SON DƏQİQƏ

Qarabağın xilaskarı

Tarix:

28-11-2022, 11:49

/ 2 369 dəfə oxundu.
Qarabağın xilaskarı

Qarabağın xilaskarıAğalar  İDRİSOĞLU

 

                            Qarabağın xilaskarı

                          (bədii, sənədli hekayə-oçerk)

 

              Tarixi Zəfər günümüzün iki illiyinə ithaf edirəm

                                                                        Müəllif

 

O,  Ali Baş Komandan  hərbi geyimdə Cıdır düzündə çox  inamlı addımlarla  gəzirdi. Burada onun uca boyu daha əzəmətli, daha məğrur  görünürdü.  Mən isə ekranda onun dərin, aydın fikirlər  ifadə edən gözlərinə diqqətlə baxırdım. İlahi... Bu gözlərdə nələr yox idi... Bu gözlər çoxlu dərin  fikirləri ifadə edirdi...  Bu baxışlarda  hansı  tarixi hadisələr təsəvvür olunurdu...

... Hələ cavan yaşında  atası, anası və Azərbaycanın məşhur ziyalıları ilə birlikdə, qarlı qış günündə  Şuşada  Molla Pənah Vaqifin məqbərəsinin açılışı günü...

Bir vaxtlar Paşinyanın çaxır içib, sərxoş vəziyyətdə  Azərbaycan xalqına  "yandı-yandı”, "yanğı”  verərək, burada  keçirilən şənlikdə, "qəhrəman” kimi  "yallı getməsi”...

... Xüsusi təyinatlı əsgərlərimizin bu sıldırım qayalara  quş kimi, ustalıqla qalxaraq, ermənilərin, ümumiyyətlə dünya əhalisinin  ağlına gəlməyən tərzdə Şuşaya daxil olması... Böyük inamla, əzmkarlıqla, igidliklə  erməniləri qanlarına qəltan etməsi... Onları pərən-pərən salması... Erməni gavurlarının dabanlarına  "tüpürərək”  Xankəndinə, oradan da tez-tələsik  maşınlara  doluşaraq  Kəlbəcər yolu ilə vay-şivənlə, dəhşətli  qorxu ilə Ermənistana qaçması...

... Bir vaxtlar bu yerlərdə  Pənah  Əli xanın, İbrahimxəlil xanın, Mehdiqulu xan Cavanşirin  böyük vuruşlarla Şuşanı, qarabağı  qoruması, Xan qızı Natəvanın susuzluqdan əziyyət çəkən Şuşaya öz şəxsi pulu ilə  dağlardan su kəməri  çəkdirməsi, dahi Üzeyir bəyin bu yerlərdə gəzməsi... daha kimlərin... kimlərin həyatı, musiqi beşiyimiz  olan Şuşanın çal-çağırlı günləri  və  nələr... nələr  yada düşürdü...  Bəli.  Bütün bunlar  Ali Baş Komandanın  aydın, dərin mənalı fikirlər ifadə eləyən  gözlərinin qarşısında kino lenti kimi  canlanırdı... Canlanırdı...

Mən  isə ekranda Ali Baş Komandanımıza baxdıqca, onun qalib kimi başını dik tutub, tarixi döyüşlərin, böyük el şənliklərinin, cıdır yarışlarının şahidi olan bu Cıdır düzündə böyük qürurla yeriməsinə  bir  Azərbaycan türkü kimi qibtə eləyirdim. Qürür hiss keçirirdim ki, xalqımızın belə bir Sərkərdəsi  var. O,  Sərkərdə  bizim müasirimizdir. O, bu Qəhrəmanlığı  bizim gözümüzün qarşısında 44 günlük Vətən müharibəsində edib. Bu 44 günün hər dəqiqəsi böyük  faciə və qanlə, qadalı  vuruşlar  idi. Əgər biz həmin 44 günü dəqiqələrə bölsək, 63 min 360 dəqiqə eləyir. Özü də 44 gündə  Ali Baş Komandanın rəhbərliyi ilə  bir müharibə yox, iki müharibə  aparılıb... Biri Qarabağda və bir də xarici ölklərin rəhbərləri və jurnalistləri ilə...

Böyük  Sərkərdəmiz  otuz ildən artıq həsrətində olduğumuz cənnətməkan yurdumuz, bir müsəlman kimi Məkkəmiz, Mədinəmiz, Kərbəlamızdan da bizə əziz olan Qarabağı geri qaytarıb. Qarabağın tacı olan Şuşa həsrətimizə son qoyub...

Ali Baş Komandan qürurla, qalib sərkərdə kimi, inamlı addımlarla hərəkət etdikcə yadıma onun cavanlıq illəri, 1982-ci il düşürdü...  Həmin vaxt  xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın qurucusu, memarı  Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini təyin olunmuşdu. O zaman  İlham Əliyev Moskvada təhsil alan azərbaycanlılarla görüşüb, özünün koordinatlarını verirdi ki, Moskvada onları kimsə incitsə, problemləri olsa  məhz ona müraciət etsinlər və nə lazımsa köməklik eləyəcək. Həmin illərdə mən Moskvada Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsində  təhsil alırdım. O da həmin vaxt dünya  şöhrətli Moskva  Dövlət  Beynəlxalq Münasibətlər İnstitutunun  aspirantı  idi. Həmvətənlərimizə yaxşı, isti münasibətinə görə, elə həmin vaxtlar məndə ona qarşı böyük inam yaranmışdı. Həmin vaxt  sevimli  anası, xalqımızın dəyərli ziyalısı, xanımlar-xanımı, dünya şöhrətli akademik  Zərifə  xanım Əliyeva da Moskvadakı "Bakı” restoranında  azərbaycanlı tələbələrlə  görüşüb, üç saat onlara bir ağbirçək ana  kimi  öyüd-nəsihət vermişdi. Onlarla bir qismət çörək kəsmişdi.

Hətta sonralar İlham Əliyevin tələbəlik yoldaşı, bir vaxtlar Masallı rayon İcra Hakimiyyətinin başçısı işləyən Teymur Yəhyayev mənə danışmışdı ki, o, həm tələbə olduğu vaxt, həm aspiranturada oxuyanda və həm də Beynəlxalq Münasibətlər İnstitutunda  müəllim kimi dərs deyəndə həmişə azərbaycanlı tələbələrə dəstək olurdu. Hamısına əlindən gələn köməkliklər eləyirdi. Deməli, Sərkərdəlik onun daxilində həmin vaxtlardan varmış.

... 2003-cü ildəki Prezident seçkiləri vaxtı qətiyyətlə demişdim və mətbuatda  yazmışdım ki, belə vətənpərvər  ailədə böyüyən övlad  hökmən  qanı və canı ilə  xalqına, Vətəninə  bağlı ola bilər və bağlıdır. Ona görə də İlham Əliyev prezident  seçilməlidi.  Məmləkətimizin xoş gələcəyini düşünənlər də hamısı onun prezident seçilməsi  üçün çalışırdı. Beləliklə biz, fikrimizdə yanılmamışdıq.  Çünki zaman bunu tam  sübut elədi...

İlham Əliyev ölkədə ulu öndər Heydər Əliyevin başladığı işlərin sükanını böyük inamla əlinə aldı. Az bir vaxtda  ölkədəki iqtisadi çətinlikləri dəf elədi... Azərbaycana çoxlu valyuta gəldi. Məmləkətimizin şəhərləri, rayonları, kəndləri yenidən qurulmağa başladı. Avropa standartlarına uyğun yolların çəkilişi, körpülərin tikilməsi  qəlbimizi dağa döndərdi. Yaraşıqlı, geniş  körpülər  göz oxşadı.  Həmin vaxtlar bəzi "ağzıgöyçəklər” deyirdilər ki, neftdən gələn pullar göyə sovrulur.  Hətta onalara  "züy  tutan” naxələflər, nankorlar da  tapılırdı...

Amma  44 günlük Vətən müharibəsi sübut etdi ki, həmin pullar ölkənin iqtisadiyyatının dirçəlməsinə, silah-sursat, hərbi texnikaların  alınmasına, əsgərlərimizin qorxmaz  igidlər kimi yetişməsində aparılan təlim- məşqlərinə, həmin qorxmaz igidləri  peşəkar düyüşçü kimi yetişdirən xarici  mütəxəssislərə xərclənirmiş. Deməli, bu pullar məhz  böyük müharibəyə hazırlaşmaq üçün  sərf olunurmuş. Bəli. Bizim çoxumuzun bundan xəbərimiz   yox  imiş. Xəbərimiz yox imiş ki, uzaqgörən siyasətçi, Ali Baş Komandan İlham Əliyev xalqımızı  böyük  savaşa, tarixi  qələbəyə  hazırlayırmış...

İndi, qələbədən sonra, Qarabağda böyük quruculuq işləri getdiyi vaxtda bütün bunlar bizə tam aydın olur. Hələ də bizə dəhşətli kinofilm kimi gələn 44 günlük Vətən müharibəsindən sonra bu aydınlığı hamımız böyük fərəh, sevinc hissi keçirməklə görürük və  Qarabağın xilaskarına  inamımız daha çox artır.

Faşist, vandal  xislətli ermənilərdən viran qalan Qarabağın böyük sürətlə yenidən  tikilməsi, dağların, qayaların arası ilə geniş, rahat yolların  çəkilməsi, çayların üstündə  elektrik  stansiyalarının  qurulması, beynəlxalq  Hava  limanlarının tikilməsi, dağların altından tunellərin çəkilməsi  Qarabağın uğurlu gələcəyindən xəbər vermirmi?

... Mən Ali Baş Komandanımızın Cıdır düzündəki qürurlu addımlarını görəndə və özüm də  37  ildən sonra  Sumqayıt Dostlar Klubundakı dostlarımla  Şuşaya gedəndə, 1985-ci  ildə orada  dahi Üzeyir  Hacıbəyovun 100 illik yubileyini keçirdiyimiz anlar, teatrlaşdırılmış tamaşaya quruluş verdiyim günlər yadıma  düşdü... Mən də qalib xalqın övladı kimi, Cıdır düzündə qürurla gəzirdim. Və fikirləşirdim ki, 300 ildən sonra xalqımız Ali Baş Komandanımızın sayəsində bu tarixi qələbəni əldə edib. Belə dahi, ağıllı, igid Sərkərdənin  ardınca getməyə dəyər. Qarabağın xilaskarə ilə qürur duymaq, fəxr  eləmək  olar.

... Sonra ekranda mən onu Qarabağdakı  kiçik dağ çayının sahilində qurumuş bir ağacın üstündə  oturan  gördüm. O,  gur axan dağ çayına baxaraq dərin fikirlərə qərq olmuşdu. Elə bil bu dağ çayında su gur axdıqca o, fikirləşirdi ki, Qarabağ müharibəsi başlayandan  gör  neçə min insanımız bu torpaq uğrunda şəhid olub... Bu ağac kimi quruyub, ömürlərini başa vurublar və bu qələbəmizi görə bilməyiblər...

Xalqımızın müstəqillik qazandığı  31 ildə apardığı qanlı müharibələri, şəhidlərimizin, qazilərimizin, qaçqın və köçkünlərimizin acılı, ağrılı həyatını xatırlayaraq  qəlbinin dərinliyindən  sızıltılı  ağrılar, nisgillər, daha nələr, nələr yada düşür  və Ali Baş Komandanın gözlərinin qarşısında  axan  həmin dağ çayı kimi axıb keçirdi...

1987-93-cü illərdə Azərbaycana rəhbərlik edənlərin millətimizin qanı bahasına başa gələn səhvlərini, acı taleyini düşünürdü: "Əgər belə kobud səhvlər olmasaydı, xalqımız bu qədər zülmlərə məruz qalmazdı. Çoxlu sayda  soydaşlarımız  şəhid olmazdı. Azərbaycan bir məmləkət kimi dağılmaq qorxusunda  qalmazdı. Yaxşı ki, Böyük Tanrı ulu öndər Heydər Əliyevi xilaskar kimi bu xalqa göndərdi”...

... Ulu öndər Heydər Əliyevin dəfni vaxtı Ali Baş Komandanımızın Fəxri xiyabana doğru  addımladıqca onun gözlərindəki dərd, nisgil yadıma düşdü... O, ağlayırdı... Həyatının qalan hissəsini xalqına  bağışlayaraq, onun istiqlalı yolunda şam kimi əridən əfsanəvi, dahi  şəxsiyyətin, Ulu Öndərin   cismani yoxluğuna  ağlayırdı... Onunla birlikdə ekran qarşısında əyləşən həmvətənlərimiz də bu ağır ifkiyə ağlayırdı... Hamını bir  sual  düşündürürdü: "Bundan sonra taleyimiz necə olacaq? Azərbaycan  adlı məmləkəti yağı düşmənlərimiz doğrudanmı  parçalayıb Yer üzündən siləcəklər?”..

Amma Fəxri Xiyabana gedən izdihamın qabağında, ön cərgədə addımlayan  Ali Baş Komandanımızın qətiyyətli addımlarında mən bir şeyi duyur, hiss  edirdim. O, bu yerişiylə deyirdi: "Sənin ruhun qarşısında and içirəm, ey əziz, mehriban  atam. Mən hökmən  sənin başladığın uğurlu, müqəddəs  yolu  lazım olan kimi,  uğurla davam etdirib xalqımıza xoş, firavan günlər bəxş edəcəm. Qarabağ oyununa da hökmən  son qoyub  torpaqlarımızı  nəyin bahasına olursa-olsun  geri qaytaracam! Sən deyən kimi, hər şeyin zamana ehtiyacı var. Həmin zaman da hökmən gələcək. Tezliklə gələcək”.  Həmin vaxt  bu görüntü mənə Şah İsmayılın öz  atası Şeyx Heydərin  Tabasaranın Tinit kəndindəki qəbrinin yanında  and  içdiyi  səhnəni  xatırladırdı... On dörd yaşlı Şah İsmayıl da orada, atasının qəbri üstündə and içəndən sonra parça-parça olunmuş  Azərbaycan torpaqlarını birləşdirdi... Deməli, Ali Baş Komandanımızın  da ali məqsədi düşmənlərimizin  əsarətində  inildəyən torpaqlarımızı birləşdirməkdi. Altımız milyonluq  Bütöv Azərbaycandır.  Mən buna inanıram. Onun gözləri, apardığı siyasət,  atdığı qəti addımlar, dəmir yumruğu  da  bunu deyir. Bu tarixi gün də tezliklə olacaq...

Ali Baş Komandan gur dağ çayına baxdıqca yəqin fikirləşirdi ki, atasının - dahi rəhbərimizin, müasir Azərbaycanın qurucusunun ruhu artıq  şaddır. Sevinir ki, canı, qanı, həyatı qədər sevdiyi Qarabağ azad olub, burada  böyük quruculuq işləri aparılır...

Bəli, atasına layiq övlad olmaq, onun arzularını reallaşdırmaq, bax, bu, əsl hünərdir. Böyük  fəxarətdir.

...Yenidən ekranda, Kəlbəcərdə çox böyük, əzəmətli bir  "Komando” adlı müasir silahlar və texnika ilə təchiz olunmuş diviziyanın binalarının, hərbi hissələrinin  və Füzulidə müasir silahlarla təchiz olunmuş, Avropa standartlarına uyğun binaları olan polkun  Ali Baş Komandan tərəfindən açıldığı mərasimləri  görürəm... Belə bir diviziya Hadrutda da açılıb. Belə müasir hərbi hissələr hələ çox olacaq Qarabağda. Bu səhnələrə baxdıqca böyük qürur hissi keçirirəm. Bir daha inanıram ki, erməni gavurlar daha heç vaxt bizim torpaqlara hücum  edə bilməzlər. Əgər hücum etmək fikrinə düşsələr, şanlı ordumuz  ən qısa müddətə  üç rəngli bayrağımızı, dədə-baba  yurdumuz olan İrəvana sancacaqlar. Bunu bədnam qonşularımız  da  artıq  başa düşüb, olmayan ağılları ilə  dərk eləyirlər...

... Sonra ekranda  Kəlbəcərin əzəmətli  dağlarının necə yarıldığını, həmin dağların altı ilə magistiral və  dəmir yollarının keçəcəyi tunelləri  görürəm. Bu yollar bizi dünyaca  məşhur İstu su müalicəvi sanatoriyasına aparır. Bütün bunlar da Ali Baş Komandanımızın ideyası ilə reallaşır. Ürəyim  dağa  dönür. Sevinirəm ki, artıq tezliklə dünyanın hər yerindən bura turistlər istirahət etməyə, müalicə olunmağa gələcək, cənnətməkan yurdumuz ilə tanış olacaqlar. Bu dağlardan, Kəlbəcər yurdundan nadir tapılan qiymətli metallar beynəlxalq bazara çıxarılacaq və  çox baha qiymətə satılacaq. Torpağının üstü kimi, altı da böyük sərvət olan  cənnətməkan  Qarabağ yurdumuzdan   xalqımıza xoş güzəran bəxş ediləcək. Azərbaycan tezliklə dünyanın ən varlı  məmləkətlərindən biri olacaq. Əhalimiz firavan,  şad-xürrəm yaşayacaq.  Bir vaxtlar, eləcə də  1987-93-cü illərdə ailələrini dolandırmaq üçün pul qazanmaq  məqsədi ilə xarici ölkələrə üz tutan həmvətənlərimiz də tezliklə geri qayıdacaqlar. Baxımsızlıq ucbatından viranə qalan doğma ata ocağını təmir edərək, buranın  işığını yandıracaqlar. Bəli. Həmin gələcək xoş  günlər heç də uzaqda deyil...

Məhz bu ümidlə xalqımız bir dəmir  yumruq kimi Vətən  müharibəsində ölkə rəhbərinin,  Sərkərdəmizin  ətrafında sıx birləşdi. Ona, onun dəmir yumruğuna  çox  inandı. Ali Baş Komandan 44 gündə iki müharibə apardı. Qarabağda  düşmənlərlə və eyni zamanda aparıcı xarici ölkələrin qərəzli rəhbərləri, jurnalistləri, siyasi icmalçıları ilə. Hər iki müharibə çox çətin idi. Birinici müharibədə  onun rəhbərliyi ilə  güc, texnika, əsgərlərin mərdliyi, qorxmazlığı, komandirlərin düzgün plan qurması idisə, ikinci müharibə daha çətin olan, böyük ağıl, səbr tələb eləyən informasiya müharibəsi idi. Burada da Ali Baş Kimandanın  iti  beyini,  dərin  zəkası, uzaqgörən  siyasəti, səbri, dözümü qalib gəldi. Bununla da, Qarabağın və bütövlükdə məmləkətimizin xilaskarı  kimi İlham Əliyevə  xalqın inamı, sevgi daha da artdı...

Xalqımız həm də ona sevindi ki, 44 günlük Vətən  müharibəsində bir azərbaycanlı əsgər belə fərari olmadı, hər kəs cəsarətlə, igidliklə, mərdanəliklə  vuruşdu. Məgər bundan da böyük fəxarət, qürur hissi olarmı? Bir daha inandıq ki, biz, Babəklərin, Koroğluların,  Şah  İsmayılların, Nadir şahların,  Nəbilərin nəslindənik.  Amma özünə çox inanan  və hər yerdə qürrələnən erməni faşistlərinin on mindən çox fərarisi, Vətən xaini oldu...

Qələbəmizi məhz öz ağlı, düşüncəsi, böyük  ideyası ilə öndə gedən sərkərdəmizin, Ali Baş Komandanımızın, Sərkərdəmizin  və igid əsgərlərimizin, şəhidlərimizin, qazilərimizin və  xalqımızın  birliyi sayəsində  qazandıq.

Bu vaxt bir daha ulu öndər Heydər Əliyevin dediyi bu məşhur kəlam yadıma düşdü: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Bəli, mən buna varlığım qədər inanıram və qətiyyətlə əminəm ki, xalqımız Ali Baş Komandanımızın rəhbərliyi ilə yaxın  gələcəkdə  daha çox uğurlara imza atacaq, dünya xalqları arasında böyük nüfuza malik olacaq,  cənnətməkan yurdumuz Azərbaycanda  sonsuz  sevinc, qürur hissi ilə yaşayacağıq.

Cənab  prezidentimiz, Ali Baş Komandanımız   İlham Əliyev isə  dünya tarixində  əbədi  Qarabağın xilaskarı  kimi qalacaqdır.

İllər keçəndən sonra  yeni nəsillər tarixi vərəqlədikcə  adı türk əsilli  sərkərdələr sırasında  olan, apardığı 44 günlük  Vətən  müharibəsinin sirrləri dünya hərb elminə, dərsliklərə  düşən  müzəffər Ali Baş Komandanın həyat və fəaliyyətini, Qarabağı otuz iki ildən sonra xalqımıza necə qaytarmasını sevə-sevə, maraqla   oxuyacaqlar,  öyrənəcəklər!

Artıq başını dik  tut  Azərbaycan  xalqı. Sən Ali Baş Komandanının dəmir yumruğu və özünün milli birliyinlə  Qalibsən. Sən  Qalib xalq kimi  öz  sözünü dünya xalqları arasında deyibsən  və  dünya tarixinə  yazıbsan.  Zəfər bayramın mübarək xalqım!

Sumqayıt  şəhəri,

8 noyabr  2022-ci il


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ