SON DƏQİQƏ

O evdə bir ata şəkli qaldı

Tarix:

18-05-2026, 15:53

/ 4 648 dəfə oxundu.
O evdə bir ata şəkli qaldı

İLAHƏ ALLAHVERDİYEVA yazır

1992-ci ilin payızı Azərbaycanın yaddaşına ağır bir səssizlik kimi hopmuşdu. Kəndlərdən cavan oğullar döyüşə yollanır, analar qapı ağzında yol çəkir, hər evdən bir nigaranlıq boylanırdı. O illərdə müharibə yalnız səngərlərdə yaşanmırdı. Hər kəndin içindən keçir, hər ailənin taleyinə toxunurdu.
Naxçıvanın Kəngərli rayonunun Qarabağlar kəndindən olan Bəhlul Məmmədov da həmin günlərin gənclərindən idi. 1973-cü ilin avqustunda dünyaya gəlmişdi Bəhlul. Ailənin üç oğlundan biri idi. Uşaqlığı kənd həyatı, məktəb yolları, zəhmət və sadə arzular içində keçmişdi. Qarabağlar kənd orta məktəbində təhsil almış, sonra sürücülük peşəsinə yiyələnmişdi. Həyatını halal zəhmətlə qurmağa çalışan sakit təbiətli bir gənc kimi tanınırdı.Amma ölkənin taleyi dəyişəndə insanların taleyi də dəyişdi.
1990-cı illərin əvvəli Azərbaycan üçün ən çətin dövrlərdən biri idi. Dövlət yenicə formalaşır, ölkə müharibənin ağır yükünü çiyinlərində daşıyırdı. Cəbhəyə yollananların çoxu dünən məktəb həyətində gəzən, bu gün isə silaha sarılan kənd uşaqları idi. Onların çoxunun hərbi təcrübəsi yox idi, amma ürəklərində bir hiss vardı — torpağı qorumaq hissi.
Bəhlul Məmmədov mayor Nəsib Ağayevin “Qaz-69 UAZ” xidmət maşınını idarə edirdi. Müharibə vaxtı sükan arxasında olmaq sadəcə maşın sürmək demək deyildi. Hər yol təhlükəyə açılırdı. Bir istiqamətdə mərmi daşınırdı, başqa istiqamətdə yaralı aparılırdı. Bəzən bir maşının içində insanların ümidi gedirdi.
Həmin vaxtlarda Bəhlul ailə həyatı qurmuşdu. Evinə yeni bir sevinc gəlmişdi. Sabah haqqında arzular vardı. Gələcəklə bağlı xırda-xırda planlar qurulurdu. Müharibə isə insanların ən sadə arzularını belə yarımçıq saxlayırdı.Bəhlul 1992-ci ilin 28 noyabrında Sədərək istiqamətində gedən döyüşlərdə şəhid oldu.
Şəhid xəbəri gələndə evlərinin içində zaman dayanmışdı sanki. Anasının ürəyinə ağır bir sükut çökmüşdü. Gənc həyat yoldaşının baxışlarında yarımçıq qalan bir ömür görünürdü. Dünyaya gəlməsinə sayılı günlər qalan körpə isə atasının səsini heç vaxt eşidə bilmədi.Bəhlul şəhid olduqdan sonra dünyaya gələn oğluna onun adı verildi.
İllər keçir, şəkillər köhnəlir, zaman dəyişir. Amma bəzi talelər insanın yaddaşında olduğu kimi qalır.
1992-ci ilin noyabrında şəhid olan Bəhlul Məmmədovdan geriyə bir ad, bir şəkil və atasının üzünü yalnız şəkillərdən tanıyan bir oğul qaldı.

скачать dle 12.1

Şərhlər