SON DƏQİQƏ
» » Axır ki qayıtdıq, gözlərin aydın... - Zemfira Məhərrəmli yazır

Axır ki qayıtdıq, gözlərin aydın... - Zemfira Məhərrəmli yazır

Tarix:

27-02-2024, 18:10

/ 2 944 dəfə oxundu.
Axır ki qayıtdıq, gözlərin aydın... - Zemfira Məhərrəmli yazır

Faiq Balabəylinin Vətən şeirləri üzərinə
Faiq Balabəyli çağdaş şeirimizdə dəyər verilən və sevilən isimlərdəndir. Onun zərif duyğular, kövrək ovqat, həzinlik yaradan şeirləri sənətdə həm də yanımcıllıq nümunəsidir. Şairin ciddi məramları ilə fərqlənən şeir yaradıcılığında insana məhəbbətlə yanaşı, Vətən, torpaq, yurd sevgisi də mühüm yer tutur. Bu isə ədəbiyyatımızın orta nəslinin nümayəndəsi, istedadlı qələm sahibi, ixtisasca dənizçi olan, “mən gəmi kapitaniyam” deyəndə fəxr-fəxarət hissi keçirən Faiq Balabəylinin elin layiqli övladı olmasının göstəricisidir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Müstəqil.az saytının yaradıcısı və baş redaktorudur. Müəllif  “Eh, ayrılıq, nə yamansan”, “Kəsilməyən həyəcan fiti”, “Sənə yazılan şeirlər”, “Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz”, “Bayıldan bayıra”, “Yağışdan sonra” və digər kitabların müəllifidir. Xalq şairi Sabir Rüstəmxanlının fikrincə, “Faiq Balabəylinin poetik nəfəsində dənizin təmiz havasına bənzər bir təravət və saflıq, çırpınan dəniz narahatlığı var... Müəllifin şeirlərində günümüzü qaraldan, nəfəsimizi daraldan müharibə faciəsini, torpaq itkisinin ağrılarını göstərən və onun fəal şair-vətəndaş mövqeyini müəyyənləşdirən nümunələr çoxdur.” O, şeirlərində Vətəni necə sevdiyini belə izhar edir:
Mən sənsiz belə darıxdım –
əllərimi otlarına sürtdüm,
gözümü meşələrinə dikdim...
sənə gələn ağıları, ağrıları
içimdən keçirdim...

Mən səni belə istədim –
Yarpaqlar küləksiz əsmədiyi kimi, 
Yağışlar kəsmədiyi kimi...
Mən səni belə sevdim,
Mən səni belə oxşadım,
Vətən!


Şair, torpaqlarımızın uzun illərdən bəri bədnam erməni quldurların işğalında qaldığı illərdə Vətən dərdindən yazırdı:
Hər gün istədim ki, 
Durum dolanam başına, –
Başını tapa bilmədim,
ayağına döşəndim...
Qısıldım ayaqlarına,
Bir hovur yata bilmədim.

Yağıya uduzmağın, məğlubiyyət acısı yaşamağın doğurduğu xəcalət sindromuna bürünmüşdük o illərdə. O vaxtlar gənclik çağlarını yaşayan Faiq Balabəylini də yandırıb-yaxan, daim narahat edən bu hisslər idi. Utanc hissini gizlədə bilməyən şair “Vətənə ağı” şeirini bu fikirlərlə bitirmişdi:
Elə istəyirəm ki, 
Sənin üçün ölümə gedəm;
Buna görə yaşamaq istəyirəm,
Yaşamaq!..
Utanırsan elə bil –
Hər kəsdən yaşınmaq istəyirsən,
Vətən!

El-oba, Vətən dərdini dilə gətirmək, yurdun sevincinə fərəhlənib, kədərini bölüşmək, lal-dinməz dünyanın uzun illər ərzində susqunluqla qarşıladığı həqiqətlərimizi çatdırmaq hər yazarın işi deyil:
Bir el görsən
Qızıl kimi torpaqları
Yad əllərdə parçalanıb –
O el – bizim elimizdir!
O yurd – bizim yurdumuzdur!

İtirdiyimiz yurd yerlərinə, kəndlərimizin bir-bir boşalmasına şair ürəyi tab gətirmir. “İndi bu kəndlərin yiyəsi yoxdu!” şeirində müəllifin yaşadığı ruhi əzab, üzüntü bizə bəlli olan məşum dövrdə yurd yerlərimizin halətiylə həmahəngdir: 
    Başında papağı olan kişilər, 
    Yadımda heykəltək qalan kişilər    
    Kəndin küçəsindən yoxa çıxıblar, 
    Elə bil bu kəndin yiyəsi yoxdu!

Uzun illər göz-gözə qaldığımız bu dərd, həqiqətən, dözülməz idi, namərd qonşunun hiyləsi sinəmizə çalın-çarpaz dağ çəkilmişdi. Qüssə-kədərimiz, intiqam yanğısı F.Balabəylidən də yan keçməmişdi. Başımız üstündəki ruh oxşayan mavi ənginlikdən əsər-əlamət yox idi. Rəngi çoxdan itmiş səmamızda nələr baş vermirdi o vədələr, o çağlar? Şairin Qarabağ şeirlərindəki sərt realizm, ötkəm yanaşma kələfi dolaşıq düşən olayları çevik, dinamik tərzdə nəql eləyirdi. “Vur, komandir, vur” şeirində olduğu kimi: 
Axı gəlir, nişana al,
dayanma vur, komandir, vur!
O uçağı daşa basım buradan.
gör necə də bizim göydə o uçur.
Vur, komandir, vur!
O səmada qanad açan quş bizim,
torpaq bizim, bulud bizim, daş bizim.
Nə vaxtadək səbrim üstə daş düzüm?!
Vur, komandir, vur!

Həyəcanla oxunan, azğın düşmənlə mübarizəyə, həsrətlə yolumuzu gözləyən yurd yerlərimizi azad etməyə çağırış olan bu şeir poeziyamızda Qarabağ mövzusunda yazılmış gözəl nəzm nümunələrindəndir: 
Nə müddətdir sapsarıdır yaşılım,
tez əmr ver, düşmənimlə savaşım.
Qoy vurulum, torpağıma qarışım
Vur, komandir, vur!

Şair düşmənin yarasa, xarabalıq sevən bayquş yuvasına bənzər səngərlərini nişan alan, tətik çəkən igidlərin barmaqlarını, polad biləklərini öpüb gözü üstünə qoymaq istəyir. Müəllif cəsur oğulların varlığını doğma od-ocağımıza, müqəddəs səcdəgahlarımıza bərabər tutur: 
Tətik çəkən barmağını öpüm gəl
tuti bilim, gözlərimə təpim gəl
ocağım ol, səcdəgahım, pirim, gəl
Vur, komandir, vur!

 
Bu nəzm parçasındakı komandir və siravi əsgər obrazları işğal edilmiş torpaqlarımızın düşməndən tezliklə təmizlənəcəyinə müəllifin ümidinin və dərin inamının ifadəsidir. Həmin obrazlar rəşadəti, hünəriylə, yağını geri oturdan dəqiq həmlələriylə az sonra qazanacağımız parlaq Qələbənin əsasını qoyanlardır. 
Şair deyir ki, “yağı tapdağında qalmış torpaqlarımızı al qanımızla geri qaytarmaq, əsir düşmüş yurd yerlərimizə sahib çıxmaq ən böyük arzumuz idi. Nə xoş bizə, rəşadətli ordumuz, müzəffər Sərkərdəmiz, igid əsgər və zabitlərimiz bu möhtəşəm Qələbəni bizə yaşatdılar”. 
Dönməz Ordumuzun 44 günlük Vətən müharibəsində bizə ərməğan etdiyi Zəfərin sevinc hissini yaşamaq bir söz adamı kimi, Faiq Balabəylinin də nəsibi oldu. O, çoxdan həsrətlə gözlədiyi Qələbəmizi vəsf edən şeirlər yazdı. Orijinal müəllif müdaxiləsi, bəzən sevinc, bəzən kədər dolu notlar üzərində köklənmiş “Şuşa” şeiri kimi. Şair elatın torpağa bağlılığını, bitib-tükənməyən sevgisini sözdən yaratdığı bədii lövhələr, yeni poetik deyimlərlə dilə gətirir:
Mənim qoca şəhərim, mənim uca şəhərim,
neçə ilin həsrətini çəkən, yorğun şəhərim!
Özümüzdən çox uzaq,
könlümüzə çox yaxın,
gözümüzlə görünməyən tənha, oğrun şəhərim!
Axır ki, qayıtdıq, gözlərin aydın!..
 
Nizama düşəcək qarışıq küçələrin,
verəcək özünə yaraşıq küçələrin...
Qaranlıqlar yox olacaq, işıq küçələrin
üzünə xal kimi düşən şəhərim!..
Gözəldir hər tinin, guşən, şəhərim,
axır ki, qayıtdıq, gözlərin aydın!

 
Zemfira Məhərrəmli
yazıçı-publisist
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ