SON DƏQİQƏ

Bayramçalıq

Tarix:

14-03-2023, 10:58

/ 3 322 dəfə oxundu.
Bayramçalıq

Bir, ya ikinci sinifdə oxuyurduq. Elə sabahkı kimi çərşənbə bayramı, dədəmin dili ilə "baca- baca" idi. Sinif yoldaşım, Daşqın dediyimiz Vüsala  qoşuldum, düşdük qapı- qapı bayramçalıq yığmağa. 

Məndən olsa heç bir evi, ev yiyəsini tanımırdım. Ayə bu Daşqın elə bil kənd soveti idi, bütün həyətlərin taxta, dəmir, setka qapılarını tanıyır, həyətə girən kimi, "ay filankəs xala gəl bayramçalığımızı ver" deyə qışqırırdı. Adamlar da gəlib, Daşqını görən kimi gülümsəyir, onunla zarafat edirdilər, elə bil toppuş sifətində şeytan, bəlkə də ovaxtlar şeytan yox idi, mələk tükü var idi. 

Evdə olandan gətirirdilər, təbii ki, mənə də verirdilər. Daşqının hesabına ağ, iri, ağzı büzməli torbam qalet, konfet, qoz- fındıqla dolurdu. Tez- tez torbanın ipini açıb, içinə baxırdım ki, vəziyyət necədi, inanın, ordan gələn ətirli iyi indi də hiss edirəm. 

Çox konfet verəndə gəlib, bu tərəfdə atırdıq. Düzdür mən atmaq istəmirdim, ancaq Daşqın " buna bax , qoxmuş konfet verirlər" - deyib, atanda mən də bayramçalıq ustadıma qoşulub, atırdım.

Ən yaxşı bayramçalıq yumurta hesab edilirdi, özü də qırmızı boyanmışı. Onların çoxunu toqquşdurub, yox döyüşdürüb, qırılanı "naxadı" soyub yeyirdik.

Yolda uşaqlar qarışqalar kimi bir- birinə hansı evdə yumurta verirlər, xəbər edirdilər. Yolda həm də balaca uşaqlar var idi, torbaları əllərində, yumurtanı,  qaleti yeyib, ağızlarını, lap burunlarını da qollarına silirdilər, dəsmal zad nə gəzirdi)).
Bir reys dolmuş torbaları aparıb evə boşaldıq. Anamın bişirdiyi yeməyin qoxsu evə yayılmışdı, indi də burnumdan getməyib. Əyilib kömür peçinin üstündəki qazana baxdım, hələ heç nə yoxuydu, sadəcə soğan dağ edirdi aş üçün... indi də məətəl qalıram, təkcə yağ- soğandan elə qoxu hardanıydı..?
 İkinci dəfə bayramçalıq yığa-yığa kəndimiz Xanlıqları ortasından keçən asfalt yolun o tayına adladıq, bu hissəyə Parçı deyirdilər. 

Parçıda İmamzadə var idi.
Aşıq Nabat Parçıda anadan olmuşdur.
Daşqın Parçıda, Xanlıqların biz olduğumuz cənub tərəfi- Qaraxallıda olduğu kimi, hər həyəti və gülərüz, mehriban xalalarımızı tanıyır və bayramçalığımızı istəyirdi. Ona acıq ürəyimdə ev yiyələrinin adlarını yaddımda saxlayırdım)) 
Gəldik bir evə çıxdıq, Daşqın yenə həyətin bu başından qışqırdı. Onun yaxşı səsi də var idi. Gecələr gözətçi işləyən atasına ( ALLAH İsa dayıya rəhmət eyləsin) yemək aparıb verəndə, yolda oxuyurdu. Qorxudan oxuyurdu, Vallah mən bilmirəm ki, uşaqlar deyirdilər qorxudan oxuyurdu.)) Daşqın yaxşı oxusa da sonradan sinif yoldaşımız Seyfəddin müğənni oldu, biz hələ də elə bilirik ki , toy dediyin yerdə Seyfəddin oxuyar, səsi var- yox , düz- səhv oxuyur bilimirəm, onu bilirəm ki, onun səsi doğmadır, sinifimiz, kəndimiz, toylarımız kimi.
Nəysə, Daşqının səsinə həm qadın, həm də ağsaçlı kişi çıxdı. Kişini görəndə yerimdə dondum, çox utandım- Cavad müəllim idi (ALLAH rəhmət eyləsin). Biz belə müəllimlərə mələk kimi, yeməz- içməz baxırdıq. 
Uzaqdan əl eyləyib bizi çağırdı, utandım, torbanı qoyub, getmək istədim, dedi- torbanı da gətir. Sonralar məktəbdə mənim torbamı yerə qoymağımı söhbət edib güləcəkdi.
Torbanın içinə baxdı, lap utandım. 
Zarafatla:- Nə qədər ayın- oyun yığmısan, ona görə gətirmirdin?- Deyib, güldü. Bizə zornan çay verdilər, təbii ki, yumurta da.
Beləcə həmən il ömrümün ən yaxşı, yaddaqalan bayramçalıq yığmağımı keçirdim.
Birinci dəfəydi, Daşqınla yığdıq deyə belə oldu, ya bəlkə daha çox pay yığmışdım bilmirəm, amma bir ömrün bayramçalıq payı idi.
скачать dle 12.1

Şərhlər