SON DƏQİQƏ

Vətəndaşın torpağı zəbt olunub-BEYLƏQANDA

Tarix:

6-08-2019, 18:05

/ 2 741 dəfə oxundu.
Vətəndaşın torpağı zəbt olunub-BEYLƏQANDA

 Vətəndaşın torpağı zəbt olunub, mülkiyyətçinin xəbəri yox, əlaqədar qurumlar isə «məlumatımız yoxdur» deyir

Bu günlərdə redaksiyamıza Beyləqan rayon sakini Seymur Tağıyev adlı bir şəxs təşrif buyurmuşdu. Onun gəlişi sonradan bir sıra maraqlı nüansları ortaya çıxardı. Məlum oldu ki, S.Tağıyevin Beyləqan şəhərinin ətrafında «Təzə bağça» adlandırılan ərazidə torpaq sahəsi var. O, bütün zəruri sənədlərini də bizə təqdim etdi. Bildirdi ki, həmin ərazidə onun xəbəri olmadan rayon İcra Hakimiyyəti tərəfindən hansısa sənədləşdirmə aparılır və tezliklə onun torpaq sahəsində tikinti işləri aparılacaq.

Doğrusu bir qədər gülüş doğuracaq nüans olduğu üçün əvvəlcə məsələyə ciddi yanaşmadıq. Sual doğuracaq məqam isə bu idi ki, necə ola bilər ki, vətəndaşın sənədli-sübutlu ərazisi ona məlumat vermədən zəbt olunsun? Gözlərimizin önünə 1992-93-cü illər gəldi.

S.Tağıyev isə bildirdi ki, «Beyləqanda hər şey mümkündür, necə ki, mənim hüquqi torpağımı zəbt edirlər».

Bu sözdən sonra məsələni ciddiyə aldıq. Ondan rəsmi qurumlar tərəfindən ona belə bir müraciətin olub-olmamasını soruşduq. S.Tağıyev isə olunmadığını qeyd etdi.

Bundan sonra Beyləqan rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmək qərarına gəldik. Məsələyə əsas cavabdeh qurumlardan olan rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsindən aydınlıq gətirməyə çalışdıq. Bunun üçün həmin şöbənin müdiri İlqar müəllimə zəng etdik. Onunla danışarkən ilk əvvəl sanki rayon rəhbəri ilə danışdığımızı zənn etdik. Çünki hörmətli İlqar müəllim o qədər konkret və ötkəm danışırdı ki, bu qənaətə gəlməmək mümkün deyildi. O, bildirdi ki, bu məlumat yanlışdır, əgər belə bir hal olarsa ilk növbədə mülkiyyətçi məlumatlandırılar. İlqar müəllim onu da əminliklə dedi ki, əgər belə bir məsələ olarsa onda həmin mülkiyyətçiyə kompensasiya və ya ona yaxın ərazidə istifadə olunacaq torpaq sahəsi qədər yer ayrılar.

Bu söhbətdən sonra S.Tağıyevi əmin etdik ki, belə bir halın baş verməsi qanunsuzdur və telefon söhbətindən də məlum olur ki, yanlış məlumatdır.

Bəli, bu söhbətdən heç bir ay keçməmiş S.Tağıyev yenidən redaksiyamızın qapısını döydü. Özü də bu dəfə daha təlaşlı. Bildirdi ki, artıq onun xəbəri olmadan ərazisi hasarlanıb.

Hər bir şikayətçinin dərd-sərinə həssaslıqla yanaşan kollektivimiz üçün bu bir növ şok effekti yaratdı. Çünki qısa müddət öncə biz həmin mülkiyyətçini əmin etmişdik ki, heç narahat olmasın. Rəsmi dairələr bildirdi ki, belə bir məsələ gündəmdə deyil və olarsa ona qarşılığında nəsə ödənəcək. Həmçinin onu da bildirmişdik ki, Azərbaycanda bu gün kimsə-kiminsə haqqını tapdalaya bilməz. Bir-iki qaragüruhçunun hay-həşir salıb güya ölkədə qanunsuzluqlar var deməsinə isə heç onların özü də inanmır. Bu əminliklərdən sonra isə S.Tağıyev rahat evinə yollanmışdı…

Lakin bu dəfə vəziyyət tamam fərqli idi. Artıq «ərazim hasarlanıb» -deyən S.Tağıyevə söz deməyə də nəsə tapmadıq. Dərhal yenidən bizi telefonda əmin edən rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar müəllimlə əlaqə saxladıq. Bizim telefon zəngimizə əvvəlcə cavab verməyən İlqar müəllim sonradan özü bizə zəng etdi. Bildirdi ki, məşğul idi. Ona şikayətçinin dediklərini çatdırdıq və belə bir məsələnin baş verməsinin mümkün olmadığını bir ay öncə bizə əminliklə dediyini xatırlatdıq.

İlqar müəllim bizimlə telefonda elə danışdı ki, sanki, biz onunla heç söhbət aparmamışıq və tamamilə başqa bir şəxslə əlaqə saxlamışıq. Sonradan ona bəzi faktları (səs yazısını) izah etdikdən sonra bu dəfə and içmələr meydana girdi. Uca Tanrıdan başlayıb, yaxın ətrafına qədər and içmədiyi yer qalmadı ki, bu işdən onun heç bir xəbəri yoxdur. Və bizi rayon İcra Hakimiyyəti başçısının birinci müavininə (hörmət əlaməti olaraq adını çəkmirik – red.) istiqamətləndirdi. Dedi ki, bütün məsələlərə əsas cavabdeh şəxslərdən birincisi odur.

Biz də söhbəti uzatmadan rayon İcra Hakimiyyəti başçısının birinci müavini ilə əlaqə saxladıq. Müəllim də bildirdi ki, şikayətçi gəlsin onun yanına məsələni yerində araşdırsın…

Nəhayət şikayətçi ilə görüş baş tutdu. Görüşdən sonra telefon zəngi edən S.Tağıyev qəbuldan razı qaldığını desə də, gülə-gülə bizə bildirdi ki, «bu müəllim də deyir ki, ərazinin hasarlanması məsələsindən xəbərim yoxdur…»

Bundan sonra isə qaldıq lap mat-məəttəl. Mülkiyyətçinin torpağı əlindən alınıb, Beyləqan rayonunun əlaqədar qurumları isə hələ də «mənim xəbərim» yoxdur deyir.

Məsələyə yenidən qayıdacağıq…

 

Bilman ISAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ