SON DƏQİQƏ

Üç balaca qapı

Tarix:

6-11-2024, 09:51

/ 2 998 dəfə oxundu.
Üç balaca qapı

Narıngül BABAYEVA
               (Hekayə)
Küçənin tinindən dönəndə şahidi olduq. Vahid dedi ki, o, pozğunun biridir. Aslan da buna bənzər nəsə söylədi, sonra əlavə etdi ki, kişini tutub yaxşıca əzişdirmək lazımdır. Sabah gələndə payını verərik. Sanki eşitmirikmiş kimi  sakitcə ötüb keçdik. Amma Arifin söydüyü söyüşü də eşitdik.
Nə vaxt baxsan onları küçənin tinində görərdin. Üç nəfərdilər. Üçü də gəncdi, elə eyni yaşda olardılar. Sanki küçədə keşikçiydilər.  Bizim kirayə qaldığımız evin sırasında daha 3 balaca qapı vardı, bir də böyük darvazalı,  üçmərtəbəli villa. Balaca qapıları gün döyüb, yağış bozartmışdı. Qapıların hər biri o tindən açıq-aydın görünürdü. İnsafən, 3-lüyün  bizimlə işi yoxdu. Hiss edirdik ki, bizə bir az mərhəmətlə, bir az da saymazyana baxırlar. Kirayənişin adam da bir az yetim kimi olur axı. Həm də hürkək görünür. Nərgiz dedi ki, bunlar Asyanı deyirlər. Yüz  faiz Asyanı deyirlər.  O günü maşına minib gedəndə ardınca baxıb xısınlaşırdılar. Gözümün qabağına yarlı-yaraşıqlı, tovuz quşu kimi bəzənmiş Asyanı gətirdim. Boylu-buxunlu, gözəl qadındı. Bir az dolu bədənliydi, əla fiqurası, uzun qara saçalrı vardı. Bir sözlə, çox gözgəlimliydi. Nərgizlə Arifə yolboyu Asyadan danışdılar. Yorulmadan, ərinmədən Asya deyib durmuşdular. Nərgiz dedi ki, deyirlər məşhur müğənnilər Asyadan  paltar götürüb geyinirlər.
-Paltarlarını xarici ölkələrdən gətirir. Tez-tez səfərə çıxır, geyim-kecimə də bir dünyanın pulunu xərcləyir- Arifə də onun sözünü təsdiqlədi.
-Görəsən, hardan alır axı bu qədər pulu?- Nərgiz dedi.
-Hansısa  institutda laborant işləyir. Amma əli yuxarılara çatır, deyirlər kimi istəsə vəzifəyə düzəldir, iş düzüb-qoşur, özü də vəzifəli, imkanlı bir adamla görüşür, –Arifə dilləndi. Mənzil başına çatıb düşməli olduğumuzdan qızlar səslərini kəsdilər.
Axşam ev sahibi də söhbəti Asyadan saldı. Heç bilmirəm, söz nədən düşdü. İkinci, üçüncü və dördüncü qapının sahibləri də bizdəydi. Axşamlar biz kirayənişinlər də  ev sahibinin yanına yığışırdıq.  Ev sahibi tək adamdı. Tək deyəndə ailəsi var, amma oğlanları da, əri də Rusiyadadı. Deyirdi, kişi  hələ uşaqlar  körpəykən gedib. İldə, ya da iki ildən bir gəlir, bir ay  qalıb qayıdır. Vəssəlam! Gördüyü o olur. “Amma xərcliyimizi  həmişə göndərib”- deyir. Oğlanları da məktəbi qurtarıb Rusiyaya gediblər, onlar da ataları kimi, ayda-ildə bir dəfə gəlirlər.
-Heç olmasa, gəlib evlənib getsələr dərdim olmaz. Ev sahibəsinin gözləri yol çəkir. Sonra əllərini ağarmaqda olan saçlarına toxundurur. Nazik, uzun sifətindəki qırışlar açıq-aydın adamın gözünə girir.  Oğlanlarından söz düşəndə mütləq söhbəti qız mövzusuna gətirir: -Bir neçə qız gözaltı eləmişəm,  hə, siz gülməyin. Deyirəm, biri alınmasa, o biri alınar heç olmasa. Əsas gəlib çıxmalarıdır. Hansı gəlsə, onu evləndirəcəm. Belə məqamda söhbətin Asyanın üstünə hardan gəlib çıxdığını anlamıram.
İkinci qapının sahibi Gülgəz: -Yaman narahatam,- deyir. Uşaqlar Asyaya görə bərk hirsləniblər, xəta törətməsələr, qan çıxartmasalar yaxşıdır. Cavandırlar, beyinləri qandır.  Deyirlər Asya həlləm-qəlləmdir, doğru yolda deyil.  Aslan özünü yeyib tökür.
İkinci qapının sahibi Həlimə: - Bunlar niyə indi qızışıblar? Əşşi, elə bil gözlərinin qabağında olan adam deyil, Asyanı indi tanıyırlar. Aslan da əsgərlikdən gələndən sonra yaman dəyişib, -deyir. –Sən onu bir psixoloqa göstər.
-Sən onu evləndir, -bizim evin sahibi Gülgəzə təpinir. Sonra mənim kimi qalacaqsan, quqqulu qu.  Bir də gördün, çıxıb getdi başqa ölkəyə. Bax sənə deyirəm ha, özün bil.
-Hanı, hələ işi-gücü  yoxdur axı. Asyaya demişəm, bir iş düzüb –qoşsun. Əli hər yana çatır. Söz verib, görək... Yenə də Asya.  
-Mənimki də,  bir qızın üstündə Türkiyədəki məktəbini, iş-gücünü atıb gəlib dayanıb küçədə. Nə var, nə var qızı buna verməyiblər. Bütün günü “Aytən” deyib durub. Ay başına dönüm, bir qızdan ötrü nə qədər çarpışarlar?.. Elə bil dünyada tək Aytən qalıb. Deyirəm, Ay Vahid, ağlını başına yığ, qayıt məktəbini oxu. Kimə deyirsən. İndi də başlarına belə gic-gic şeylər salıblar.
Səhər çaydanı doldurub qazın üstünə qoymaq istəyirdim ki, gördüm su yoxdu. Tərslikdən də  günorta institutda tədbirimiz vardı. Əl-üzümü yumaq, bir tikə çörək yemək, hazırlaşmaq vacibdi. Bu da ki, belə... Ev sahibinin qapısını döydüm. Hər halda ehtiyat suyu olardı. Qapını açan olmadı. Səhər tezdən harasa gedib. Əlimdə boş çaydan bir xeyli həyətdə vurnuxdum. Yenə Nərgiz olsaydı, bir çarəsini tapardı. Tərslikdən o da işə gedib. Arifə də yorğanı başına çəkib yatıb. Onu durğuzmaq müşkül məsələdir. Qapını açıb küçəyə çıxdım. İkinci qapını döydüm. Ev sahibəsi tapşırmışdı, bir şey lazım olsa, mən olmayanda Gülgəzə deyin. Balaca taxta qapını xeyli döyəcləsəm də açan olmadı. Onda mən üçüncü qapıya yönəldim- Orda da açan olmadı. Yəqin bir-birinə qoşulub harasa gediblər. Dördüncü qapıya yaxınlaşdım. Yenə də bağlı.  Heç ağlıma gəlməzdi Asyanın qapısını  döyərəm. Tərslikdən həmin anda küçənin o biri başında Asyanın hər gün gəlib- getdiyi  bahalı maşın  gəlib saxladı. Özü də necə, lap  pusquda dayanan kimi.  Ürəyim döyünməyə başladı. Daha qapını döymüşdüm, geri çəkilə də bilməzdim. Elə o anda  3- lük  yenə də tində peyda oldu.
Qapını 35-40 yaşlarında ortaboylu qadın açdı.  Ev sahibindən eşitmişdim ki, Asyanın bacısı qızı rayondan gəlib ev işlərini görür, o da onun ailəsini dolandırır. Adı da Gülərdir. Qapının ağzında əlimdəki çaydanı göstərib vəziyyəti Gülərə başa saldım. O, təkidlə məni içəri dəvət etdi.  Asya qapısı açıq  otaqda güzgünün qarşısında dayanıb bəzənirdi. Əynində yaxası zərli zərif xalat vardı. Qara buruq saçları çiynindən aşağı tökülmüşdü. Sifəti parpar parıldayırdı. Hərdən zümzümə edirdi, hiss olunurdu ki, kefi kökdür.  Gülər məni uzaqdan ona təqdim etdi.  
-Qonşuda kirayədə qalan  tələbə qızdır. Su lazımdır. Özü də mətbəxə keçib çaydanı krantın altına tutdu.
-Hə, nə olar,- Asya dilləndi- xoş gəlib, nə lazım olsa gəlib götürsünlər. Tələbəçilikdir, biz də tələbə olmuşuq. Denən çəkinməsinlər.
Açığı bir anda Asyaya ürəyim qızdı. Gülər çaydanı doldurub kənara qoydu.
-Sən allah, beş dəqiqə mənə kömək elə. Gəl, bu xalçanı qatlayaq, böyükdür tək qatlamaq olmur. Mən xalçanın qırağından yapışdım. Asya artıq bəzənib-düzənmişdi. Ətrinin iyi hər tərəfə yayılmışdı. Sifətində sanki güllər açılmışdı.  Güzgünün qabağında o tərəf-bu tərəfə fırlanıb evdən çıxdı.
Gülər xalasının ardınca maraqla baxdığımı görüb:
-Asya  həmişə gözəl geyinməyi, bəzənməyi xoşlayır. Bu yerdə əlüstü izahat verməyi də unutmadı: -Onu adıyla çağırıram, özü belə xoşlayır. Həm də aramızda nə yaş fərqi var ki?.. Deyim ki, şəhərdə iki- üç nəfər gözəl geyinən varsa, biri də odur, -dedi.  -Xarici ölkələrdən “marka” paltarlar gətirir. Bir xasiyyəti də var, gərək bunun paltarından şəhərdə heç kimdə olmasın.
-O doğrudur ki,  filan məşhur müğənni də ondan paltar alıb geyinir?
- Elədir, Güər gülümsündü- olur belə şeylər. Onun kömək etdiyi adam çoxdur. Elə rayondakı qohum -əqrabanı da o saxlayır. Sizdən əvvəl kirayədə qalan qızlara da xeyli kömək edib. Böyük adamlarla oturub-durur. Adamın pulu çoxdur, geninə- boyuna xərcləyir. Gülərin səsində gizli bir paxıllıq, həsəd də hiss etdim.
-Tindəki 3-lük  nəsə planlaşdırır. Onun vəzifəli dostundan xoşları gəlmir. Nə vaxtsa davaları düşəcək.
Gülər hündürdən güldü.
-Asyanın dostluq etdiyi adam elə vəzifədə çalışır ki, istəsə bir dəqiqədə onları küçədən süpürüb atar. Asya belə şeyləri çox görüb. Ölmüşdü elə.  Heç vecinə də deyil. Əvvəl kasıb  olub. Yoldaşından ayrılandan sonra bu ev- eşiyi düzəldib. Əri də bir döydümölməzin biriydi. İndi Mərdəkanda, anasının yanında yaşayır. Uşağa görə rəsmi boşanmayıblar. Oğlu xaricdə təhsil alır. Asya  istəmir uşağın ürəyi sınsın.  O, Məsməyə də Aslan əsgərlikdə olanda çox köməkliyi dəyib. Elə sizin evin sahibinə də. Balaca oğlu Rusiyaya gedəndə sənədlərini düzəldəmmirdi, xalam düzəltdi. Elə biletini də xalam aldı. Eşitmişəm indi qeybətini edirlər.
Düzü, mən öz payıma,  ev sahibinə görə bir qədər utandım, özümü nəsə xəcalətli hiss etdim. Gülərə  xalçaları qatlayıb yığmaga kömək etdim. Bir xeyli söhbətləşdik, sonra onlardan çıxdım.
Əlimdə çaydan Asyagildən çıxanda uşaqlar hələ tindəydilər. Mənə təəccüblə, bir qədər də acıqlı-acıqlı baxırdılar. Demək Asyanın dostunu hələ əzişdirməmişdilər. Yenə də sabaha saxlamışdılar. Aslan: -Yox e... əzişdirmək lazımdır. Gedib hansı cəhənnəmdə istəyir gözləsin, gəlib burda dayanmasın. Sabah dərsini verərik,- Arif dilləndi.
Günorta dərsə gedəndə 3-lükdən bir qədər aralanmışdım ki, arxadan məni çağırdılar. Arifi görüb təəccübləndim.
-Bacı, xətrinə dəyməsin,  bayaq gördük, sənin elənçinə adamların evinə gedib-gəlməyini məsləhət bilmirik. Yenə də özün bax.
Açığı, bərk alınmışdım. Özümü birtəhər avtobudsa saldım.
Evə qayıdanda  3-lük  tində yoxuydu. Sonra isə xəbər sürətlə hər tərəfə yayıldı: Müharibə başlayıb!  Sonra ikinci, üçüncü, dördüncü qapı tez-tez  açılıb örtüldü. Səhəri gün, səhəri gün yox e, ümumiyyətlə  daha heç vaxt  onları  buküçədə görün olmadı.
скачать dle 12.1

Şərhlər