SON DƏQİQƏ

Tam bir əsrin canlı şahidi

Tarix:

15-02-2020, 21:09

/ 3 503 dəfə oxundu.
Tam bir əsrin canlı şahidi

Həyatı bir fədakar insan ömrü üçün əsl qəhrəmanlıq salnaməsi sayılan Güleyşə nənəmizin 100 yaşı tamam olur

 

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək

Onun da həyatı yanmağındadır... 

 

Xalq şairi Bəxtiyar Vahabzadənin “Ömür”şeirindən bu misraları təsadüfən xatırlatmadım. Doğrudan da əsl insan ömrünü yaşamaq kimlər üçünsə yanmağındadır. Bu günkü bir əsrlik ömrə malik qəhrəmanımız Güleyşə nənə kimi.Tam bir əsrin canlı şahidi

Gəlin ilk öncə 100 yaşlı yubilyarlar yubilyarının (yəni iki əllinin) həyat tarixçəsinə qısaca nəzər yetirək. Güleyşə Əzizalı qızı Cəfərova 1920-ci ildə İmişli rayonunun Əlipənahlı kəndində anadan olub. Həyat tarixçəsinin böyük hissəsi də bu kəndlə bağlıdır. Uşaqlıq, yeniyetməlik, gənclik dövrü və ailə həyatı qurduqdan sonra da burada yaşayıb. Ömrünün 60 ilindən çoxu doğulduğu yurdu ilə bağlıdır. Sonradan ailə vəziyyəti ilə bağlı Beyləqan rayonunun Gödəklər kəndinə köçüb və hal-hazırda da burada mənalı ömrünü yaşayır.

Çoxları fikirləşəcək ki, Güleyşə nənəmizin həyat dəftərini təkcə onun 100 yaşının tamam olması münasibəti ilə vərəqləyirəm. Lakin bu heç də belə deyil. Onun həyatı bir fədakar insan ömrü üçün əsl qəhrəmanlıq salnaməsidir. Məhz Xalq şairi Bəxtiyar Vahabzadənin “Ömür”şeirinə də bunun üçün müraciət etdim.

Güleyşə nənə həyatın ən keşməkeşli, əzablı yollarını mərdi-mərdanə keçərək, yəni şair demişkən ömrünü valideynlərinə, övladlarına, yaxınlarına şam kimi əridərək bu günə gəlib çıxıb. O, yaradıcı insanlar üçün də əsl fədakar ana, nənə obrazıdır.

Həyatının gənclik illəri Böyük Vətən müharibəsinin aclıq-səfalət dövrünə təsadüf etsə də, sonradan da həyat onu bu çətinliklər məngənəsində daim sınayıb. Ancaq Güleyşə nənəmiz bu çətinliklər qarşısında nə sınıb, nə də əyilib…

Bu gün onun ötən günlərə nəzər salanda məğrurluğu daha da artır. Çünki həyat onu deyil, o həyatın məhrumiyyətlərinə qalib gəlib…      

Bəli, insan arzu və istəklərinə bağlı qalaraq yaşamamalıdır. Çünki insan ülvi qayələrə namizəd varlıqdır, əbədiyyət bayrağının daşıyıcısıdır, Güleyşə nənəmiz kimi. Ulularımız da deyib ki, fədakar o insandır ki, bütün məhrumiyyətlərə qalib gəlsin. Bu fədakarlıqla elə yaşamalıyıq ki, fani dünyadan köçdükdən sonra da ölməmiş kimi yaşayaq. Elə yaşamalıyıq ki, ölüm bizi almağa gəldiyi zaman, «bu xeyirxah insandır, bir az daha yaşasa» deyib tərəddüd etsin. Məhz bu əməlləridir ki, Güleyşə nənəmizə iki yubileyi üst-üstə yaşadır.

İnsan həyatının hər saniyəsi dərin hikmət çalarları, məna dağarcıqları ilə dop-doludur. Hər puça çıxan ümidin arxasından, yeni bir ümidlə həyata bağlanmaqdır, əsl yaşamaq. Nələri itirsək də, ümidimizi itirməməliyik, ümidi bizə bəxş edənin adı ilə döyünməlidir qəlbimiz hər hər zaman. Bu ümidlərdir ki, Güleyşə nənəni 100 yaşın da işığına qərq etdi. Ömrün daha uzun, həyat eşqin daim gur şölələnsin Güleyşə nənə, 100 yaşın mübarək!

 

Asəf ABBASOV

скачать dle 12.1

Şərhlər