SON DƏQİQƏ

Toy günündə şəhid olan kapitan

Tarix:

5-06-2021, 10:15

/ 4 258 dəfə oxundu.
Toy günündə şəhid olan kapitan

Xüsusi Təyinatlı Qüvvələrin zabiti, kəşfiyyatçı kapitan Elçin Mübariz oğlu İsmayılov 1989-cu ildə Ucar rayonunda anadan olub. Yaşasaydı, 32 yaşı tamam olacaqdı. Amma torpaqlarımızın işğal altında olması ona rahatlıq vermədi. Vətənin bütövlüyünü öz canından əziz tutdu, şəhidlik zirvəsinə yüksəldi.

Elçin İsmayılov 1995-2006-cı illərdə Ucar rayonundakı 1 saylı tam orta məktəbdə təhsil alıb. Təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Sonra təkmilləşdirmə kursunu bitirib və bir neçə ölkədə təlimlər keçib. Təlimlərdə hər zaman yüksək nəticə göstərən Elçin könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyi seçib. 2012-ci ildən N saylı hərbi hissədə qrup komandirinin müavini, 2014-cü ildən xüsusi əməliyyat qrupunun komandiri vəzifələrində xidmət edib. 2015-ci ildə Qazax və Ağstafa istiqamətindəki döyüşlərdə, 2016-cı ildə isə Talış istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Vətən müharibəsinin ilk günlərindən cəbhədə komandir kimi fəaliyyətə başlayıb. Murovdağ istiqamətindən başlayaraq Kəlbəcər, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 7-də Füzuli istiqamətində döyüşlərdə mühasirədə olan döyüş yoldaşlarını xilas edərkən düşmən snayperinə tuş gələrək şəhid olub.

Şəhid anası Dilşad İsmayılova deyir ki, üç oğlu var və hamısı müharibədə iştirak edib. "Elçin həmişə deyərdi ki, torpaqlarımızı biz almalıyıq. Vətəninə çox bağlı idi. Mənim üçün çox çətindir. Amma bir tərəfdən də qürurluyam. Elçinə şərəfli ölüm nəsib oldu", - deyə o bildirib.

Elçinin iki övladı var. Bu barədə danışan şəhidin həyat yoldaşı Sevinc İsmayılova qeyd edib ki, Elçin toy günündə şəhidlik zirvəsinə ucalıb: "Çox mərd, qəhrəman bir insan idi. Xüsusi təyinatlı olmaq üçün neçə müddət hazırlaşmışdı. Müharibə vaxtı zəng elədi ki, özünüzdən muğayat olun, irəli gedirik, inşallah, səsimiz Şuşadan gələcək. Ayın 8-i xəbər tutduq ki, şəhid olub. Çox qürur duyuram, çünki mən elə bir insanın, qəhrəmanın həyat yoldaşıyam. O, elə sağikən də qəhrəman insan idi".

Hər bir azərbaycanlı kimi, şəhidinə yüksək hörmət və ehtiram göstərən ucarlılar bu gün Elçin İsmayılovun məzarını ziyarət ediblər. Şəhidin ad gününü qeyd etmək, yaxınlarına təsəlli vermək məqsədilə rayon ərazisində salınmış Şəhidlər xiyabanına Elçinin yaxınları, hərbçi yoldaşları, məktəblilər və rayon sakinləri toplaşmışdılar. Burada şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri düzülüb.

2012-ci il oktyabrın 7-də ailə həyatı quran Elçin İsmayılov 2020-ci il oktyabrın 7-də şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ