Birinci Qarabağ müharibəsində şəhid olan Elçin Şükürovun həyat yoldaşı Çimnaz Baxşıyeva ona indiyədək ev verilməməsindən şikayətçidir.
Məlumat üçün bildirək ki, Şükürov Elçin Siyavuş oğlu 1962-ci il sentyabrın 6-da Bakı şəhərində anadan olub. O, 1992-ci ildə könüllü olaraq döyüşə qatılıb. Ağdərə istiqamətində gedən döyüşlər zamanı Qozlu kəndində şəhid olub. Birinci Fəxri Xiyabanda dəfn olunub.
Çimnaz xanımın müraciətini olduğu kimi təqdim edirik:
"Həyat yoldaşım rəhmətə gedən vaxtı Günəşli qəsəbəsində bir otaqlı evdə qalırdıq. Elçin şəhid olandan sonra mən ev növbəsinə yazıldım. Dəfələrlə icra hakimiyyətindən zəng edirdilər, məndən rüşvət istəyirdilər. Suraxanı rayonunda növbədə idim. Sonra başa düşdüm ki, Suraxanıda pul vermədən, heç nə edə bilməyəcəm.
Neçə il keçdi, valideynlərim rəhmətə getdi və oğlumla onların evində yaşamağa başladım, Günəşlidəki evi satdım. 21 ildir ki, mən ev növbəsindəyəm. Dəfələrlə dövlət qurumlarına, hətta nazir Sahil Babayevə müraciət ünvanlamışam. Mənə verilən cavablar adətən şablon olur. Məktubda yazılır ki, 2014-cü il fərmanına uyğun olaraq 2028-ci ilə qədər siz ev ala biləcəksiniz.
Mənim artıq 60 yaşım var. 21 il gözləmişəm, daha 7 ildə gözləməliyəm? Şəhid ailəsi nə qədər gözləməlidir ki, ev verilsin. Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinə dəfələrlə məktub yazmışam. İyunun 16-da onlayın qəbulda iştirak etdim. Məni inandırdılar ki, problem həll olunacaq. Bir müddət keçdi evə baxış üçün adamlar göndərildi, onlar akt yazıb getdilər. Mənə dedilər ki, narahat olmayın, bir həftədən sonra işə baxılacaq və sizə ev veriləcək. Bir müddət sonra yenidən məktub aldım ki, hələ gözləməliyəm. Başa düşmürlər ki, 60 yaşlı insanın bir ayağı məzardadır. İkinci qrup əliləm, fəlsəfə doktoruyam. Evə baxış zamanı mən onlara göstərdim ki, kitab qoymağa belə yer yoxdur. Düzdür, mən vaqonda, çadırda yaşamıram, ancaq mənim də şəraitim yaxşılaşdırılmalıdır”.modern.az