
Sən, hey... Eşidirsən məni? Keç səssiz bir yerə, məni oxu. Özünü rahatlat, səs-küydən uzaq ol. İndi səni tamam fərqli bir aləmə aparacağam. Ola bilər ki, bu yazı səni haldan-hala salsın. Amma insan həyatı bir yerə qədər özünə təsəlli verərək yaşayır. Sonra elə bir an gəlir ki, artıq bacarmır, həqiqəti bilmək istəyir.
Beynində bəzi suallar dolaşır: “Görəsən, mən düzgün insanla münasibətdəyəm? Görəsən, mən doğru yoldayam?”
Bunu oxuduqdan sonra bəlkə də içində bir boşluq hiss edəcəksən. Amma mən sənə həqiqətin bir parçası kimi gəlməyə çalışıram. Rahatsansa, başlayaq. Tələsmədən oxu. Yaşayaraq, hiss edərək oxu.
Təsəvvür et ki, arxa fonda sakit, həzin bir piano ifa olunur. Canlandır beynində - ağlın kəsəndən bu günə qədər nələr yaşadığını. Nələri qurban vermisən, nələri qazanmısan. Bilirəm, itirdiklərinə üzüləcəksən, qazandıqlarına sevinəcəksən. Hisslərin tarazlaşır.
Əgər bu yazını oxuyursansa, deməli, qarşına təsadüfən çıxmayıb. Təsadüflərə inanma. Əmin ol ki, bu yazı sənə lazım olan bir vaxtda qarşına çıxıb.
Harada qalmışdıq? Hə, hisslərin tarazlaşmışdı. İndi isə bu tarazlığı sənin indiki halın pozacaq. Əgər yaxşısansa, nə gözəl. Əgər pissənsə, onda səninlə bir az danışmalıyıq.
Adam axtarırsan, hə? İçini tökəcək birini... Mən sənə “pis olma” demirəm. Deyə də bilmərəm. Çünki bu, səndən asılı olan bir şey deyil hər zaman. Yorğunsan və yaxud işdən gəlmisən, ya dərsdən, ya da elə burdasan.
Heç özünə sual vermisənmi: “Mən indi haradayam? Niyə beləyəm? Niyə sakitəm? Niyə çılğınam? Verdiyim qurban mənə nə verdi? Qazandıqlarım məni dəyişdirdimi?”
Bu sualların bəzilərinə, inan ki, cavab tapa bilməyəcəksən. Düşüncələrdən qaçmaq olmur, əzizim. Sənə son dəfə kim, nə vaxt “əzizim” demişdi? Onu da xatırla.
İtirdiklərinə üzülürsən, hə? Həmişə beynində o fikir dolaşır: “Bunu belə etsəydim, indi belə olmazdı...” Bilirsən də, gecdir.
Bir şeyi də unutma: bundan sonrakı addımlarında da səhv edəcəksən. Səhv etməlisən ki, nəyin doğru olduğunu anlayasan.
Bəlkə də bu gün biri səni əsəbləşdirib, gözündən salıb özünü. Ona nifrət etmə. Fikirləş ki, onun belə davranması belə sənin böyüməyinə, irəliləməyinə səbəb olur.
İndi deyəcəksən ki, “Bunları bilirəm.” Bilirsən... Amma əməl etmirsən. Bəzən kiməsə məsləhət verirsən, sonra öz içində düşünürsən: “Mən özüm bunu etmirəm, amma ona deyirəm. Qəribə adamam.”
Sakitləşdin? O pianonun həzin notları ruhuna toxunurmu? İndi o səslərin arasında özünü tapmağa çalış. Bilirəm içində bir fırtına var, amma sən kənardan baxanda bir göl qədər sakit görünürsən.
O qədər adamın içində tək qalmaq nə deməkdir, mən yaxşı bilirəm. Sənə “nəyin var?” deyəndə “heç nə, yorğunam” deyib keçdiyin anlar var ha... Bax, ən böyük qışqırıqlar bəzən o iki sözün içində gizlənir.
Sən elə bilirsən ki, hamı səni sən olduğun üçün sevir? Yoxsa qazandıqlarına, puluna, vəzifənə, gözəlliyinə görəmi yanındadırlar? Heç düşünmüsənmi, bir gün əlindəkilər ovcundan qum kimi süzülüb getsə, o “əzizim” deyən səslərin neçəsi susacaq?
İnsan qəribə varlıqdır. Sənə baxanda əslində səni yox, səndə görmək istədiyini görür. Səni beynində bir yerə qoyur. Sən oradan tərpənən kimi də səndən imtina edir.
Bəzən elə bilirsən ki, dünyanı idarə edirsən. Hər şey nəzarətindədir. Hər kəs ətrafında pərvanədir. Amma bir an gəlir, o qədər acizləşirsən ki, bircə nəfərin baxışına möhtac qalırsan. O baxış gəlməyəndə isə bütün “şahlığın” dağılır.
Demişdim axı, səhv etməkdən qorxma. Ən böyük səhvi biz dəyəri yanlış yerdə axtaranda edirik. Biz dəyəri öz içimizdə yox, başqalarının dodağından çıxan iki kəlmədə axtarırıq. Onlar “yaxşısan” deyəndə ucalırıq, “pissən” deyəndə yerlə bir oluruq.
İndi gələk ən acı həqiqətə...
Sən özünü nə qədər uca görsən də, nə qədər mükəmməl olmağa çalışsan da, bu həyatın amansız bir tərəzisi var. Sən öz tərəzində özünü dağ boyda görə bilərsən, amma həqiqət bəzən tamam başqadır.
İnsan bu dünyada qarşındakı üçün nə qədərdirsə, çox vaxt elə o qədərdir. Bəli, bu qədər sadə və bu qədər qəddar. İstəyirsən şah ol, istəyirsən var-dövlətin yerə-göyə sığmasın, istəyirsən elə gözəlliyin olsun ki, bütün gözlər sənə dikilsin... Hamısı keçicidir.
Əgər bir insanın qəlbində, onun balaca dünyasında sənə yer yoxdursa, deməli, sənin bütün ucalığın orada bitir.
Sən qarşındakı üçün nə qədərsənsə, bir tərəfdən o qədərsən...
İndi de görüm- sən kimin tərəzisində çəkilmək üçün bu ömrü xərcləyirsən?
Yusif Əhmədzadə
Jurnalistika ixtisası üzrə I kurs tələbəsi































