SON DƏQİQƏ
» » İranın yeni prezidenti azərbaycanlı ola bilər

İranın yeni prezidenti azərbaycanlı ola bilər

Tarix:

28-05-2024, 10:31

/ 3 109 dəfə oxundu.
İranın yeni prezidenti azərbaycanlı ola bilər

Bu gün – mayın 28-dən İranda keçiriləcək erkən prezident seçkisinə qatılacaq namizədlərin ilkin qeydiyyatı başlanır. 
Seçki bir ay sonra – iyunun 28-nə təyin edilib. 
GunAz.az xəbər verir ki, yerli KİV növbədənkənar prezident seçkisinə namizədliyi irəli sürülməsi ehtimal olunan şəxslərin adlarını açıqlayıb.
Onların arasında Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkian, Həmədandan olan İran Mərkəzi Bankının keçmiş rəhbəri Əbdülnasir Hümməti və bir çox əhəmiyyətli vəzifələrdə işləmiş marağalı Möhsün Mehrəlizadənin də adları var. Belə desək, İranın prezidenti azərbaycanlı ola bilər. Siyasi şərhçilərə görə, adıçəkilən azərbaycanlıların, xüsusən Məsud Pezeşkianın prezident olmaq şansı yüksəkdir. Lakin azərbaycanlıların islahatçı mövqelərinə görə ali dini rəhbər Seyid Əli Xameneyi və ətrafının buna imkan verəcəyi gözlənilmir. Bundan əvvəlki prezident seçkisində həmədanlı Əbdülnasir Hümməti İbrahim Rəisinin ən ciddi rəqibi hesab edilirdi.
Lakin onlarla yanaşı, İshaq Cahangiri, Məhəmməd Cavad Zərif, Mahmud Əhmədinejad, Məhəmməd Bagir Qalibaf, Məhəmməd Müxbir, Məhcəmmədrza Arif, Məhəmməd Bagir Nobəxt, Səid Cəlili, Hüseyn Dehqan, Həddad Adil, Pərviz Fəttah, Əlirza Zakani, Möhsün Haşiməli Laricaninin də növbəti prezident seçkisində iştirakı gözlənilir. İran mediasında hazırda prezident vəzifələrini icra edən Məhəmməd Müxbirin, eləcə də Məhəmməd Bagir Qalibafın adı çəkilir. Maraqlıdır ki, İranın 6-cı prezidenti Mahmud Əhmədinejadı onun evində ziyarət edənlərdən biri “ölkənin vəziyyətini yaxşılaşdırmaq və seçkilərdə görünməsinə zəmin hazırlamaq” üçün ondan qeydiyyatdan keçməsini xahiş edib. Əhmədinejadın cavabı belə olub: “Araşdıracam və uyğun olarsa, mütləq iştirak edəcəm, çünki İranda və dünyada baş verən proseslər kəskin şəkildə dəyişir, ölkənin vəziyyəti çox həssas və təhlükəlidir”.
Mahmud Əhmədinejadın etnik mənsubiyyəti barədə məlumatlar fərqlənir. Onun azərbaycanlı, talış, hətta yəhudi əsilli olması barədə iddialar səsləndirilir. 2005-ci il iyul ayının 24-də keçirilmiş prezident seçkisinin ikinci turunda o, qələbə qazanıb, həmin ilin avqust ayının 3-də bu vəzifədə Məhəmməd Hatəmini əvəz edib. Bundan əlavə, İbrahim Rəisinin xanımı Cəmilə Ələməlhudanın öz namizədəliyini irəli sürəcəyi istisna edilmir. Xameneyinin oğlu Müctəba Xameneyinin adı da iddiaçılar arasında hallanmaqdadır. Bəs hazırda ən şanslı namizəd qismində kim görünür? Etnik azərbaycanlı olan Xameneyinin seçimi kimin üzərinə düşə bilər?
Politoloq Elxan Şahinoğlunun fikrincə, islahatçı qanadın iyunda İranda keçiriləcək prezident seçkisində uğur qazanacağını söyləmək çətindir: “Mühafizəkarlar öz tərəfdarlarından birini bu kürsüyə seçilməsinə çalışacaqlar. Ali dini lider Əli Xameneyi də İbrahim Rəisini əvəzləyəcək şəxsin mühafizəkarların düşərgəsindən olmasını istəyəcək. İranda son prezident seçkisi səs verənlərin sayının xeyli azalması ilə müşahidə olunmuşdu. “İslahatçılar” adlandırılan qrupun seçkidə uğur qazanacağını söyləmək çətindir. Mühafizəkarlar İsrailin obrazında “xarici düşmən”lə mübarizə fonunda mövqelərini əllərindən verməməyə çalışacaqlar”. E.Şahinoğlunun dediyinə görə, İran prezidentinin ölümü ilə yadda qalan helikopter qəzası ilə bağlı müzakirələr illərlə davam edəcək.
Siyasi şərhçi Ramiyə Məmmədova konkret ad çəkməsə də, konservantlardan birinin prezident olacağını gözləyir: “Xameneyinin oğlu da ola bilər. İran mətbuatında buna işarə edilir. Amma onun adı həm də atasından sonra ali dini rəhbər kimi keçir. Hazırda vitse-prezident Müxbir kifayət qədər təcrübəli adamdır. Onun Xameneyi ilə də yaxşı əlaqələri var. Ola bilsin ki, onun üzərində dayansınlar. Məhəmməd Bagir Qalibaf parlament sədridir, prezident olması sual doğurur. Seyid Cəlili də mümkündür. Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibidir. Hələlik ali dini liderin hansı namizəd üzərində dayandığı hiss olunmur, hər hansı açıqlama da verməyib, kimə simpatiyası olduğuna da eyham vurmayıb. Ona görə proqnozlaşdırmaq çətindir. Sadəcə, İran teokratik dövlətdir, ali rəhbər böyük səlahiyyətlərə malikdir, prezidentin kimliyi böyük əhəmiyyət kəsb etmir. Yalnız onu demək olar ki, ultra-sağçı qüvvələr daha da möhkəmlənəcəklər”. Ekspert seçkinin sakit keçəcəyini təxmin edir: “Rəisinin ölümündən sonra iğtişaşlar baş vermədi, aksiyalar olmadı. Baxmayaraq ki, onun prezidentliyi dövründə Məhsa Əmininin öldürülməsinə etiraz olaraq aylarla mitinqlər keçirilmişdi. O baxımdan seçki dinc keçəcək və İranın siyasi sistemi qaldığı yerdən davam edəcək. Məncə, kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycanla münasibətlərə də mənfi təsiri olmayacaq”.
Xatırladaq ki, İran prezidenti İbrahim Rəisinin içərisində olduğu helikopter mayın 19-da Azərbaycanla sərhəddən Təbrizə qayıdarkən Şərqi Azərbaycan əyalətinin Vərzəğan və Culfa şəhərləri arasındakı dağlıq bölgədə qəzaya uğrayıb. Qəzaya uğrayan helikopterdə prezident İbrahim Rəisi ilə yanaşı xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbrizin imamı Seyid Məhəmməd Ali Haşim, general Seyid Mehdi Musəvi, Prezidentin mühafizə xidməti rəhbəri, mühafizəçilər və 3 nəfər heyət üzvü də həlak olub.
(Yeni Müsavat)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ