SON DƏQİQƏ

Geri dönməyən addım

Tarix:

25-04-2026, 13:12

/ 3 197 dəfə oxundu.
Geri dönməyən addım

İLAHƏ ALLAHVERDİYEVA yazır

Bəzən bir an insanın bütün ömrünü əvəz edir. Elə bir an ki, tərəddüdə yer qalmır — ya geri çəkilirsən, ya da tarixə qarışırsan. Sabit Səfərov ikinci yolu seçənlərdən idi.
 1973-cü ilin noyabrında Şərurun Qarabağlar kəndində doğulan Sabit ailənin ən kiçiyi idi. Beş uşaqdan ibarət ailədə böyüyən bu sakit görünüşlü gəncin daxilində qəribə bir möhkəmlik vardı. Həyat onu çox tez böyütdü. 1992-ci ilin iyununda hərbi xidmətə yola düşəndə ölkə artıq müharibənin içində idi.Nizami ordu yeni formalaşır, imkanlar məhdud, vəziyyət gərgin idi. Belə bir vaxtda Sabit kimi gənclər təkcə əsgər yox, həm də dayaq rolunu üzərinə götürürdü.
 Sədərək istiqamətində gedən döyüşlər onun xarakterini açdı. O, sadəcə verilən əmri yerinə yetirən biri kimi yox, vəziyyəti hiss edən, ani qərar verən döyüşçü kimi seçildi. Məhz buna görə ona “Kobra” deyirdilər. Bu ad sürəti, çevikliyi və təhlükənin üzərinə tərəddüdsüz getməyi ifadə edirdi.
 Həlledici məqamlardan biri isə döyüşlərin birində yaşandı. Bölük komandiri Mahmud Zeynalov vurulduğu an vəziyyət dəyişdi. Belə anlarda saniyələr taleyə çevrilir. Sabit ayağa qalxdı, irəli atıldı və düşmən səngərinə daxil oldu. Əl qumbarası ilə onların mövqeyini məhv etdi. Bu addım bir döyüşün gedişinə təsir edən addım idi. Lakin həmin cəsarətin ardınca gələn sükut uzaqdan açılan snayper atəşi ilə pozuldu.
 19 sentyabr 1992-ci il — Sabitin ömrü bu tarixdə dayanır. Cəmi 19 il. Qısa görünən bu zamanın içində isə bütöv bir həyat, seçilmiş yol və geri dönməyən qərar var.
 Sabit Səfərov haqqında danışarkən uzun təsvirlərə ehtiyac qalmır. Onun hekayəsi bir səhnədə cəmlənir: komandirinin vurulduğu an irəli atılan bir gənc və geri qayıtmayan addım. Bəzən bir insanı tanımaq üçün elə bir an kifayət edir.
скачать dle 12.1

Şərhlər