, xüsusilə pişiklər, quşlar və akvarium balıqları bu toksik maddələrə daha həssasdırlar.
Damir Udavliyev fumiqatorun yatmazdan 30-60 dəqiqə əvvəl, çarpayıdan azı bir metr məsafədə işə salınmasını tövsiyə edib. Onun sözlərinə görə, yatmazdan əvvəl cihaz mütləq söndürülməli və yataq otağı yaxşı havalandırılmalıdır.































