SON DƏQİQƏ
» » "Cığır" romanından parça- Yunus Oğuz yazır...

"Cığır" romanından parça- Yunus Oğuz yazır...

Tarix:

29-01-2022, 20:07

/ 2 941 dəfə oxundu.
"Cığır" romanından parça- Yunus Oğuz yazır...

Qarabağ, XVIII əsrin ortaları

Hər cığırın öz xüsusiyyəti var. İnsan da ya ömür boyu salınan cığırla gedir, bu zaman o, başqalarından fərqlənmir, ya da ilk dəfə öz cığırını, yəni öz yolunu salır, digərini də arxasınca aparır, həm də başçıya, liderə çevrilir. Hər cığırın başlanğıcı olduğu kimi, sonu da olur. İnsan doğulandan, ta ölümünə qədər bu cığırla gedir. Adam var ki, bu cığırı yola çevirə bilir, onu genişləndirir, gələcəyə bir yol qoyur. Adam da var ki, ona çəkilən cızığın içində cığırla irəliləyir, amma sonuna çata bilmir.

Dağa doğru bir cığır uzanırdı. Bir tərəfi sıldırım, digər tərəfi isə sal qayalar olan bir cığır. Bu cığır nə uzaqdan, nə də yaxından görünmürdü. Yalnız lap yaxına gəlib diqqətlə baxanda qayaların içindən, üstündən salınan bir cığır - dağkeçilərini min dörd yüz metr hündürlüyə və geniş düzənliyə çıxaran yol gözə dəyirdi. Yuxarıda üç-dörd bulaq vardı. Keçilər məhz bol otluğa və suya görə bu cığırı salmışdılar.

Bu cığırdan insanın keçməsi mümkünsüz idi. Bu cığır çox zaman dağkeçilərinin xilas yeri sayılırdı. Əgər çəpişlərdən biri anasından geri qalırdısa, o zaman çaqqal, ya da tülkü üçün yem ola bilərdi. Onda çəpiş düz kəsilmiş qayanın ortasındakı durmaq mümkün olmayan cığırda dayanır, təhlükənin sovuşmasını gözləyirdi. Çaqqal, tülkü isə onun durduğu yerə enə bilmirdi. Bir qədər gözlədikdən sonra ovun baş tutmayacağını hiss edərək çəkilib gedirdilər. O zaman bala anasının yanına qayıdırdı.

Qoca çoban dağ döşündəki iri sal daşın üstündə oturub tütək çalır, qoyun sürüsü isə arın-arxayın yamacda otlayırdı. Tütəkdən çıxan həzin musiqi, sanki onların əmin-amanlıqda olmasından xəbər verirdi. Sürünün hər tərəfində bir yekəpər it oturmuşdu. Hər təhlükəyə qarşı ayıq-sayıq idilər.Yazın ortası olsa da çoban çiynindən yapıncını çıxartmamışdı. Bilirdi ki, bu vaxtlar havalar aldadıcı olur. Gün çıxsa da havanın soyuğu torpağın üstündən çəkilməmişdi. Tüklü çoban papağı gözlərinin üstünə qədər örtülmüşdü. Adama elə gəlirdi ki, başını aşağı salıb tütək çalan bu çoban daşdı. Qara yapıncı, qara tüklü papaq onu daş adama bənzədirdi. Amma elə deyildi. O gözləri, qulaqları ilə hər hərəkəti, səsi diqqətlə izləyirdi. Hətta bu izləməni tütəkdən çıxan yanıqlı səs də dayandıra bilmirdi. Buna baxmayaraq, onun barmaqları, nəfəsi "Bayatı çobanı" ifa edirdi.

Xocalı tərəfdən iki atlı görünəndə itlər ayağa durub, səs-səsə verib hürüşdülər. Çoban tütəyini ağzından çəkdi. İndi yalnız itlərin səsi eşidilirdi. O, gözünün üstünə qədər başdığı papağı bir qədər geri çəkdi. Sağ əlini qaşlarının üstünə çətir kimi qoyub, gələnlər tərəfə diqqətlə baxdı. Atlılar getdikcə yaxınlaşırdı. Belə də bəyzadələrə oxşamırdılar, heç kasıba da bənzəmirdilər. Kasıbda olsa-olsa palansız eşşək olardı. O da yük daşımaq üçün. Bunlar isə orta təbəqənin, yəni tüccara, ya da xanın adamlarına oxşayırdılar. Əyinlərdə çuxa, altdan qırmızı köynək, ayaqlarında uzunboğaz çəkmə, birinin başında quzu dərisindən buxara papağı, digərində isə çalma vardı. Çalmanın ucunu sol tərəfdən ürəyinin üstünə qədər uzatmışdı. Hər ikisi qurşağına xəncər taxmışdı.

Çoban ayağa durub itlərə acıqlandı:

- Kəsin səsinizi, çər dəymişlər. Bir mafal verin, görüm gələn kimlərdir.

İtlər sahibin acıqlı səsini eşidən kimi kiridilər, amma çox uzağa getmədilər. Üçü sağda, solda, biri isə düz çobanın yanında oturdu, sanki gələnlər çobana hücum edəcəkdilər.

Atlılar kişiyə yaxınlaşanda o, bir də diqqətlə hər ikisinin üz cizgilərinə baxdı. Gözlərinə inanmadı.

- Bunlar ki,.. - ürəyi əsməyə başladı, boğazı qurudu, dili topuq vurdu, sözlər yadından çıxdı. Birtəhər özünü ələ alıb güclə dilləndi: - Bu ki, bizim xan Pənahəlidir, yanındakı da Tuğun məliyi Yeqan.

Haşiyə: Qarabağda xristian türklər özlərini alban adlandırırdılar. Dini fərqlilik olsa da, qalan məsələlərdə müsəlmanlardan heç nə ilə fərqlənmirdilər. Bu ərazilərdə xristian türklərin beş məlikliyi vardı və beşi bir yerdə "Xəmsə" adlanırdı. Onlar Qarabağ xanına tabe idilər. Dilləri də eyni idi. Hamı türkcə danışırdı, çünki başqa dinə mənsub olsalar da, başqa dilləri yox idi. Yalnız 1828-ci ildə Rus-Qacar müharibəsində məğlub olan qacarlar biabırçı Türkməncay müqaviləsini bağladılar. Bu müqaviləyə əsasən Araz çayının sol sahili, həmçinin İrəvan, Lənkəran, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Şəki, Gəncə, Bakı xanlıqları Rusiyanın tabeliyinə keçdi. Bu müqavilədə göstərilirdi ki, Osmanlı, Qacar ərazilərində yaşayan ermənilər bu ərazilərə, əsasən də Qarabağa köçürülürlər. Bu müqavilədən səkkiz il sonra, yəni 1836-cı ildə Rusiya çarının əmrilə bu ərazilərdə mövcud olan alban kilsələri erməni kilsələrinə tabe edildi. Yalnız bundan sonra albanların erməniləşməsi və assimilyasiyası başladı. Amma hələ XIX əsrə çox qalmışdı...

Çoban əlindəki tütəyi qurşağına basıb, sağ əlini ürəyinin üstünə qoyub baş əydi və dilləndi:

- Qədəmlərinə qurban olum, xan, qədəmlərin mübarək! - Üzünü məlik Yeqana tutdu. - Sən də xoş gəlmisən, Tuğ məliyi!

Pənahəli xan bir anlıq tutuldu. Qiyafətlərini dəyişsələr də, çoban onları tanımışdı. Odur ki, daha o yan-bu yan etmədi. Salamlaşdı:

- Sənin də hər vaxtın xeyir, çoban qardaş... Bizi necə oldu tanıdın? Yanımızda ordumuz yox, əsgərimiz yox. İki nəfər atlarına minib müşayiətsiz buralara gəlib çıxıb. Vəzir-vəkil, əyan-əşrəf də bizimlə deyil.

Çoban gülümsünərək cavab verdi:

- Necə tanımayım, xan, qurban olduğum? Şəki xanı Hacı Çələbilə Bayat qalasında döyüşdən sonra məşhur olmusan. İndi hamı səndən danışır. Ona elə bir dərs verdin ki, qayıdıb çəkildi "Gələrsən-görərsən" qalasına. Bir də, böyük oğlum sənin qulluğundadır. Hərdən evə gələndə səndən xeyli danışır, üzünün cizgilərini təsvir edir. Ondan tanıdım, qurban olduğumu.

Onlar düşərək gəlib çobanın qənşərində dayandılar.

"Belə ağır vaxtda rəiyyətin məni tanıması yaxşı haldı. - Bunu ürəyində fikirləşdi. - Amma sabah Məhəmməd Həsən xan Qacar arxamca casus, yaxud qatil göndərsə necə olacaq? Gərəkdir ayıq-sayıq olum. Bu iki nəfərlik gəzintilərə son qoyum. Qarşıma bu çoban yox, yüz nəfərlik düşmən dəstəsi çıxsaydı neyləyərdim? Əgər bu dəstə buralara qədər gəlib çıxardısa, demək yerli adamlardan kimsə onlara bələdçilik edib. O da məni tanıya bilərdi".

Xan gülümsünüb çobana dedi:

- Əvvəlcə özünün adını, sonra isə oğlunun adını söylə.

Çoban ona atalar məsəlilə cavab verdi:

- Yaxşı ad dövlətdir! Bizim adımızdan savayı bir şeyimiz yoxdur, qurban olduğum! Mənim adım Nəsrəddindir, amma, - gülümsündü, - o Molla Nəsrəddinə heç bir dəxlim yoxdur. Böyük oğlumun adı isə Muraddır. O da ki, yel əsəndə yellənər, yol görəndə yollanar. Babasının peşəsini atıb, getdi sənin qulluğuna.

Xan baxdı ki, qarşısındakı çoban da olsa adam müdrik danışır. O da söhbəti atalar məsəlilə davam etdirdi:

- Yazılmayan kitabı vərəqləməzlər. - Onun oğlunu yadına salmağa çalışdı. Dərhal da xatırladı. Bayat qalasının müdafiəsində fərasətinə və diribaşlığına görə hamıdan seçilən biri vardı. Sonradan adını soruşanda Murad demişdi. - Nəsrəddin kişi, sənin oğlun indi tarix yazır. Onu xatırladım. Fərasətlidir. Deməli, oğlun da elə sənə oxşayır. Qəşəng atmacaları var.

Oğlunun xan tərəfindən təriflənməsindən razı qalan çobanın üzü güldü:

- Yola bələd olan büdrəməz, xan! Sənin başın qalda olanda Murada dedim ki, xanımızın başı dərddədir. Sən buraların hər künc-bucağına yaxşı bələdsən, dur get xanın qulluğuna. Bəlkə ona lazım oldun. Onun həm də yaxşı at çapmağı, qılınc çalmağı var. O gedən oldu, daha gəlmək istəmədi.

Pənahəli xan razılıq etdi:

- Sağ ol, Nəsrəddin kişi! Biz yola çıxmışıq. İndi Qarabağ xanlığımızı gücləndirmək istəyirik. Necə deyirlər? Yürüyən yıxılmağına baxmaz. İndi biz yıxılsaq da, ayağa dururuq, yolumuza davam edirik. - O, məlik Yeqana baxdı, sonra əlini yuxarı - dördkünc qaya kimi duran dağa uzatdı. - Sən buraları qarış-qarış tanıdığından məsləhətin lazımdır bizə.

Məlik Yeqan onun sözlərini təsdiqlədi:

- Düz buyurursan, xan həzrətləri! Mən bu Nəsrəddin kişini Tuğdan tanıyıram. Hərdən biz tərəflərə satmağa heyvan gətirir, həm də bazarlıq eləyir. Ağıllı söhbətinə görə biz tərəflərdə də onu sayıb seçirlər, ağıllı məsləhətləri hər evdə onun hörmətini qaldırır, qonaq çağırırlar, gecəni onlarda qalmasını istəyirlər.

Çoban yenə müdrikliyindən qalmadı:

- Köhnə yurdun qədrini düşən yurdda bilərlər, - dedi. - Deyəsən, qurban olduğumun könlünə təzə yurd salmaq düşüb.

Xan gördü ki, Nəsrəddin kişi onun fikirlərini oxuyur. Barmaqlarını şaqqıldadıb dilləndi:

- Görürəm, ürəyimdən keçənləri oxuyursan. Elədir, amma təzə yurd axtarmıram. Təzə paytaxt tikmək istəyirəm. Yurda gəldikdə isə bütün Azərbaycan mənim yurdumdur. Hökmüm çatan torpaqlar isə Qarabağdır. -Ah çəkdi. - Nadir şahdan sonra məmləkətin içi qarışıb. Əvvəl şahın tayfası içində tac uğrunda müharibə başladı. Şahı devirən qardaşı oğlu Adil şahı da öz qardaşı devirdi, ona qarşı çıxdı. İndi ölkədə hərc-mərclikdir. Xorasan da Nadir şahın qardaşı oğlu Adil şah tərəfindən gözü çıxarılan nəvəsi Şahruh, Şirazda Kərim xan Zənd, Astrabadda Məhəmməd Həsən xan Qacar, Urmiyyədə Fətəli xan Avşar şahlıq fikrinə düşüblər. Hamısı da namə yazıb ayrılıqda onlara qoşulmağımı təklif edir, hədələyirlər. Mən də düşünürəm ki, bilmirsən hansı üstünlük qazanacaq. Gələn xəbərlər də elə qarmaqarışıqdır ki, adam çaş-baş qalır. Bir dəfə o bunu üstələyir, gələn dəfə bu onu. - Səsinə ötkəmlik verib davam etdi. - Mən də düşünüb- daşındım. Şahbulaq qalasında uzunmüddətli müharibə aparmaq yetərli deyil. Əgər o qalanı uzun müddət mühasirəyə alsalar heç üç ay dözə bilmərik. - Əli ilə başının üstündəki dördkünc sıldırımlı qayaları göstərdi. -Mənə dedilər ki, yeni paytaxtın burada salınması çox məqsədəuyğundur. Necə deyərlər, göz yumulub açılınca fürsət əldən gedər. İndi lazımdır ki, bu fürsəti əldən verməyim. Bax, vəziyyət belədir.

Çoban əvvəlcə xana, sonra isə məliyə diqqətlə baxıb dilləndi:

- Gün altında yatmayan kölgənin qədrini bilməz. Əgər camaatının gələcəyini, dərdini fikirləşmirsənsə, xanın çobandan nə fərqi qaldı? Çox düzgün gəlmisən, qurban olduğum. - Başını qaldırıb yenicə dördkünc qayanın üstündə toplaşan ağ buludlara baxıb əlavə etdi. - Seçimin həqiqətən çox düzgündür. Bura bulud gəlsə yağış, quş gəlsə qanad salar, düşmən gəlsə peşman qayıdar.

Məlik Yeqan o yerləri gəzmişdi deyə, çobanın sözlərini təsdiqlədi:

- Nəsrəddin kişi çox düz buyurur, xan həzrətləri! Dediyində nə bir artıqlıq var, nə də əskiklik. - Ha istədi bir məsəl salsın yadına, alınmadı. Ürəyində yaddaşını söydü.

Pənahəli xan isə çobanın bu sözündən xoşhal oldu. O, nəhayət istədiyi yeri tapmışdı. Bilirdi ki, möhkəm qala-şəhər, möhkəm hakimiyyət, mərkəzdən idarə etmək deməkdir.

Bu zaman onların başı üstündə süzən qartal qıy çəkdi. Xan başını qaldırıb qartala baxdı. Bilirdi ki, qartal qıy vuranda ova çıxmayıb, qarnı toxdur. Əgər ova çıxanda qıy vurarsa, şikarını qaçırmış olar. Qanadlarını tam açmış quşa baxa-baxa çobandan soruşdu:

- Bəs, o yerlərdə bir tikili, su mənbəyi varmı?

Nəsrəddin kişi də xanın ardınca başını qaldırıb göydə süzən qartala baxdı, amma cavabından da qalmadı:

- Var, qurban olduğum! Qazan xandan bir keşikçi qülləsi qalmışdı, adına "Şuşa" deyirdilər, indi dağılıb. O qüllədən dörd-beş ağac* yol, gələn-gedən görünürdü. Su mənbəyi də boldur. Dörd-beş bulağı var.

Haşiyə. Qazan xan hülaki elxanı (1295-1304) (hökmdarı) Arqun xanın oğludur. 1295-ci ildə Qarabağda elxan seçilir və hülakilər içində islamı qəbul edən ilk hökmdar olur. Müsəlman olduqdan sonra Mahmud Qazan xan adını özünə götürür. Qazan xan həm də bir ucu şərqdə, bir ucu qərbdə dayanan böyük dövlətdə islahatçı hökmdar kimi tanınır. Belə ki, o elxan seçildikdən sonra torpaq, vergi, məhkəmə, rabitə, pul islahatları apardı.

Pənahəli xan onun cavabından məmnun qaldı. Daha bir sual verdi:

- Nəsrəddin kişi, şəhəri tikdik, alınmaz qalaya çevirdik. "Şuşa" sözü də xoşuma gəldi, lap adını da qoyduq "Şuşa". Bəs birdən yağı şəhəri mühasirəyə aldı. Düşmənə qəfil zərbə vurmaq, yaxud əhalini təhlükəsiz yerə çıxartmaq üçün yuxarıdan aşağıya lağım atmaq mümkündürmü?

Çoban məlik Yeqana baxdı:

- Qoy bu suala məlik cavab versin. Mən biləni, o bura neçə dəfə gəlib, çadır qurub, özü ilə oxuyanlar gətirib. Ordan da düşüblər İsa bulağında kef məclisi açıblar.

Çobanın onun haqqında ətraflı bilgi verməsi Məlik Yeqanın özünü də təəccübləndirdi. Xalqın gözü, doğrudan da, tərəzidir. Hər şeyi görür, eşidir və ölçür. Elə fikirləşə-fikirləşə də cavab verdi:

- Nəsrəddin kişi düz deyir, xan həzrətləri! Bu yerlərdə bir neçə dəfə olmuşam. Bir dəfə də o yuxarıdakı yerləri sənə təsvir etmişəm. Buralarda ceyran, maral dırnaq salar. Bu qayalıqda lağım atmaq mümkün deyil. Bu bir tərəfdən yaxşıdır, digər tərəfdən heç də yaxşı deyil.

Xan maraqla məliyə baxdı:

- Nə yaxşıdır? - deyə soruşdu. Bilirdi ki, Yeqan bir şeyi deyirsə, deməli, yüz dəfə ölçür, bir dəfə biçir. - Nə pisdir?

Məlik Yeqan əli ilə qayalıqları göstərib cavab verdi:

- Yaxşı odur ki, xan həzrətləri, düşmən Şuşanı - onun dilindən istəmədən tikiləcək şəhərin adı çıxdı - mühasirəyə alsa, lağım atıb qalanın bünövrəsini barıtla partlada, odla yandıra bilməyəcək. Deməli, əgər qalada ərzağımız, suyumuz bol olacaqsa düşmən bundan sarsılacaq, mühasirə uzandıqca onların əsgərləri ruhdan düşəcək. Sonra da çəkilib gedəcəklər. Pis odur ki, bizim özümüz də düşmən gedənə qədər heç hara çıxa bilməyəcəyik. Düşmənə nə qəfil hücum edə biləcəyik, nə də əhalinin köçürülməsi olacaq. Vəziyyət bax belədir.

Xan çobana baxdı:

- Bundan çıxış yolu varmı? - Ümidsiz sual verdi. Məliyin dediyi ağlına batmışdı. Əgər uzun müddətə mühasirədə qalsalar, əlləri bir yerə çatmayacaq, nə də qəfil hücumlar edə biləcəklər.

Onu bu ümidsizlikdən çoban çıxartdı:

- Özünü dağa-daşa vurma, qurban olduğum! Hər dərdin bir dərmanı var. Dəmir nəmdən, insan qəmdən çürüyər.

Pənahəli xanın gözlərinə elə bil işıq gəldi. Baxdı ki, bu çoban onun bilmədiyi şeyləri bilir. Odur ki, səsinə nikbinlik verdi:

- Bəs mənim dediyim nədir? Bilirsən, aclıq qurdu meşədən çıxarar. -Çoban razılıq əlaməti olaraq başını yellədi. - Aclıq olarsa, qorxaqlıq yayılar. Bir qorxaq da ordunun düzənini pozar. Nəsrəddin kişi, axı sən nəsə bilirsən?

- Hə, bilirəm...

Onun sözünü itlərin hürüşməsi kəsdi. Xocalı tərəfdən bir bölük atlı gəlirdi.

Çoban yenə itlərə təpindi:

- Ə, kiriyin, bir görək kim gəlib, niyə gəlib? - Dönüb xana baxdı. -Deyəsən, gələnlər sənlikdir, qurban olduğum!

Doğrudan da, gələnlər xanın əsgərləri idi, qabaqda da kiçik oğlu Mehralı.

İtlər də sakitləşib yerlərinə çəkildilər, amma gözlərini gələnlərdən ayırmadılar.

Atlılar onlara çatan kimi atlardan düşüb sıra düzdülər. Mehralı isə tələsik xana yaxınlaşdı:

- Şükür Allaha ki, sizi tapdıq, xan, - dedi, - səhər tezdən Şahbulaqda səni görməyəndə ağlımıza min fikir gəldi. Nökərdən soruşuruq ki, xan hara getdi? Deyir, bilmirəm. Məlik Yeqanla əyinlərini dəyişib yola çıxdı. Bir bölük əsgəri də Bayat qalasına göndərdim. - Çevrilib əsgərlərdən birini çağırdı. -Murad.

Bu, çobanın oğlu Murad idi. Murad gördü ki, atası da burdadır. Onlara yaxınlaşanda xanın zəhmindən hamı ilə, hətta atası ilə quru salamlaşdı.

- Salamuəleyküm! Bəli, bəy.

Xan boylu-buxunlu Muradı bir qədər süzdü. Ürəyində "yaxşıdır" - dedi. Əmr etsəm, qurdun da üstünə tullanar. Onun quru salamı da xoşuna gəldi. Uzun müddətdir atasını görmədiyinə baxmayaraq üstünə yüyürüb heç qucaqlamadı da. Məndən ayıb etdi. Əsgəri məhz belə yetişdirmək lazımdır. Amma xan danışmadı, oğlu əgər onu çağırıbsa, deməli, hansısa tapşırığı verəcək. Mehralı isə Muradın çobanın oğlu olmasını bilmirdi. Hökmlü səslə əmr verdi:

- Atını min, Bayat qalasına tərəf çap. Həziquluya söylə ki, daha rahatsız olmasınlar, xan burdadır. - Atasından soruşdu. - Qalaya bir ismarışın varmı, xan? Deyirəm, gedirsə, əmrin varsa onu da çatdırsın. Oğlunun diribaşlığından, dərhal düzgün qərar verməsindən məmnun qaldı.

- Yox, - dedi, - ismarışımı, əmrimi dünən göndərmişəm. Gedə bilərsən, Murad.

Murad gözünün ucu ilə atasına baxdı. Atası yüngülcə başını tərpətməklə kifayətləndi. O, "baş üstə"deyib mürəxxəs oldu, atına çatan kimi ayağını üzəngiyə qoymadan hoppanıb yəhərin üstündə oturdu. Üzənginin sol hissəsini özünə tərəf çəkib çəkməsinin dabanı ilə atı mahmızladı.

- Hə, uç görüm, - deyə qışqırdı.

At yerindən götürüldü. Muradın ata oturması, at sürməsi xanın xoşuna gəldi, hər adam atın üstündə belə düz oturmur. Nədənsə, onu bəyənmişdi.

Bəlkə atasının belə müdrik danışdığına görə, hələ bilmirdi. Onu fikirdən oğlu ayırdı:

- Buralarda xeyir olsun, xan?

- Xeyirdir, Mehralı bəy, xeyirdir. - Gülümsəyərək çobanı göstərdi. -Nəsrəddin kişi ilə yeni paytaxtımızın məskənini müzakirə edirik.

Mehralı bayaqdan onların yanında əzəmətlə duran çobanı başdan-ayağa süzdü, nədənsə, sifətində inamsızlıq göründü. Fikirləşdi ki, ay ata, nə vaxtdan kasıb-kusub sənə yeni məskən göstərən olub? Amma fikirləşdiyini dilinə gətirmədi. Əvəzində başqa söz dedi:

- Nə yeni məskən, bəs bunu biz niyə bilmirik? Deyərdin, bölüyümü də götürüb düşərdim dağlara, daşlara. Yeddi gün keçməzdi, sənə ən yaxşı xəbərləri gətirərdim. Sonra da gedib birlikdə bir neçə məskənə baxardıq.

Xan oğlunun çobana inamsız baxdığını sezmişdi, deyəsən, bunu çobanın özü də hiss etdi. Odur ki, ona yaxınlaşıb əlini çiyninə qoydu.

- Elə bizə Nəsrəddin kişi kimi müdrik adamlar lazımdır. Bilirsənmi, bunun sinəsi nə qədər kəlamlarla doludur? Öyrən, Mehralı bəy, öyrən. Nə təhər deyiblər: "Qazanda nə varsa yeyilər gedər, sinədə nə varsa üstünə gələr". Sənə ona görə demədik ki, sənin əsas işin Şahbulaq qalasının sərdarlığını etməkdir. Paytaxt seçmək isə xana aiddir. Çobanın isə ayağının patavalı olmasına baxma, yeni məskən salmaq üçün o qədər lazımi məlumatlar verdi ki, mən məlik Yeqanla bundan yalnız məmnun qaldıq.

Mehralı başa düşdü ki, atası həm onun fikirlərini oxuyur, həm də ona irad tutur. Səhvini düzəltmək üçün dilləndi:

- Əlbəttə, xanımız bilən məsləhətdir. O, nə əmr edərsə, boynumuzun borcudur ki, onu müzakirəsiz yerinə yetirək.

Pənahəli xan onun bu cavabından razı qaldı. Sevindi ki, oğlu Mehralıya düzgün təlim-tərbiyə verib. Eyhamları, atmacaları yerindəcə başa düşür. Odur ki, daha dərinə getmədi. Çobanla bayaqkı söhbətə qayıtdı:

- Nəsrəddin kişi, dedin ki, bunun da bir əncamı var, yəni şəhərin mühasirəsi haqqında söhbətimizə qayıdıram. Bunun çıxış yolu varmı?

Bayaqdan bütün olanları seyr edən çoban bircə kəlmə də ağzından söz çıxartmamışdı. Hətta oğlu Muradı da görəndə az qalmışdı üstünə atılıb bağrına bassın, nisgilini söndürsün. Etmədi. Xanın yanında ədəb və ərkanını göstərdi. Hətta Mehralının da ona inamsız baxmasını hiss etdi. Susmağa üstünlük verdi. O, nə isə düşündü, sonra xana cavab verdi.

- Cıxış yolu var, qurban olduğum! Əlbəttə, var. Necə deyərlər, məsləhətlə atılan daş uzaq gedər. Pənahəli xan başa düşdü ki, çoban Mehralının ona inamsız baxmasını hiss edib, bəlkə də, ürəyində küsüb. Onun könlünü almaq istədi:

- Nəsrəddin kişi, mıx da əyiləndə onu düzəldərlər. Belə şeyləri çox da ürəyinə salma. Çıxış yolunun var olmasını dedin, məni sevindirdin. De görüm çıxış yolu hardadır?

Onların üstüörtülü söhbətlərindən nə Mehralı, nə də məlik Yeqan bir şey başa düşmədi. Matdım-matdım hər ikisinin nə demək istədiklərini anlamağa çalışırdılar, amma susmağa üstünlük verdilər. Çobansa başa düşdü ki, xan məsəllərlə oğluna nəsihət verdiyini izah edirdi. O da çox dərinə getmədi. Düşündü ki, bu yolu xana necə göstərim? Başqaları bilsə, insan çiy süd əmib, yağı gəlib buraları mühasirəyə alsa sirr açılar. Sirri bir, ya bir neçə nəfər bilər. Sirri hamı biləcəksə, daha bu sirr deyil. Düşünüb- daşındıqdan sonra dilləndi:

- Ağız torba deyil ki, büzəsən, qurban olduğum! Sən belə eylə, atlılarını götür qalxın yuxarı. Oraları bir-bir gəzin, götür-qoy edin. Mən də özümü dabanbasma sizə çatdıracam.

Xan başa düşdü ki, çoban hamının yanında bu sirri açmaq istəmir. Ürəyində ona "afərin" dedi. Dərhal əmr verdi:

- Daha vaxt itirməyək. Atlanın, yuxarı qalxırıq.

Nəsrəddin kişi bilirdi ki, atlılar yoxuşu ən azı üç-dörd saata qalxacaqlar. Cığırla isə o yuxarı daha tez çatacaq.

Yoxusu qalxanlardan Yeqan və xan atlarını bərabər sürür, onlardan arxada Mehralı, lap axırda isə süvarilər gəlirdi. Yuxarı qalxdıqca uzaqdan Daşaltı kəndi ovuc içində qalırdı. Pənahəli xan danışmırdı. Ətrafı diqqətlə izləyirdi. Arxadakı dağlara, meşələrə baxır, hündürlükdən uzaqları seyr edə bilirdi. Təbiət buranı sanki səngər yaratmışdı. Bu onu çox məmnun edirdi. Ürəyində isə salınacaq şəhərin küçələrini, tikilən evləri, məscidləri, imarətləri xəyalən təsəvvürünə gətirirdi. Nəhayət, atlılar yoxuşu qalxıb dayandılar. Onların qarşısında təsvir olunmayan bir gözəllik, bir düzəngah açıldı. Hamı heyrətdə idi. Xan özü bu gözəlliyin əsirinə çevrilmişdi, deməyə söz tapmırdı. Yazın ortası olmasına baxmayaraq, buralar soyuq idi. O, daha atla getmək istəmədi, fikirləşdi ki, bu yerləri qarış-qarış gəzsin, hər daşı, hər kolu yaddaşında saxlasın, tikəcəyi şəhərin hər addımına bələd olsun. Yaşı əllini keçməsinə baxmayaraq çevik hərəkətlə atının üzəngisini ikiəlli çəkdi. At himə bəndmiş kimi, sanki yerə mıxlandı. O, sağ ayağını üzəngidən ayırıb yerə tullandı və iri addımlarla bu gözəlliyi, düzəngahı dolaşmağa başladı. Süvarilər də atlarından düşüb xanın arxasınca irəlilədilər. Bu düzəngah şimalda yerləşən Şuşa kəndinin yaylaq və otlağı hesab olunurdu. Pənahəli xan, əgər burada şəhər salmaq fikrinə düşərdisə, deməli, kənd əhlinə yeni otlaq və yaylaq yeri ayırmalı idi. Buraların sahibi o olduğu üçün, düşünürdü ki, bunun heç bir çətinliyi olmayacaq.

Bir qədər də getdilər. Qarşılarına əyər-əskiyi olmayan bir düzəngah çıxdı. Xan ürəyində fikirləşdi ki, bura əsgərlərimin və süvarilərimin məşqi üçün əla yerdir. Sonralar bura "Cıdır düzü" adlandırılacaqdır.

Onlar bir qədər də irəli getdilər. Sıldırımlı qayalara çatanda gördülər ki, daşın üstündə aşağıda qoyub gəldikləri çoban oturub. Xan əlini qaldırdı ki, daha arxamca heç kim gəlməsin. Çobanın burada oturub onları gözləməsi xanı çox təəccübləndirmişdi. Xan ona yaxınlaşdı. Çoban hənirtini hiss edən kimi ayağa durdu.

Pənahəli xan maraq dolu təəccüblə soruşdu:

- Nəsrəddin kişi! Sən bura bizdən qabaq necə gəlib çıxdın, özü də piyada?

Çoban onun təəccübünə atalar məsəlilə cavab verdi:

- Ayaq yeriməsə ləpir düşməz, qurban olduğum! Bayaq sənə dedim axı, çıxış yolu var. Bu yolu heç kim bilmir, dağkeçilərindən başqa. Onların da dili-ağzı yox. - Amiranə dilləndi. - Gəl arxamca, qurban olduğum! Bu sirri yalnız bir neçə nəfər bilməlidir, yoxsa gələcəkdə tikəcəyin şəhər çox keçməz bərbad olar. Hər ikisi daha yetmiş metr sola hərəkət etdilər. Sal qayanın üstünə çatıb dayandılar. Çoban aralıda aşağı düşən cığırı göstərdi, üzünü xana tutub dedi:

- Siz yoxuşla qalxanda, mən də bu cığırla bura gəldim. Ona görə sizdən tez çatdım. Xan əyilib aşağı baxanda gözləri qaraldı, az qaldı qayanın üstündən aşağı yuvarlansın, çünki başı gicəllənmişdi. Çoban vaxtında onun çuxasının ətəyindən tutub geri çəkməsəydi, bəlkə də elə olacaqdı:

- Qurban olduğum, bir az ehtiyatlı ol! Bura sənin üçün Şahbulaq qalası deyil.

Bir qədər keçdikdən sonra xan özünə gəlib bir də aşağı baxdı və ondan soruşdu:

- Buralardan düşmək lazımdır?

- Həm də qalxmaq lazımdır, qurban olduğum!

Xan daha bir sual verdi:

- Bu cığırın yolunu səndən başqa kim bilir?

Çoban başa düşdü ki, xan nəyə eyham edir. Cavabını verdi:

- Böyük oğlum Muraddan başqa heç kim bilmir.

Xan bu cavabdan razı qaldı.

- Belədirsə, mən bu cığırın adına "Nəsrəddin cığırı" deyəcəm. Sabah tezdən məni aşağıda gözlə. İstəyirəm bura birlikdə qalxaq...

* - bir ağac yeddi kilometr hesab olunurdu.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ