İranda parlament seçkilərində iştirak edən namizədlər hakimiyyətə bağlı insanlardır. Yalnız Nigəhban Şurasının süzgəcindən keçən insanların namizəd kimi iştirakına icazə verilir. Həmin namizədlər isə xalqın deyil, hakimiyyətin yanındadır.
Bu sözləri güneyli milli fəal Sürgün Günəş İranda mart ayında keçiriləcək parlament seçkiləri haqqında danışarkən deyib.
Günəş Güney Azərbaycan türklərinin əksəriyyətinin bu seçkilərdə iştirak etməyəcəyini bildirib:
“Biz seçkiləri boykot edirik. Xalqımızın çoxu seçkilərə qatılmayacaq. İndiki vaxtda seçkilərdə iştirak etməyimiz Urmiya gölünün qurudulmasına, ekoloji fəlakətə, iqtisadi problemlərə səs vermək olardı”.
Sürgün Günəş hesab edir ki, boykot qərarı böyük mənada seçkilərin nəticəsinə təsir etməsə də, milli hərəkat üçün müsbət təsir buraxacaq:
“Daxildə hakimiyyətin çirkin siması açıldıqca millətimiz də onlardan üz döndərir. Hətta deyərdim ki, Güney Azərbaycanda millətimizin böyük əksəriyyəti daha seçkilərdə öz səsini kiməsə vermək istəmir. Həm namizədlərə, həm də parlamentdə qəbul ediləcək qərarlara güvən itib. Çünki Məclis xalqın səsini təmsil etmir. Biz buna Urmiya gölündən sonra bir daha əmin olduq. Hökumətin qərarsızlığı Azərbaycan millətini yenidən düşünməyə vadar etdi. On illərdir etiraz edirik, lakin müsbət bir nəticə əldə olunmayıb. Bilirik ki, hakimiyyət bizə istədiyimizi verməyəcək. Odur ki, milli fəallarımız buna etiraz olaraq seçkiləri boykot edir. Hakimiyyət bizim boykot qərarımıza hər hansısa siyasi don geyindirib, öz xeyirinə çıxacaq. Belə olacağına şübhəmiz yoxdur. Amma ən azından hakimiyyətdə bir sual da yaranacaq ki, insanlar niyə seçkiyə qatılmaq istəmir? Ümid edirik ki, bunun bir təsiri olacaq”.
Onun sözlərinə görə, artıq hakimiyyətdə onların boykot qərarı narahatlıq yaradıb və hər vasitə ilə xalqın seçkilərə getməsini istəyirlər:
“İndi də milləti hədələməyə başlayıblar. Yüksək rütbəli məmurlar seçkilərə qatılmayanları cəzalandıracaqlarını deyirlər. Müxtəlif yollarla xəbərdarlıq göndərib, boykot qərarından vaz keçməyə çağırırlar. Biz isə qərarımızdan dönmək niyyətində deyilik. Mənə bir neçə dəfə dolayısı ilə xəbər çatdırıblar ki, boykot çağırışlarından imtina edim və xalqı da seçkilərdə iştiraka inandırım. Lakin cavabım birmənalı şəkildə belə oldu ki, Qərbi Azərbaycanda kürd–türk problemi və bizi narahat edən onlarla məsələ həll olunmayınca, heç bir seçkidə iştirak etməyəcəm. Nə qədər ki, səsimizi eşitməyiblər, seçkilərə getməyəcəyik və nəticələri də bizim üçün maraqlı deyil