SON DƏQİQƏ

TAYQULAQLAR ÖLKƏSİ

Tarix:

13-04-2023, 21:24

/ 2 420 dəfə oxundu.
TAYQULAQLAR  ÖLKƏSİ

                                                              AĞALAR  İDRİSOĞLU

                                         (hekayə)

 

Dünyanın ən axarlı-baxarlı, torpağının altı da, üstü də böyük sərvət olan  Masal adlı ölkəsinə Böyük Yaradan bütün nemətləri versə də, amma həmin ölkənin adamlarını bir şeylə zəlil eləmişdi. Bu ölkəyə çox əzazil, qaniçən bir hökmdar bəxş eləmişdi. Bu ölkədə yaşayan ulular bu cənnətməkan yerə Masal adı vermişdilər. Yəni nağıl, axar-baxarlı, cənnətməkan ölkə. Amma bu hökmdarın vaxtında Masal olmuşdu ən qorxulu, ən bədbəxt bir ölkə. Çünki hökmdar əsəbləşəndə ayrı-ayrı rənglərdə olan hər iki gözü elə bil ki, alov saçırdı. Rəngi tam bilinməyən sifəti çox eybəcər bir hala düşürdü. Deməli, həmin vaxtı kimsə hökmən asılmalı və ya öldürülməli idi. Hökmdarın da hər gün demək olar ki, gözləri ən azından iyirmi-otuz dəfə belə alov saçır və sifəti də elə o qədər rəngini dəyişidi. Buna görə adamlar qorxudan evlərindən bayıra çıxmırdılar ki, hökmdar onları görüb, o dünyaya göndərər...

Bir gün hökmdar saraydakı şəxsi dəlləyinin  yanında saçını qırxdırır və saqqalının tükünü azaltdırırdı. Bu vaxt  baş vəzir gəlib dedi:

- Hökmdar sağ olsun. Sarayın yanından beş qadın keçir və əllərilə sarayı göstərib, yanlarında olan uşaqlarına nə isə deyib, gülürlər. Sonra da sarayın qarşısında asılmış sizin böyük, nəhəng  portretinizə yaxınlaşıb, gah sağdan, gah soldan portretə baxdılar. Sonra dodaqlarının altında nə isə dedyib getdilər.

- Nə dedilər?

- Hökmdar sağ olsun, eşitmədim. Amma ağızlarını açmaqlarından başa düşdüm ki, nə isə yaxşı söz demədilər... Çünki sizin portretə baxıb, uşaqlarının və özlərinin əyinlərindəki cırıq paltarları və əllərində tutduqları bir tikə çörəyi göstərirdilər...

- Dedin neçə qadındı?

- Beş qadın və on uşaq.

- Hamısı asılsın!

Dəlləyin yadına düşdü ki, bu beş qadından dördü onun bacıları və biri isə arvadıdır. Onlar bura ona görə  gəliblər ki, dəllək pul versin və gedib bazarlıq eləsinlər. Hömdarın bu sözlərini eşidən dəlləyin əli əsdi və  qorxudan iti ülgüclə  onun qulağını kəsdi. Hökmdarı qan götürdü.  Onun haray-həşiri qopdu. Çünki ilk dəfə idi ki, hökmdarla belə dəhşətli hadisə baş verirdi. Həmişə yağ-böyrək içində böyüyən hökmdarın bu vaxta qədər heç əlinə tikan belə batmamışdı... Hökmdarın səs-küyündən baş vəzir  də sarısını uddu... Sarayın eşik ağası və başqa əyanlar da səs-küyə ora gəldilər. Çoxlu təbiblər gəldi. Hömdarın qulağını yerinə tikə bilmədilər ki, bilmədilər. Çünki qulaq çox kəsilmişdi. Təbiblər məşvərət aparıb, belə qərara gəldilər  ki, hökmdarın həmin qulağı kəsilməlidir. Çünki qulağı günü-gündən şişir və iltihab verirdi. Hökmdarın qulağı ağrıdıqca gözləri alov saçır və sifətinin  rəngi tez-tez dəyişirdi...

Beləliklə, dəllək, onun bacıları, arvadı, uşaqları hamısı asılmış və hətta onlara yaxın olanlar da hökmdarın qəzəbinə tuş gəlmişdi...

Təbiblər tam  başa düşdülər ki, əgər belə getsə, bu ölkədə daha adam qalmayacaq. Hətta tezliklə onlar özləri də asılacaq... Ona görə də bir təbib  xalqın qanının arasına girib, öz  boynuna götürdü ki, hökmdarın həmin yaralı  qulağını kəssin. Ona yuxu dərmanı verib, yatızdırdılar və qulağını kəsdilər. Hökmdar ayılanda qulağının birinin olmadığını görüb, çox əsəbiləşdi və qeyzlə soruşdu:

- Bunu kim kəsib?

- Mən kəsmişəm böyük hökmdar. Əgər qulağınız kəsilməsəydi, çirk qana işləyəcəkdi və sonda siz...,- deyə cavan həkim qorxudan sözünün sonunu deyə bilmədi.

- Bunun öz qulağını da kəsin,- deyə hökmdar əmr verdi. Qoy görsün ki, tayqulaq olmaq nə deməkdir.

Beləliklə, həmin cavan həkimin də qulağını kəsdilər. Bir müddət sonra hökmdarın qulağının yeri sağaldı. Baş vəzirin ona nə isə qıyğacı baxdığını görən və həmin qadınlarla bağlı sözləri məhz ona çatdıraraq, onu qeyzləndirən baş vəzir olduğunu yadına salan hökmdar əmr elədi ki, baş vəzirin də bir qulağını kəssinlər. Baş vəziri sürüyə-sürüyə aparıb, qulağının birini kəsdilər. Qulağının yeri sağalan baş vəzir saraya gələndə, əyanların ona qıyğacı baxdığını, gülümsündüyünü görüb, əsəbiləşdi. Hömkdarın yanına gəlib dedi:

-Hökmdar sağ olsun. Əyanlar sizə və mənə baxıb, rişğəndlə gülürlər ki, bizim hər ikimizin bir qulağı yoxdur. Deyirlər ki, belə tayqulaq adamlar ölkəni necə idarə eləyə bilər? Eşitmişəm hətta bu əyanlar  danışırlar ki, gəlin bu tayqulaqların  hər ikisini öldürək. Tayqulaqlardan hökmdar və baş vəzir olmaz.

- Necə? Məni öldürmək istəyirlər?!

- Bəli, hökmdar. Elə deyirlər. Hətta bu axşam bizim hər ikimizi öldürməyi planlaşdırıblar.

- Təcili bütün əyyanların hamısısnın bir qulağı kəsilsin, - deyə başdan qıvraq, heç nəyi ölçüb-biçməyi bacarmayan, hər deyilən şeyə o dəqiqə inanan ipləmə, bambılı hökmdar əmr verdi.

Əyyanlardan yanıqlı olan fərraşlar təcili onları sürüyə-sürüyə aparıb, hamısısnın bir qulağını kəsdilər...

Qulaqları sağalan  tayqulaq əyyanlar adamların arasına çıxanda, hamının onlara qıyğacı baxdığını, arxalarınca güldüklərini gördülər. Bu, onlara pis təsir elədi. Onlar gəlib, gördüklərini hökmdara dedilər. Bundan qeyzlənən hökmdarın gözlərindən yenə də od püskürdü. Sifətinin rəngi dəyişdi. Əmr verdi ki, yenicə doğulan uşaqlar başda olmaqla, bu ölkədə olan bütün  uşaqların, qadınların, kişilərin hamısının bir qulağı kəsilsin. Beləliklə, hamının bir qulağı  kəsildi...

... Hə... Mənim əzizlərim. O gündən bu ölkə daha Masal yox, Tayqulaqlar ölkəsi adlandırıldı...

Bu ölkədə adamlar tayqulaq olmağa elə alışdılar ki, dünyaya gələn uşaqların elə göbəyi kəsilən kimi bir qulağını da kəsirdilər... Bunu eşidən qonşu ölkələrin adamları qorxularından daha həmin ölkəyə gəlmədilər. Çünki onlar bu ölkəyə gələndə tayqulaq kimi öz ölklərinə qayıdırdılar...

... Bir gün bir dəvə karvanı yol  azıb, bu ölkəyə gəldi. Tayqulaqlar ölkəsinin adamları bu dəvə karvanında gələnlərin iki qulaq olduğunu görüb, onlara gülməyə başladılar. Eləcə də dəvə karvanında olanlar bu ölkənin adamlarının tayqulaq olduğunu görüb, onlara güldülər... Bu gülüş bir müddət davam elədi... Və sonda bu gülüş iki qulağı olan və bu ölkəyə təşriş buyuranlara  çox baha başa gəldi. Onların da  çığırda-çığırda  bir qulağını kəsdilər...

Beləliklə, daha bu ölkəyə heç kim qorxusundan gəlmədi. Tayqulaqlar ölkəsi hamı tərəfindən, onlara yaxın-uzaq ölkələrin adamları və ümumiyyətlə insanlıq tərəfindən tam təcrid olundu. Bir ölüm kabusuna çevrildi. Hətta bu ölkədə olan bütün heyvanların da bir qulağını kəsdilər. Bundan təşvişə düşən çoxlu  vəhşi heyvanlar qorxularından həmin ölkədən qaçıb getdilər...

Tayqulaqlar ölkəsində olan bütün canlılar  yalquzaq kimi tək yaşadılar... Onlara elə gəlirdi ki, yer üzündə onlardan başqa, onlardan ağıllı, onlardan səxavətli nə insan və nə də başqa canlılar var... Onlar öz hökmdarlarına Allah kimi sitayiş eləyir və onu  Yer üzünün əşrəfi bilirdilər. Hamı hökmdara məddahlıq eləməkçün bütün günü növbəyə dururdu... Çünki məddahlı qeləyənə hökmdar hər şərait yaradırdı...

Tayqulaqlar ölkəsinin adamlarının  dünyanın ən müdrik adamlarından birinin dediyi bu kəlamdan  xəbəri  yox idi: "Başqa millətlərlə təmasda olmayanlar, həbsxana şəraitində yaşayıb, özünü hamıdan ağılı, hamıdan savadlı, hamıdan səxavətli  bilirlər. Belə adamlar  Yer üzünün ən böyük vəhşiləridi”...

Həmin zamandan Tayqulaqlar ölkəsinin tarixinə belə bir cümlə yazıldı: " Hər bir ölkənin taleyi, xoşbəxtliyi, insanların rifahı o ölkəyə rəhbərlik eləyən birinci şəxsdən çox asılıdır və hətta həmin adamın ağlı ilə həmin ölkəyə lazım olan qiyməti  vermək də  olar”. Tayqulaqlar ölkəsi bununla da özlərini dünyanın ən ağıllı, ən səxavətli, ən qüdrətli, ən qoçaq  adamları yaşayan ölkəsi hesab eləyirdilər...

Onlar özlərinə necə alüdə olmuşdularsa öz ölkələrində öz millətindən başqa, hətta  özgə millətlərin yaşamasını belə  istəmirdilər... İstəmirdilər...

 

Sumqayıt şəhəri

07  iyun  2020- ci il

 

 

 


скачать dle 12.1

Şərhlər