SON DƏQİQƏ

ÇİN OLAN YUXULAR

Tarix:

1-01-2024, 11:44

/ 3 827 dəfə oxundu.
ÇİN  OLAN YUXULAR

RƏNA TƏBƏSSÜM(İMANOVA)
(Hekayə)
Köhnə illə vidalaşmaq istəməyən balaca Vidadi anasının bəzədiyi yolkanı bəyənmirdi. Oğlunun qaşqabağını görən ana ona yaxınlaşıb könlünü almaq istədi:
-Can bala, neçə vaxtdır kefin açılmır. Bir neçə gündən sonra təzə il gəlir. Gör sənin üçün 
necə gözəl yolka bəzəmişəm. Şaxta baba da sənə hədiyyə gətirəcək. Mən istəyirəm ki, sən də balaca dostların kimi deyib güləsən, sevinəsən, amma üzün heç gülmür. Bəlkə səni uşaq bağçasında incidən var, hə? Əgər varsa, çəkinmə de. Mən sənin ananam, buna yol vermərəm.
-Yox ana, məni bağçada hamı çox istəyir. Tərbiyəçimiz deyir ki, mən başqa uşaqlardan 
bacarıqlıyam. Çəkdiyim rəsmlərə görə bağçamız sərgidə birinci yeri tutub.
-Hə, sən həqiqətən istedadlısan.
-Ana, mən atam kimi memar olmaq istəyirəm.
-Gözəl arzudur. İnşallah, böyüyəndə memar olarsan. Layihəsini verəcəyin hər bir iş sənin 
sənət taleyin sayılacaqdır, amma  çalış atan kimi qorxmaz ol.  Sən ki bilirsən, atan könüllü davaya getdi.  Qarabağ uğrundakı müharibədə bir il uç ay erməni ilə üz-üzə döyüşdü. Məktublarında yazırdı ki, iki erməni tankı vurub, neçəsini öldürüb. Sonra isə...
Balaca Vidadi anası Cəmilənin danışdıqca kövrəldiyini görüb ona qısıldı. Körpə əllərini anasının üzünə sürtüb dedi:
-Ana, mən atamı şəkillərdə görmüşəm. Hərbi paltarda çəkdirdiyi şəkilinə baxıb öz əlimlə 
onun portretini yaratmışam. Portreti indiyədək sənə göstərməmişəm, otağımda elə yerdə gizlətmişəm ki, tapa bilməyəsən, amma indi gətirib göstərəcəm.
Vidadi öz otağına keçib portreti gətirdi. Cəmilə oğlunun əl qabiliyyətinə heyran qaldı. Əziz balasını bağrına basıb: - Əhsən! Sənin gələcəyin böyükdür, - dedi.
Vidadi atası haqqında daha çox bilmək istəyirdi. Anasını məcbur etdi ki, üzünü görmədiyi atasından danışsın. Vidadi dedi:
Atamın kimliyini bilməyə mənim haqqım var. Sən mənə onun könüllü olaraq davaya 
getdiyini, Qarabağ azad edildikdən sonra qayıdacağını demisən. Ana, mənimlə bir bağçaya gedən uşaqların da atası torpaq üstə düşmənlə vuruşmağa gedib, amma qayıdıb gələnləri var. Dostum Cəbrayıl danışır ki, atası müharibədə yaralanıb, bir qolunu itirib. Amma evdəkilər şükür edirlər ki, sağ-salamat qayıdıb. Hər dəfə dostum atasından danışanda mən özümü kimsəsiz, arxasız sanıram. Mənim atamdan bir xəbər yoxdur. Xahiş edirəm, ana mənə atamdan nə bilirsənsə, hamısını danış.
Cəmilə ana oğlunu qucaqlayıb dedi:
-Oğlum, atan haqqında hər şeyi öyrənməyə, bilməyə haqqın var. Axı, mən sənə daha nə 
deməliyəm ki? Körpə idin, bir yaş iki aylıq... Ayaqların təzə yer tuturdu, danışmağa da təzə başlamışdın. Başa düşürsən, mənim üçün elə indi də körpəsən, beş yaşındasan da... Eh... Hər dəfə dilindən çıxan ata, ata kəlmələri atanın sevincinə səbəb olurdu. Kim bilərdi ki, yerə-göyə sığmayan sevincimiz bir gün tükənəcək... İki millət arasındakı elan olunmayan müharibə başlayanda atan Qələndər hərbi komissarlığa gedib könüllü ərizə verdi. Son dəfə bizi bağrına basıb çoxlu öpdü. Sanki...  
Vidadi anasının nəmli gözlərini toppuş əlləri ilə silib soruşdu:
-Sanki nə?
-Sanki bilirdi ki, bir daha bizi görməyəcək. Son məktubunu Ağdamdan göndərmişdi. 
İndiyədək nə ölüsündən, nə də dirisindən xəbər var. Hərbi komissarlıqdan maraqlanmışam, deyirlər ki, guya itkin düşüb.
-Ana ağlama, elə bilirəm ki, atam doğrudan da itkin düşüb. Ana, mən yuxularımda da 
atamı görürəm.
-Necə görürsən? Danış, tez ol danış, Vidadi!
-Ana, yuxuda görürəm ki, atam at belində evimizə gəlib. Məni bağçaya o aparır. Uşaqlar 
da mənim atamı görürlər.
-Kaş ki, yuxun çin olaydı, bala!
Cəmilə balasının başını dizinin üstünə qoyub tumarladı. Beləcə, şirin xəyalların dalğasında Vidadi yuxuya getdi. Onu çarpayısına uzatdıqdan sonra Cəmilə də yatdı.
Gecənin yarısı idi. Bərk-bərk döyülən qapının səsindən qorxan Cəmilə yatağından dik atıldı. Oğluna tərəf baxdı, Vidadi mışıl-mışıl yatırdı. Sakitcə qapıya yaxınlaşıb gözlükdən baxdı. Qaranlıq olduğundan kim olduğunu aydın görə bilmədi, ancaq qapıdakı adamın qısa qara gödəkçə və boz rəngli şalvar geyindiyini zorla seçdi. Geri çəkilib düşündü:
-Aman Allah! Gecənin bu vaxtı kim ola bilər? Qapını açmayacam, səhərə qədər döysə 
də açmayacağam. Bəlkə oğrudur, ya da ki qatil?! Kim bilir gecə vaxtı nə niyyətlə qapıya gəlib? 
Qapı yenə də bərk-bərk döyülürdü. Bu dəfə səsə balaca Vidadi də oyandı. Anasını qapı ağzında görüb soruşdu:
-Ana, qapını niyə açmırsan?
Ana uşağına işarə ilə sakit durmağı başa saldı.
Qapı arxasındakı adam evdən gələn uşaq səsini eşidib qapını daha da möhkəm döyməyə başladı. Ana-bala qulaqlarına gələn kişi səsindən qorxub dəhlizin küncünə qısıldılar. Cəmilə balasını bağrına basıb ağlayırdı. Qapı arxasından gələn kişi səsi onları daha da qorxutdu: 
- Açin, tez olun, qapını açın! Sonradan: - Cəmilə mənəm,aç qapını! Qorxma, Qələndərdir, kəlmələri Cəmiləni ürəkləndirdi. Ancaq qapını açmağa yenə də ehtiyat etdi və gözlükdən bir də baxdı. Qələndər kibrit yandırmışdı ki, arvadı onu heç olmasa, kibrit işığında tanıya bilsin. 
Cəmilə gözlükdən diqqətlə baxanda gözlərinə inanmadı. Elə bildi ki, qaranlıq və uzun gecənin sehrinə düşüb. Vidadi anasından əl çəkmədi, onu qapını açmağa məcbur etdi. 
-Ana, qapını aç. Qələndər mənim atamın adıdır. Qorxma, aç! Mən ki, sənin yanındayam. 
Balaca olsam da evdə bir kişiyəm. Axı, özün həmişə deyirdin ki, bu evin kişisiyəm. Qorxma, mən burdayam, aç qapını.
Cəmilənin üzündə yaranan gülüş onun yaşadığı evin qapısına və divarlarına həmişəlik hopdu. Evin balaca kişisinə baxıb ürəkləndi və qapını açdı. Qələndəri görcək sanki, ağlı başından çıxdı və oğlunun yuxularının çin olduğuna inandı. Qələndər onlara sarılıb sevincindən ağladı. Həsrətində olduğu oğlunun üzündən-gözündən öpməyə, yalamağa başladı və iyini indi almağa calışdı. Atasının qucağından yerə duşməyən Vidadi anasına baxıb dedi: 
- Atama axır ki, qovuşdum. Yuxularım çin oldu, ana! Mən yuxularımda görmüşdüm, inanırdım ki, bir gün atam gələcək. Bu gecə atamın qəfil gəlişi mənim üçün ən böyük yeni il hədiyyəsidir.
Cəmilə balasının ata həsrətinə son qoyulduğuna sevindi. Qələndərə yönələn sual dolu baxışlarda həm sevinc, həm də  tənhalığın, onsuz ötən illərin kədəri var idi. Qələndər dəhlizdəki divardan asılmış güzgüyə baxdı. Ağ saçlarına sığal çəkib dedi: 
- Məni əsirlik tez qocaltdı. Yaxşı ki, əsirlikdən qaçıb canımı qurtara bildim. Bir daha ayrı düşmərik. 
Vidadi üzünü atasının üzünə yapışdırdı və dedi: 
- Ata, sabahdan məni bağçaya sən aparacaqsan. Uşaqların hamısının atası var, qoy mənim də atamı tanısınlar.
Qələndər gülümsünüb dedi:
-Baş üstə! Sən də atanın üzünü ağ elə, bala. Biz bundan sonra yenə bir yerdə 
olacağıq. Gələcəyin əsgəri, bil ki, torpaq uğrunda insan canını da verməlidir. Biz düşmənlərə həmişə qalib gələcəyik! 
Balaca Vidadi çin olan yuxularına inandığı kimi atasının istəklərinin də gerçək olacağına inanırdı. 
Sumqayıt şəhəri,
dekabr 2023-cü il
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ