
"Qarabağ"dan ayrılan Emmanuel Addai karyerasını Belçikanın "OH Leuven" klubunda davam etdirəcək.
GunAz.az xəbər verir ki, bu barədə qanalı oyunçunun yeni komandasının rəsmi saytında məlumat verilib.
Bildirilir ki, 24 yaşlı futbolçu ilə üç illik müqavilə bağlanılıb.
"Addai oyun fəlsəfəmizə tam uyğun gələn müasir üslublu vingerdir. O, həm sürətli, həm də kreativdir, hər iki ayağını eyni dərəcədə yaxşı istifadə edir və qəfil sürətlənmələri sayəsində rəqibləri asanlıqla geridə qoymağı bacarır. Bundan əlavə, o, ən yüksək səviyyəli oyun təcrübəsini klubumuza gətirir. Bu futbolçunu heyətinə qatmaq istəyən başqa klublar da çox idi, ona görə də məhz "OH Leuven"i seçməsi bizi xüsusilə sevindirir", - deyə klubun idman direktoru Gyorgi Csepregi Addainin transferinə münasibət bildirib.
Qeyd edək ki, Addai 2024-cü ilin yayında "Qarabağ"a transfer olunmuşdu. Onun Azərbaycan təmsilçisi ilə müqaviləsi başa çatdığından Belçika komandasına azad agent statusu ilə keçib. Yarımmüdafiəçinin yeni klubu Belçikanın yüksək liqasında çıxış edir.































