
Bu gün Vətən müharibəsinin qəhrəman zabitlərindən biri — Silahlı Qüvvələrin mayoru, şəhid Vüsal İslam oğlu Vəliyevin doğum günüdür. Yaşasaydı, cəsur komandirin bu gün 38 yaşı tamam olacaqdı.
GunAz.az xəbər verir ki, şəhidin doğum günü münasibətilə onun hərbçi yoldaşları, ailə üzvləri və yaxınları qəhrəmanın Şərur şəhərindəki Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət ediblər.
Ziyarətçilər şəhidin məzarı önünə tər çiçəklər düzüb, ruhuna dualar oxuyublar. Anım mərasimində çıxış edənlər Vüsal Vəliyevin şərəfli ömür yolundan və onun döyüşlərdə göstərdiyi misilsiz hərbi rəşadətindən bəhs ediblər.
Xatırladaq ki, mayor Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb. Azərbaycan Ordusunun zabiti kimi şərəfli xidmət yolu keçən mayor V.Vəliyev 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
































