
İnsult dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri hesab olunur. Son illərdə bu xəstəliyin yalnız yaşlı insanlar arasında deyil, gənclər arasında da daha çox müşahidə olunması cəmiyyətin diqqətini bu problemə yönəldib. Mütəxəssislər bildirirlər ki, düzgün həyat tərzi, vaxtında tibbi müayinələr və risk faktorlarının nəzarətdə saxlanılması insultun qarşısının alınmasında mühüm rol oynayır. İnsultun yaranma səbəbləri, risk faktorları, ilk əlamətləri və ondan qorunma yolları barədə daha ətraflı məlumat almaq üçün Naxçıvan Mərkəzi Xəstəxanasının Nevrologiya şöbəsinin müdiri, həkim-nevroloq Səkinə Mirzayeva ilə həmsöhbət olduq.
Həkim, ilk olaraq insultun nə olduğunu və hansı növlərinin mövcud olduğunu izah etməyinizi istərdik.
- İnsult baş beynin qan damarlarının zədələnməsi nəticəsində yaranan ciddi xəstəlikdir. Beynin hər hansı bir hissəsinə qan axınının qəfil dayanması və ya beyində qanaxmanın baş verməsi nəticəsində beyin hüceyrələri oksigen çatışmazlığına məruz qalır və qısa müddətdə zədələnir. İnsultun iki əsas növü var: işemik və hemorragik insult. İşemik insult beyin damarlarında trombun əmələ gəlməsi nəticəsində qan dövranının pozulması ilə meydana çıxır. Hemorragik insult isə beyin damarının partlaması və beyində qanaxmanın baş verməsi nəticəsində yaranır.
İnsultun yaranmasına səbəb olan əsas risk faktorları hansılardır? İnsanlar hansı hallarda diqqətli olmalıdırlar?
-Yüksək arterial təzyiq insultun əsas risk faktorlarından biridir. Bundan əlavə, ürək-damar xəstəlikləri, şəkərli diabet, qanda xolesterinin yüksək olması, qan dövranı pozğunluqları və tromblaşmaya meyllilik də risk yaradan amillər sırasındadır. Bu xəstəliklərdən əziyyət çəkən şəxslər mütəmadi olaraq həkim nəzarətində olmalı və profilaktik müayinələrdən keçməlidirlər.
Yay aylarında insult hallarının artdığı müşahidə olunur. Bunun səbəbi nədir?
-Yay aylarında yüksək temperatur orqanizmdə maye itkisini artırır və susuzlaşmaya səbəb olur. Nəticədə qan qatılaşır, damar daxilində laxtaların əmələ gəlmə ehtimalı yüksəlir. Eyni zamanda isti hava ürək-damar sisteminə əlavə yük yaradır və qan təzyiqində dəyişikliklərə səbəb ola bilir. Xüsusilə yaşlı insanlar, hipertoniya, şəkərli diabet və ürək xəstəlikləri olan şəxslər bu dövrdə daha diqqətli olmalıdırlar. Kifayət qədər su qəbul etmək, günün ən isti saatlarında açıq havada qalmamaq və sağlam həyat tərzinə riayət etmək insult riskini azaltmağa kömək edir.
Son illərdə gənclər arasında insult hallarının artması da diqqət çəkir. Bunun səbəbləri nələrdir?
-Təəssüf ki, insult artıq yalnız yaşlı insanların xəstəliyi hesab edilmir. Gənclər arasında qeyri-sağlam qidalanma, fiziki passivlik, piylənmə, siqaret və alkoqol istifadəsi, yüksək stress və yuxu rejiminin pozulması insult riskini artıran əsas amillərdir. Bundan başqa, yüksək təzyiq, şəkərli diabet, ürək-damar xəstəlikləri və qanda xolesterinin artması da gənc yaşlarda insultun yaranmasına səbəb ola bilər. Bəzi hallarda isə irsi meyillilik və anadangəlmə damar problemləri mühüm rol oynayır.
İnsultun qarşısını almaq və riskini azaltmaq üçün insanlara hansı tövsiyələri verərdiniz?
-İlk növbədə qan təzyiqinə nəzarət etmək lazımdır. Hipertoniya insultun ən vacib səbəblərindən biridir. İnsanlar təzyiqlərini mütəmadi ölçməli və həkim təyinatı olmadan dərman qəbulunu dayandırmamalıdırlar.
Sağlam qidalanma da mühüm əhəmiyyət daşıyır. Duzlu, yağlı və hazır qidaların istifadəsi azaldılmalı, tərəvəz, meyvə və balıq kimi faydalı qidalar gündəlik rasionda üstünlük təşkil etməlidir.
Fiziki aktivlik qan dövranını yaxşılaşdırır və ürək-damar sistemini gücləndirir. Gündəlik gəzinti və ya yüngül idman belə sağlamlığa müsbət təsir göstərir.
Bundan əlavə, siqaret və spirtli içkilərdən uzaq durmaq, stressi idarə etmək və kifayət qədər yuxu almaq insult riskinin azalmasına kömək edən əsas amillərdəndir.
Dəyərli məlumatlara görə təşəkkür edirik.
Sonda qeyd edək ki, insultun qarşısının alınması böyük ölçüdə insanların öz sağlamlığına göstərdiyi diqqətdən asılıdır. Vaxtında aparılan profilaktik tədbirlər, sağlam həyat tərzi və mütəmadi tibbi nəzarət həm insult riskini azaldır, həm də həyat keyfiyyətinin qorunmasına kömək edir. Bu səbəbdən hər bir insan sağlamlığına məsuliyyətlə yanaşmalı və risk faktorlarını minimuma endirməyə çalışmalıdır.
Səkinə Əhmədova
Jurnalistika ixtisası üzrə III kurs tələbəsi
Jurnalistika ixtisası üzrə III kurs tələbəsi






























