SON DƏQİQƏ

Hamı ekspert olanda

Tarix:

Bu gün, 08:47

/ 5 679 dəfə oxundu.
Hamı ekspert olanda

İLAHƏ ALLAHVERDİYEVA yazır

Bir vaxtlar insan bilmədiyi məsələdə susardı. Hətta bilmədiyini etiraf etməyin özü də bir mədəniyyət sayılardı. Kəndin bir ağsaqqalı, məhəllənin bir sözü keçən adamı olardı; camaat hansısa məsələdə tərəddüd edəndə gedib onun fikrini soruşardı. İndi isə vəziyyət tamam başqadır. İndi heç kim heç kimdən nəsə öyrənmək istəmir. Çünki çoxları elə düşünür ki, həyatın da, dünyanın da ən doğru cavabı artıq özündədir.
 Sosial şəbəkəyə girən kimi adam qəribə bir mənzərənin içinə düşür. Elə bil hər kəsə görünməz diplom paylayıblar. Dünən futbol barədə mübahisə edən adam bu gün geosiyasəti təhlil edir, sabah isə psixologiyadan məsləhət verir. Mövzular dəyişir, amma insanların özünəinamı zərrə qədər də dəyişmir. Elə rahat danışırlar ki, adam bir anlıq fikirləşir: əgər hər şeyin cavabını bu qədər yaxşı bilirdiksə, bəs niyə hələ də ən sadə məsələlərdə bir-birimizi başa düşə bilmirik?
Ən maraqlısı isə budur ki, bu “ekspertlərin” çoxu danışdıqları mövzularla həyatın içində heç vaxt üz-üzə gəlməyiblər. Amma internet insana qəribə bir cəsarət verir. Adam telefonda sadə bir proqramı işlətməkdə çətinlik çəkdiyi halda çıxıb süni intellektin gələcəyindən danışır. Özü də elə bir əminliklə danışır ki, sanki dünya alimləri illərdir onun fikrini gözləyirmiş.
 Bir dəfə belə “analitiklərdən” biri canlı yayım açmışdı. Söhbət bazardakı pomidorun qiymətindən başladı. Adam elə bilirdi mövzu alverdən, dolanışıqdan uzağa getməz. Amma bir neçə dəqiqə sonra söhbət gəlib dünyanın siyasi düzəninə çıxdı. Pomidordan kosmosa gedən yol ilk dəfə idi ki, bu qədər qısa görünürdü. Fikrin harada başlayıb harada bitdiyi bilinmirdi, amma danışan adam hər dəfə cümləsi ilişəndə başını yavaşca yelləyib deyirdi: — Bunlar təsadüfi məsələlər deyil...
O cümlə də son illərin ən rahat sığınacağına çevrilib. Mövzu əlindən qaçanda da köməyə çatır, fikir qurtaranda da.
 Əvvəllər insanlar kitab oxuyub düşünərdi, sonra danışardı. İndi isə çoxu əvvəl danışır, sonra nə dediyini özü də anlamağa çalışır. Sosial şəbəkədə biri yeni bir termin işlətdisə, bir həftə keçməmiş hamı onu təkrarlayır. Dünən “algoritm” sözünü düzgün yaza bilməyən adam bu gün informasiya müharibəsinin görünməyən tərəflərindən danışır. Hələ araya bir neçə xarici söz də qatır ki, dedikləri bir az da sanballı səslənsin. Oxuyan da tam başa düşməsə belə, ehtiyat edib yazır: — Çox güclü analizdir...
 Keçən gün sosial şəbəkədə biri uzun bir status paylaşmışdı: — Cəmiyyət mənəvi tənəzzül yaşayır.
Statusun özündən çox, altındakı heyranlıq maraqlı idi. Hamı elə yazırdı ki, sanki qarşılarında böyük bir mütəfəkkir dayanıb: — Çox savadlı yanaşmadır. — Əsl ziyalı sözü budur.
Adam o rəyləri oxuduqca düşünürdü ki, görünür, artıq fikrin dərinliyindən çox, cümlənin ağır səslənməsi vacib sayılır. 
 Əslində isə ortada qəribə bir mənzərə yaranıb. Hamı danışır, amma heç kim dinləmir. Hamı öyrədir, amma öyrənmək istəyən azdır. Sosial şəbəkə get-gedə böyük bir meydana çevrilib; hərənin əlində görünməz mikrofon var və hamı eyni anda danışdığı üçün heç kimin səsi bir-birinə çatmır.
 Ən qəribəsi də budur ki, həqiqətən bilgili adamlar çox vaxt sakit qalırlar. Çünki bilən insan hər mövzuda danışmağın məsuliyyətini anlayır. O bilir ki, bilmədiyi yerdə dayanmaq ayıb deyil. Amma bizim “hazır ekspertlər” üçün susmaq sanki məğlubiyyət kimidir. Mütləq nəsə deməlidirlər. Mövzu barədə məlumatları olmasa belə. Və deyəsən, biz yavaş-yavaş elə bir dövrə gəlib çatmışıq ki, artıq insanların nə qədər bildiyini yox, nə qədər arxayın danışdığını ölçürük.Kim daha çox anlaşılmaz söz işlətdisə, onu daha savadlı hesab edirik.Kim fikrini bir az da sərt mimika, qalın səs və arxayın tonla dedi, ona dərhal “ekspert” möhürü vururuq. Sonra da günün sonunda telefonu kənara qoyub sakitcə fikirləşirik:Bu qədər danışanın içində niyə insanın həqiqətən qulaq asmaq istədiyi bir səs tapılmır?..
скачать dle 12.1

Şərhlər