SON DƏQİQƏ
» » İranlı iş adamı oğlunu boğub öldürən dəstə ilə üzləşdi - Novxanıdakı qətlin təfərrüatı

İranlı iş adamı oğlunu boğub öldürən dəstə ilə üzləşdi - Novxanıdakı qətlin təfərrüatı

Tarix:

27-06-2018, 10:30

/ 10 274 dəfə oxundu.
İranlı iş adamı oğlunu boğub öldürən dəstə ilə üzləşdi - Novxanıdakı qətlin təfərrüatı

Novxanıda iranlı iş adamının oğlunu öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi keçirilib. Onlar evə qarət məqsədi ilə girsələr də evdən heç nə apara bilməyiblər.

GunAz.az xəbər verir ki, bu cinayət işi üzrə məhkəməyə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılır. 

Təqsirləndirilən şəxslər 1979-cu il təvəllüdlü Yunus Camallı, 1967-ci il təvəllüdlü Natiq Babaverdiyev, Şəki şəhər sakini 1991-ci il təvəllüdlü Pərvin Əlməmmədov, Ağsu rayon sakini 1983-cü il təvəllüdül Zahid Dünyamalıyev və İmişli rayon sakini 1989-cu il təvəllüdlü Ceyhun Talıblıdır. Onların hər biri həbsdədir. 

Təqsirləndirilənlərdən yalnız Rəşidə Seyidova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, azadlıqdadır. Rəşidə Seyidova iranlı tələbənin ölümündə yox, başqa bir cinayət hadisəsində dəstə üzvlərinə kömək etməkdə təqsirləndirilir.

Hadisənin təfərrüatı…

Qətl hadisəsi ötən ilin oktyabr ayında Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki villada baş verib.

Rəsmi məlumata görə, İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı evdə aşkar olunub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

İlkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub, 2017-ci ilin 11 oktyabrında, gecə saat 4:00 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər.

Dəstə üzvlərinə həmin evə basqın etməyi bir müddət əvvəl hadisənin baş verdiyi mənzilin qonşuluğundakı evdə usta işləyən Y.Camallı təklif edib.

Onlar cinayəti törətməyə Z.Dünyamalıyevin avtomobili ilə gediblər. O, hadisədən sonra yenidən dəstə üzvləri ilə Novxanı qəsəbəsində görüşərək, onların hər birini yaşadıqları ünvanlara aparıb. Saxlanılan şəxslər barəsində Sumqayıt ŞPİ-də aparılan əlavə əməliyyat tədbirləri ilə onların Kürdəmir rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşının əl-ayağını yapışqanlı lentlə bağlayaraq, mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

Kürdəmir rayonunda baş verən quldurluq hadisəsində Pərvin Əlməmmədovun tanışı Rəşidə Seydiyeva da dəstə üzvləri ilə əlbir olub. O, saxlanılan digər şəxslərə Kürdəmir rayonunda yaşayan bibisinin evinə basqın etməyi təklif edib. Bu məqəsdlə R.Seydiyeva dəstə üzvləri ilə birlikdə Kürdəmir rayonuna gedərək, qohumunun evinin yerini onlara göstərib.

Məhkəmə prosesi…

Qətlə yetirilən 1994-cü il təvəllüdlü Saman Mohtati İran vətəndaşı olsa da Azərbaycanda doğulub. O, Azərbaycan Dövlət Tibb Universitetinin 5-ci kurs tələbəsi idi.

Məlumata görə, evə basqın edən şəxslər tələbəni yastıqla boğaraq qətlə yetiriblər. Dəstə üzvlərinin mənzilə daxil olmasını evdəki müşahidə kameraları lentə alıb.

Mərhumun atası Nemat Mohtati uzun illərdir Azərbaycanda yaşayır və biznes fəaliyyəti ilə məşğuldur. 

Sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxslərdən 51 yaşlı Natiq Babaverdiyev dindirilib. O, suallara cavab verərkən bildirib ki, mənzilə daxil olarkən orada adam olduğunu bilməyiblər. 

Tələbənin yastıqla boğularaq öldürülməsini təsdiqləyən N.Bababverdiyev meyit üzərində olan xəsarətləri qəbul etməyib. Deyib ki, mərhuma kiminsə xəsarət yetirdiyini görməyib. 

Mərhumun atası və hüquqi varisi Nemat Mohtati təqsirləndirilən şəxsin dedikləri ilə razılaşmayıb. Onun sözlərinə görə, hadisə baş verən zaman oğlu evdə tək olmayıb və onlar da evdə kimlərinsə olduğunu biliblər.

“Evdə olan kameralardan da görünür ki, içlərindən biri pəncərədən boylanaraq evə baxır. O, bunu bir neçə dəfə təkrarlayır. Məni evdə görürlər. Oğlumun da evdə olduğunu biliblər. Əgər onlar evdə kiminsə olduğunu bilmirdilərsə, bəs, niyə oğlumun otağının qapısını açanda onu görüb geri qayıtmadılar? Onların gücü oğluma çatdı. Mənimlə üzləşə bilməzdilər. Onlardan biri mənim idmançı olduğumu bilirdi. Digər otaqda da mən yatmışdım. Niyə mənim otağımın qapısını qırmırdınız?”- deyə mərhumun atası bildirib. 
Oğlunun öldürülməsini heç cür qəbullana bilməyən Nemat Mohtati söyləyib ki, oğlu gün ərzində bir neçə saat yuxu yatırmış: “Bütün günü oxuyurdu. O savadlı bir həkim olacaqdı. Yüzərlə insanın dərdinə çarə olacaqdı”.

Növbəti məhkəmə iclası iyulun 3-də davam etdiriləcək və digər təqsirləndirilən şəxslər də dindiriləcək.(YM)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ