SON DƏQİQƏ

Sosial şəbəkələrdən bezənlərin sayı artır

Tarix:

20-07-2017, 08:40

/ 3 990 dəfə oxundu.
Sosial şəbəkələrdən bezənlərin sayı artır

İctimai şəxslər hesab edirlər ki, insanlar sosial şəbəkədən doğru istifadə edərlərsə, zərər görməzlər
Sosial şəbəkələr zaman keçdikcə insanların gündəlik həyat tərzinə çevrildi. Demək olar ki, gənc nəslin nümayəndələrinin əksəriyyəti sosial şəbəkə istifadəçiləridir. Bu şəbəkələrdən hər kəs müxtəlif məqsədlər üçün faydalanır. Eyni zamanda sosial şəbəkələrin mənfi tərəfləri də az deyil. Aparılan araşdırmalara görə, hər hansı bir işdə çalışan şəxs sosial şəbəkələr üzündən hər 10 dəqiqədən bir işindən ayrılır.
Görülən iş bir dəfə bölündüyü halda ona təkrar diqqəti yönəltmək üçün təxminən 23 dəqiqə vaxt sərf edilir. Orta hesabla bir istifadəçi hər ay 402 dəqiqəsini facebookda, 89 dəqiqəsini isə twitterdə keçirir. 9 min 120 nəfərin iştirakı ilə keçirilən sorğuda "İş saatlarında sosial mediada nə qədər zaman keçirirsiniz” sualına iştirakçıların 55 faizi 1 saatdan az, 17 faizi 1-2 saat, 16 faizi 4 saatdan çox cavabını verib.
Tanınmış türkiyəli aktyor Cem Yılmazın sosial media hesablarını bağlaması və insanlara etdiyi müraciət isə sosial şəbəkələrin cəmiyyət üçün nə dərəcədə zərərli və ya faydalı olması məsələsini bir daha gündəmə gətirib. Belə ki, sonuncu dəfə paylaşım edən komediya ustası şəxsi hesablarını bağlamasının səbəbini aşağıdakı kimi izah edib: "Şəxsi hesablarımda yazılan rəylərin insanlıqdan kənar olub, narahatlıq verməsi səbəbi ilə bütün hesablarımda paylaşım etməyi dayandırıram. Hamınıza da eyni şeyi tövsiyə edirəm”.
Azərbaycanda da aktiv sosial şəbəkə istifadəçiləri az deyil. Onların arasında tanınmış ictimai şəxslər də var. Məsələn, deputat Fazil Mustafa gün ərzində bir neçə paylaşımlar edib, müxtəlif məsələlərə dair sosial şəbəkə vasitəsilə öz münasibətini bildirir. Sosial şəbəkələrlə bağlı "Yeni Müsavat”a danışan F. Mustafa bildirib ki, sosial şəbəkədən hər kəs bir məqsəd üçün istifadə edir:
"Sosial şəbəkə kimin üçünsə informasiya, yaxud da toyda qabağında yeməklə foto paylaşma məkanıdırsa, bu başqadır. Bunu anlayışla qarşılamaq lazımdır ki, həqiqətən də uzaqlaşmaq lazımdır. Ancaq şəxslər də var ki, buradan bilgi, düşüncə baxımından, müəyyən bir məsələləri öyrənmə yönündən faydalanırlar. Həmin şəxslər üçün bu, narazılıq doğurmamalıdır. Mənim də sosial şəbəkədə gündəlik olaraq bir, bəzən də üç saat vaxtım gedir. Bu vaxt ərzində status yazıb, hansısa aktual məsələyə fikir bildirirəm və ya şərh yazıram. Bu, mənim üçün əlverişli fürsətdir. Mediada hazırda bu çeviklik yoxdur. Eyni zamanda sosial şəbəkələr media ilə də əlaqə qurmaq baxımından faydalıdır. Bir status yazırsa, saytlar götürüb onu özləri müstəqil şəkildə yerləşdirirlər. Bu da fikirlərimizin yayılması üçün ən əlverişli imkandır. Ona görə də əksinə, sosial şəbəkələrin səmərələşdirilməsi yolu tapılmalıdır. Kimsə ora baş qatmaq, mənasız işlər üçün daxil olubsa, onları sosial şəbəkələrdən yaxşı mənada qovmaq lazımdır. Kimsə faydalı işlər görürsə, bunun nə ziyanı var?”
Yüzlərlə izləyicisi olan aktiv sosial şəbəkə istifadəçisi iqtisadçı Natiq Cəfərli də mövzu ilə bağlı fikirlərini bildirib: "Sosial şəbəkələr, əsasən də facebook, Azərbaycanda geniş anlamda özü bir media qurumuna çevrilib. Yəni sosial, iqtisadi və siyasi problemlər burada müzakirə edilir. Ölkədə təbii ki, əgər televiziyada bu cür müzakirələr açıq şəkildə aparılsaydı, bəlkə də sosial şəbəkələr bu qədər populyar olmazdı. Türkiyədə onlarla müstəqil kanal fəaliyyət göstərir və səhərdən axşama qədər debat, müzakirələr olur. Ona görə də Türkiyədə twitter daha məşhurdur. Çünki hadisələr sürətlə cərəyan edir və dərhal reaksiyalar verilir. Azərbaycanda isə müzakirə ortamı dar çərçivədədir və ona görə facebook burada mühüm bir müzakirə meydanıdır. Buna görə də bu sosial şəbəkədən imtina etməyi məntiqli saymıram. Həm də jurnalistlər, media üçün də burada mövzu mənbəyidir. Sosial şəbəkələrdə gedən müzakirələrdən dəfələrlə olub ki, mətbuat mövzu kimi istifadə edib. Sosial şəbəkələr həm də daha çevikdir və buna görə də çox mühüm bir amilə çevrilib. İndiki durumda hələ ki bundan imtina etmək, məncə, doğru deyil. Sadəcə olaraq, mövsümü olaraq yayda istifadənin aşağı düşməsi, məncə, normaldır. Sosial şəbəkə hətta dilin belə inkişaf etməsinə səbəb olan əsas amilə çevrilib”.
Sosioloq Əhməd Qəşəmoğlu "Yeni Müsavat”a açıqlamasında sosial şəbəkələrin cəmiyyət üçün faydası və zərərləri barəsində aşağıdakı fikirləri söyləyib: "Bəllidir ki, sosial şəbəkələr günün reallığı, texnologiyanın inkişafının gətirdiyi bir vasitədir. İnternetdən istifadə ilan zəhəri kimi bir şeydir. Düzgün istifadə edilərsə, dərmandır, artıq istifadənin isə fəsadları olur. Kimsə sosial şəbəkələrdən ağılla istifadə edirsə, o, bundan faydalanır. Çünki bir-birimizlə tez bir zamanda yazışırıq, məlumat əldə edirik. Bu, işin faydalı tərəfidir. Birmənalı olaraq sosial şəbəkədən faydalanmaq da olar, orada məhv olmaq da. İnsanlar var ki, gecə yarısına qədər sosial şəbəkədə oturur və öz səhhətinə zərər vurur. Eləcə də gənclər karyeralarına ziyan vururlar. Çünki təhsillə məşğul olub, bilik qazanmaq əvəzinə saatlarla bu şəbəkələrdə vaxt keçirirlər. Nəticədə isə həm fiziki, həm də mənəvi zərbə alırlar. Çalışmalıyıq ki, insanlarımızda sosial şəbəkədən istifadə mədəniyyətini yarada bilək. Bu, yaranmayınca zərər verənlər və görənlər çox olacaq. İslamda məlumdur ki, haram məfhumu da var. Baxın, İslamda o şeylər haram deyə buyurulub ki, onlardan insanlara zərər gəlir. Su, çörək faydalıdır, ancaq çox yedikdə, içdikcə haram buyurulub. Sosial şəbəkəyə də bu cür yanaşmaq lazımdır. İnsanlar öz nəfslərini tərbiyə etməlidirlər. Belə olarsa, onların həyatı da rahat olar. O adamlar ki, sosial şəbəkədən zərər görürlər, demək ki, onlar bu vasitədən düzgün istifadə etmirlər. Məsələyə bu cür yanaşmaq lazımdır”.
GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ