SON DƏQİQƏ

Övlad həsrətilə yaşamış XANƏNDƏ

Tarix:

25-09-2019, 18:24

/ 3 181 dəfə oxundu.
Övlad həsrətilə yaşamış XANƏNDƏ

"Muğam bizim qəlbimizin xüsusi məqamıdır... Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə qayıdırıq. O artıq bizim həyatımızın hissəsi deyil, bizim özümüzdür".

Mehriban Əliyeva

Azərbaycan muğamlarının sorağı bu gün YUNESKO-dan gəlir. Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülən muğamımız Azərbaycan xalqının qan yaddaşında qalıb, xalqımızın qəlbində silinməz bir iz qoymuşdur. Muğamlarımızı dinləyəndə hər bir insanın ruhu qidalanır, mənəvi dünyası saflaşır, zənginləşir, gözəlləşir. Milli musiqi xəzinəmizin ən dəyərli incisi olan muğamımız və xalq mahnılarımız uzun illərin məhsuludur.

Muğam sənəti saya, ölçüyəqəlməz qədər zəngin bir sənətdir. "Cahargah", "Humayun", "Bayatı-Şiraz", "Şur", "Rast", "Şahnaz", "Dügah", "Zabul-Segah", "Şiştər" və s. kimi muğamlarımız nəsillərdən-nəsillərə çatdırılmaqla qorunub oxunub, bu gün oxunur və əsrlər boyu da oxunacaqdır.

 Azərbaycan muğamını təbliğ edib, bu günə çatdıranlardan biri də gözəl səsə malik olan, özünəməxsus ifasıyla könülləri fəth edən Ağababa Novruzov olub. Ağababa Novruzov 1932-ci il Xızının dilbər guşələrindən biri olan Qəriban kəndində anadan olub. Bu kənd çox qeyri-adi bir kənd olaraq seçilib. Kəndə yerli əhali dədə-babadan "Xızının Qarabağı" adını veriblər. Çünki Qəriban kəndində çox gözəl səsi olan insanlar olub. Buna ilk opera müğənnisi Hüseynqulu Sarabski, opera müğənnisi Məcnun və Koroğlu rollarını məharətlə canlandıran Şirzad Hüseynov və başqaları misal olaraq göstərilir. Həmin bu Qəriban kəndinin suyunu içmiş, təmiz havasını almış unudulmaz muğam ustası Ağababa Novruzov məhz bu səbəbdən də gözəl səsə malik olub. İlk təhsilini elə bu kəndin məktəbində alan Ağababa Novruzov sonralar ailəsi ilə birgə 1947-ci ildə Bakıya köçərək, təhsilini 161 saylı məktəbdə davam etdirir. Hələ gənc yaşlarından muğam sənətinin sirrlərini öyrənməyə maraq göstərir. Bu həvəs get-gedə onu muğama aludə olmağa sövq edir. Son dərəcə muğam sənətinə bağlı olan Ağababa Novruzovun bu gün də sevilməsi onu göstərir ki, o,əsl muğam ustası kimi özünü təstiqləyib. Bildiyimiz kimi muğam elə bir sənətdir ki, hər ifaçının öz tərzi,öz nəfəsi və öz sözü olmalıdır. Ağababa Novruzovun da özünəməxsus cəhəti muğamı varlığı ilə sevməsi idi. Muğam dəryasında ifasıyla, onu dinləyənlərin aləmində öz zirvəsini fəth edərək, imicini yarada bilmişdir. Demək olar ki, Abşeronun bütün kəndlərində - Hövsan, Türkan, Buzovna, Mərdəkan, Zirə, Nardaran, Maştağa, Kürdəxanı və s. elin adət-ənənəsi olan toylarımızda muğam dəstgahı qurub, həmişə sevilib-seçilib. Hətta deyilənə görə səs gücləndiriciyə belə ehtiyac duymayıb. 

 Mütəllim Mütəllimov, Yaqub Məmmədov, Hacıbaba Hüseynov və başqa böyük sənətkarlardan bəhrələnərək dərs alıb, muğamın sirrlərinə yiyələnmişdir. İndi də onu tanıyanlar səsinin Mütəllim Mütəllimovun səs bənzərliyinin eyni olduğunu söyləyirlər. Muğam ustalığında bəxti gətirən ustadın, övlad sarıdan elə də taleyi üzünü güldürmür. Ömür-gün yoldaşı Reyhan xanımla övlad həsrətinə son qoyacaqdılar, lakin uğursuz taleyin hökmü cəmi-cümlətanı iki-üç günlük üzlərini güldürə bilir və valideynlik hisslərini onlara yaşadır. İyirmi illik həsrətlə yol gələn körpələri "Ata-Ana" kəlməsini eşitməyi Ağababa ataya və Reyhan anaya ömürlərinin sonuna qədər eşitməyə həsrət qoyur. Övlad şirinliyinin dadını cəmi üç gün hiss edirlər, üç günlük dünyaya göz açıb, göz yuman körpələriylə...

Ağababa müəllimi və Reyhan xanımı yaxın qohum-əqrəbası sevə-sevə yad edirlər. Onların sevgisini qazanan, Ağababa müəllimin səsinin sehrinə düşən biz muğamsevərlər onların mənəvi övladları sayılırıq.

Novruzovlar nəslindən olan Ağababa Novruzov "Cabir Novruz Mədəniyyət Fondu"nun ofisinin Akt zalında sənətkara hörmət və ehtiram olaraq, bir dəqiqəlik sükutla dualar oxunub, yad edildi. Anım mərasiminə fondun prezidenti, professor Cavanşir Qurbanov giriş verərək, Ulu öndər Heydər Əliyev tərəfindən öz dövründə incəsənətimizə - xüsusilə də muğam ustalarımıza yüksək dəyər verməsini, hal-hazırda bu ənənəni davam etdirən ölkə başçımız cənab İlham Əliyevin və YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın muğamımız üçün gördüyü işlərə görə öz adından, eləcə də bütün muğamsevərlər adından təşəkkürünü bildirdi. Anım günündə respublikamızın elm xadimləri, muğam ustaları və uzun müddət Ağababa Novruzovu müşayiət edən milli musiqi alətlərimizin mahir ifaçıları dəyirmi masa arxasında yer almışdılar. Musiqişünas, professor Abbasqulu Nəcəfzadə geniş və məzmunlu çıxış edərək, ustad haqqında geniş məlumat verdi. Filologiya üzrə fəlsəfə doktorları - Firidun Qurbansoy və Rasim Nəbioğlu, tarixçi - təhqiqatçı Ədalət Rzayev, Mədəniyyət Nazirliyinin məsul işçisi Sənan Talıbov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi, Əməkdar məşqçi Tofiq Eyvazov, Xalq artisti, tarzən Ağasəlim Abdullayev, xalq artisti - illərin sevilən müğənnisi Zaur Rzayev, Əməkdar incəsənət xadimi, xanəndə Hacı Aqil Məlikov, Xalq artisti, tar tarzən Möhlət Müslümov, pedoqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, Milli Konservatoriyanın müəllimi, mahir qarmon ifaçısı Nizami Əsgərov, Əməkdar mədəniyyət işçisi Rauf Məmmədov, Əməkdar artistlər, tar ifaçısı Valeh Rəhimov və qarmon ifaçısı Faiq Əlibalayev, Əbilov adına mədəniyyət evinin bədii rəhbəri, tar ifaçısı Məhərrəm Nəcəfzadə, Milli Konservatoriyanın müəllimi, kamanşa ustası Mərkəz Şuşalı, klarnet ustası Hacı Həmidoğlu, xanəndə Soltan Qəribov, jurnalistlər - Çingiz Abbasov, Lalə Azəri, Xanım Novruzova, yaxın qohumu Adıgözəl Novruzov və ailə üzvləri ustad sənətkar Ağababa Novruzov haqqında həyat və fəaliyyətinin müxtəlif görünməyən tərəflərindən söhbət açaraq məlumat verdilər. Səsinin şirinliyi və ahəngdarlığı ilə seçilən balaca balamız, Xızının “balaca aşığı”, dünyanın bir çox ölkəsində muğamımızı təbliğ edən Kənan Ağayevin kaman və tarın müşayiəti ilə oxuduğu muğam parçaları Azərbaycanımız üçün böyük töhfələr vermiş, adları "qırmızı hərf"lə keçən elm xadimləri və muğam ustaları tərəfindən çox gözəl qarşılandı.

 Anım günündə dünyasını dəyişən Mütəllim Mütəllimov, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Ağaxan Abdullayev və başqa sənətkarlar - muğam sənətinin biliciləri yad edilərək anıldı.

 Ustad sənətkarı yaxından tanımasam da, onun anım günündə çıxışlar zamanı söylənən gözəl sözləri, unudulmaz xatirələri dinlədikcə düşünürsən ki, Ağababa Novruzov sözün əsl mənasında böyük sənətkardır.

 Bir gün doğulan mütləq dünyanı tərk edəcək. Gözəl səs sahibi,muğam ustası Ağababa Novruzov da 1993-cü ilin sentyabr ayında bu "fani dünya" ilə vidalaşaraq, öz "haqq dünya"sına qovuşdu. "Qurd Qapısı" deyilən bir ərazidə dəfn edildi böyük sənətkar. Qəbiristanlıqda subasma təhlükəsi olduğundan vəfalı ömür-gün yoldaşı Reyhan xanımın təşəbbüsü ilə ustadın nəşi əmioğullarının köməyi nəticəsində 2000-ci ildə Xırdalan məzarlığına köçürülərək yenidən dəfn edilir. Bir neçə il sonra da Reyhan xanım dünyasını dəyişərək, canı qədər sevdiyi həyat yoldaşı Ağababa Novruzova qovuşmaq üçün bu dünyanı tərk etdi.

Azərbaycan muğamı yaşadıqca, Ağababa Novruzov adı da daima yaşayacaq və nəsildən-nəsilə ötürüləcək.

Övlad həsrətilə yaşamış XANƏNDƏRəsmiyyə Heybətağaqızı,

"Cabir Novruz Mədəniyyət Fondu"nun əməkdaşı

GunAz.az-ın

Redaktoru

Övlad həsrətilə yaşamış XANƏNDƏ

 

Övlad həsrətilə yaşamış XANƏNDƏ

 

Övlad həsrətilə yaşamış XANƏNDƏ

 

Övlad həsrətilə yaşamış XANƏNDƏ

 

скачать dle 12.1

Şərhlər