
İstirahət üçün təhlükəsiz məkan hesab edilməsinə baxmayaraq, suyun təmizlənməsi sistemindəki nasazlıqlar, kimyəvi maddələrin miqdarının aşılması və sanitariya qaydalarının pozulması səbəbindən hovuzlar sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
GunAz.az xəbər verir ki, infeksionist, tibb elmləri namizədi Yekaterina Stepanova kəskin qoxunun, dəri və gözlərdəki qıcıqlanmanın kimyəvi maddələrin konsentrasiyasının normadan artıq olmasından xəbər verdiyini vurğulayıb.
Mütəxəssis belə vəziyyətlərdə dərhal duş qəbul etməyi, geyimi dəyişməyi və sağlamlığa dəyə biləcək zərərin qarşısını almaq üçün tibbi yardıma müraciət etməyi məsləhət görüb.
Rusiyalı ekspert, həmçinin xatırladıb ki, hovuz ziyarətçiləri bakterial, virus və göbələk infeksiyalarına yoluxma riski altındadırlar. İnfeksiyaya yoluxma əksər hallarda su udulduqda və ya çirkli səthlərlə təmas zamanı baş verir.
Mütəxəssislərin fikrincə, məkanda təhlükəsizlik birbaşa filtrasiya və reaktivlərin dozalanması sisteminin düzgün işləməsindən asılıdır. Bununla yanaşı, sürüşməyə qarşı örtüklərin olması vacibdir; həmçinin yanlış quraşdırıldıqda saçları, ətrafları və ya geyim hissələrini içərisinə çəkə bilən dib axıdıcılarının yaratdığı təhlükə də nəzərə alınmalıdır.
Hovuzlarda təhlükəsizlik üçün tövsiyələr:
- Papaq, eynək və başmaqdan istifadə edin.
- Başqalarının dəsmalları ilə qurulanmayın.
- Dərinin səthlərlə lazımsız təmasından qaçın.
- Sudan çıxdıqdan sonra xlor qalıqlarını yumaq üçün mütləq duş qəbul edin.































