
Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti uğura imza atıb.
GunAz.az xəbər verir ki,Teatr kollektivi Türkiyədə keçiriləcək iki nüfuzlu sənət tədbirinə rəsmi dəvət alıb.
Belə ki, iyulun 4-də Trabzonun Akcaabat şəhərində təşkil olunacaq VI "Açıq Hava Teatrı" günlərində, eləcə də iyulun 2–12-si tarixlərində Manisanın Salihli şəhərində keçirilən 11-ci Beynəlxalq Dionysos Teatr Şənliyi və Təlim Düşərgəsi çərçivəsində iyulun 9-da tamaşa təqdim olunacaq. Dionysos Teatr Şənliyi və Təlim Düşərgəsi Türkiyənin ən tanınmış teatr düşərgələrindən biri hesab olunur və bu il 11-ci dəfə keçirilir.
Naxçıvan Dövlət Milli Dram Teatrını hər iki tədbirdə teatrın direktor müavini Səməd Canbaxşiyev və aktrisa Ləman Vəlizadə təmsil edəcəklər. Sənətçilər tamaşaçılar qarşısında Səməd Canbaxşıyevin rejissorluğu ilə hazırlanan Balaxan Nəzərlinin “Gəmi batır” monotamaşası ilə çıxış edəcək.
Qeyd edək ki, Naxçıvan Dövlət Milli Dram Teatrının beynəlxalq festivallarda iştirakı ölkəmizin zəngin teatr ənənələrinin xaricdə təbliği, yaradıcı təcrübə mübadiləsinin genişlənməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edir.






























