Dövrümüzün geniş yayılmış xəstəliyi var: yalnızlıq, tənhalıq, özünəqapanma. İnsanlardan
soruşsan, məlum olar ki, onların əksəriyyəti yalnızdır və həyatlarından
narazıdır. Onların yaxın bilib sirdaş olduğu, həyatını paylaşdığı, eləcə də güvəndiyi
kimsələri yoxdur. Ən pisi isə yalnızlıq o qədər adi hal alıb ki, hətta bununla
bağlı mahnılar bəstələnir, əsərlər yazılır, filmlər çəkilir və insanlar
yalnızlığa təşviq edilir. Sosial şəbəkələrdə də bununla bağlı statuslara tez-tez
rast gəlmək mümkündür. Onlardan bəziləri belədir:
Sevməyi deyil, yalnızlığı öyrən.
Çünki çətin zamanlarda ən çox ona ehtiyacın olacaq.
Yalnızlıq
insana güc verir.
Tənhalıq qədərim
deyil, seçimimdir.
Bu statusların sayını istədiyimiz
qədər artıra bilərik. Yuxarıdakı bir neçə nümunə belə insanların necə yalnız, bədbəxt,
dərin mənəvi boşluq və sıxıntı içində olduğunu anlamağımız üçün kifayət edir.
Ancaq həm fiziki, həm də mənəvi olaraq sıxıntı verən yalnızlıq niyə insanlar tərəfindən
belə sevilir? İnsan dostluqdan, sevgidən zövq alır, bəs niyə bilərəkdən tənhalığı
seçir? Texnologiyanın bu qədər inkişaf etdiyi, həyat səviyyəsinin belə yükək
olduğu mühitdə insanları yanlızlığa təşviq edən amillər hansılardır?
İnsanlar xoşbəxt olmamalarına və
tək qalmalarına səbəb kimi bəzi bəhanələr irəli sürə bilərlər. Məsələn, bəzi
insanlar düşünürlər ki, kifayət qədər maddi imkanları olsa, ətrafında daha çox
dostları olacaq, daha çox əylənəcəklər, daha yaxşı istirahət məkanlarına gedəcəklər,
beləliklə, həyatlarından daha çox zövq alacaqlar. Amma əsla düşündükləri kimi
deyil. Çox zəngin insanlar xoşbəxt kimi görünə bilərlər, ancaq onların da özlərinə
görə nə qədər mənəvi sıxıntıları, ailədaxili münaqişələri, səhhətləri ilə bağlı
problemləri var. İnsan nə qədər zəngin olsa da, nə qədər yemək yeyə bilər ki?
Ancaq bir nəfərlik, bir az artıq yesə, sağlıq problemləri, köklüklə bağlı
narahatlıqları olacaq. Nə qədər evi olsa da, ancaq bir evdə yaşaya bilər, bir
otaqda yata, bir nəfərlik yer tuta bilər. Bir sözlə, dostluq, xoşbəxtlik, mənəvi
rahatlıq da əsla maddiyyatla əldə olunan nemətlər deyil. O qədər zəngin olub da
bir yaxın dost tapmayan insanlar var ki…
Bir də bu dünya imtahan
yeridir, Allah dünyanı çətinliklərlə, əskikliklərlə birlikdə yaradıb. Acizliklər
hər zaman həyatımızda var. Dünyadakı hər kəs acır, susayır, yorulur, yatmağa
ehtiyacı olur, xəstələnir. Bu acizliklərdən özünü siğortalamış adam yoxdur. İstər
zəngin, istər gözəl, istər yaşlı, istər cavan, bir sözlə, hər kəs bu acizliklərə
tabedir. O zaman insanın axtardığı mənəvi gözəlliklər bu sadaladığım maddi şeylərdən
asılı deyil.
Beləliklə, yalnızlığın səbəbi
kimi irəli sürülən bütün bəhanələr yersizdir, heç birinin əsaslı səbəbi yoxdur.
İnsanların xoşbəxt olmaq üçün şərt qoşduqları şeyləri onlara versən də, yenə də
xoşbəxt ola bilmirlər. Bunun səbəbi insanların qəlblərinin Allahdan uzaq
qalmasıdır.
İnsanların bir çoxu dini, Allah
sevgisini, imanı, axirət inancını özlərindən uzaq görür. Onlar düşünürlər ki,
dünyada nə qədər çox şeyə sahib olsalar və dünyadan nə qədər faydalansalar, o qədər
də xoşbəxt olacaqlar. Halbuki Allah üçün yaşamayan insan əsil sevinci,
rahatlığı, sevgini, dostluğu, güvəni yaşaya bilməz. Yaşamaq istədikləri şey də
çox səthi və müvəqqəti olar. Çünki insanın qəlbinə bu hisləri verən Allahdır.
Allah da Özünü sevməyən, Özü üçün yaşamayan, hər şeyin Allahdan gəldiyini bilməyən
insanlara bu rahatlığı nəsib etməz.
Beləliklə, xoşbəxtliyin, ruh
yüksəkliyinin, sevincin və rahatlığın tək qaynağı Allahdır. Biz ancaq Allah istəsə,
xoşbəxt və rahat ola bilərik. Ancaq Allah istəsə, gözəlliklərdən zövq ala bilərik.
Əgər Allaha inam olmasa, bunları başqa yoldan əldə etməyimiz əsla və əsla
mümkün deyil. Bütün kainatı qanunları ilə birlikdə yaradan Allahdır, ürəklərdə
və dillərdə ancaq Allah olarsa, o zaman bu nemətlərin qapıları insanlara
açılar. İnsanların vicdanları və ruhları da ancaq bu yolla rahatlaşar. Əks
halda insan nə qədər imkana sahib olsa da, heç nə ona xoşbəxtlik və rahatlıq
vermir. Hər zaman yalnız, tənha və Allahın yardımından uzaq olmağın əzabını,
sıxıntısını hiss edir.
Göründüyü kimi, Allahdan
uzaqlaşmış insanın qəlbi tək və dostsuz qalar. Bir insanın həyatındakı ən həqiqi
Dostundan qəlbini və dilini uzaqlaşdırması bədbəxtliyin və tənhalığın içində
özünü həbs etməsinə bərabərdir. Allaha qayıtmaq və həqiqi xoşbəxtliyi Allaha
olan sevgidə axtarmaq isə dünyanı bürüyən bu böyük sıxıntıdan xilas olmağın
yeganə yolu olacaqdır.
Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq
tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)
Nəzakət Bədirova