SON DƏQİQƏ

Ramiz Əzizbəyli fitri istedad sahibidir

Tarix:

27-06-2019, 18:03

/ 2 937 dəfə oxundu.
Ramiz Əzizbəyli fitri istedad sahibidir

GunAz.az saytının əməkdaşları ilə birlikdə görkəmli sənətkarımız, Azərbaycanın xalq artisti, kinorejissor, “Şöhrət” ordenli, sevimli aktyorumuz, “Qızıl qələm” mükafatçısı Ramiz Əzizbəyli ilə növbəti görüşümüz bizi həm sevindirdi, həm də çox duyğulandırdı.Ramiz Əzizbəyli fitri istedad sahibidir

Qonaqları Ramiz müəllimlə tanış edərkən tez dilləndi: “Fəsih Alioğlunu tanıyıram. Xoş gəlmisiniz”, deyə bizi qonaq otağına dəvət etdi.

Arxiv sənədləri əsasında dəyərli kitablar müəllifi, tədqiqatçı-hüquqşünas, Azərbaycanın Xalq qəhrəmanı Aslan bəy Sultanovun nəvəsi Faiq Abdullayevin (Sultanov) gəlişi xoş ovqat yaratdı.

Onu da qeyd edək ki, bu yaxınlarda Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva sevimli sənətkarımız Ramiz Əzizbəyliyə avtomobil bağışlamışdır. Hətta Mehriban xanım öz nümayəndələrini göndərərək Ramiz Əzizbəylinin Yeni Yasamaldakı mənzili ilə, həyat şəraiti ilə də tanış olmuş və lazımi köməklik göstərmişlər.

Ramiz Əzizbəyli həmin günü sevinclə xatırlayır:

- Bir ay əvvəl Heydər Əliyev Fondundan bir qrup nümayəndə bizə, evimizə gəlmişdi. Mehriban xanımın tapşırığı ilə mənə bir minik avtomobili hədiyyə etdilər.

Hətta bizim evimizi təmin etmək üçün 3 aylıq ayrı mənzilə köçürtdülər. Mənzilimiz təmir olunur. Hələ mən indiyə qədər belə xeyirxahlıq görməmişəm. Sağ olsunlar.

Son dərəcə kövrək qəlbə malik Ramiz Əzizbəyli sevincdən göz yaşlarını silərək sözünə davam etdi:

- Görürsünüz də ayağımı kəsiblər, hələ sağalmır, ayağa dura bilmirəm. 8 dəfə əməliyyat olunmuşam.

Qudası Mirzə Qasımov Ramiz müəllimin qulluğunda durur və çay süfrəsi ətrafında səmimi söhbətimiz davam edir.

Ramiz Əzizbəyli fitri istedad sahibidirFaiq müəllim isə mehriban söhbət edərək “Ələ neylədin ə” deyərək Ramiz Əzizbəylinin rejissorluğu ilə çəkilmiş “Bəxt üzüyü” filmindən epizodları xatırladaraq məclisdə xoş ovqat yaratdı.

Ramiz Əzizbəyli “Cızmaqaralar” adlı kitabından aforizm və şeirlərini oxudu və ilk dəfə sənətkarla görüşən Faiq Abdullayev qürur duyduğunu bildirdi, Ramiz Əzizbəyli fitri istedad sahibidir, - dedi.

Ramiz Əzizbəylinin deyimlərindən oxuduqca Faiq Abdullayev çox təəccüblənir, bu ki, başdan-başa fəlsəfədir, halaldır, - deyə Ramiz Əzizbəyliyə can sağlığı arzulayır. Fəsih qardaşımız isə sənətkarla olan söhbətimizi telefonumun yaddaşına köçürürdü:

“Ayaq elə bilir ki, başı o gəzdirir”;

“Həkimdən imtina edən xəstə, Əzraillə dostluğa imza atır”;

“Daxma olsun – doğma olsun”;

“Məni həqiqətən sevənlər – məndən tam xəbərdar olanlardır”;

“Mərdin oğlu yerdən əppək qaldırar,

Gözün çörək tutmuş tapdalar keçər”.

 

“Ömür başdan-başa bir qəmli nəğmədir,

Nə vaxtsa oxunub qurtaracaqdır”,

“Göynədən dərdi-sərimi, bir gün ağ kağıza sıxa biləydim. Hər gün diş məcununu fırçaya sıxdığım kimi”.

“Ölüm gözlə-qaş arasındadır zərb məsəlini eşidən qadınlar bu məsafəni artırmaq məqsədi ilə qaşlarını aldırırlar”.

“Göz bilsəydi ki, qaş sadəcə qoruyucudur, ona özündən yuxarıda yer verməzdi”.

“Ruzini verən Allahdır, kəsən bəndə”.

“Bəxtəvər xanımların hər birində dul qalmış qadınların haqqı var”.

“Günün ağırlığından uzanan gecə,

Yastığa qoymağa baş ver, İlahi!

Dost haqda söz demək xeyli çətindir,

Yaxşısı, pisi də çünki sənindir”.

 

“İstağa qoyulmuş buğda kimiyik,

Nə vaxtsa cücərib boy atasıyıq”.

 

“Dostlar arasında yoxdusa ülfət,

Demək təmənna var, ya da mənfəət”.

 

“Əsl kişi qabağında sınmaq da olar”.

“Babamız Adəmin nəfsidir, insanlara irsən keçir”.

“Kim ki, bir az xeyir verdi millətə,

Düşməlidir dərhal o kəs zillətə”.

Bacanağı Elman müəllimin qohumları, əzizləri Qərbi Azərbaycan (indi isə Ermənistan adlandırılan) doğma dədə-baba məskənləridən daşnak ermənilər tərəfindən qovularaq Azərbaycana pənah gətirərkən Ramiz Əzizbəyli təsirlənərək belə bir şeir yazmışdır.

 

Ayrı-ayrı

 

Tağ ayrı, bostan ayrı,

Yar düşüb dostdan ağrı.

Allah sanki qarğıyıb,

Bizləri qəsdən ayırır.

 

Şölələr şamdan ayrı,

Ağzımız tamdan ayrı.

Bir el-elə bölünüb,

Dam düşüm damdan ayrı.

 

Ozanı sazdan ayrı,

Yazanı sözdən ayrı.

Yaş girib aralığa

Kipriyi gözdən ayırır.

 

Sinəm nəfəsdən ayrı,

Zil düşüb pəsdən ayrı.

Qəhər çöküb boğaza,

Telləri səsdən ayırır.

 

Nəfəs boğazdan ayrı,

Qələm kağızdan ayrı.

Dad gedib, ləzzət gedib,

Damaq ağızdan ayrı.

 

O dağ bu dağdan ayrı,

Budaq budaqdan ayrı.

Diş girib aralığa,

Dili dodaqdan ayırır.

 

Darağım teldən ayrı,

Torpağım eldən ayrı.

Bu nə deməkdi, İlahi,

El düşüb eldən ayrı.

 

Göyçə gözümdən ayrı,

Dağım düzümdən ayrı.

Fikir gedir, ayaq yox,

Ruhum özümdən ayrı.

 

Ramiz Əzizbəyli qəlbindən gələn sızıltıları bədii-fəlsəfi cəhətdən bacarıqla işlədərək, peşəkarlıqla qələmə alınmışdır.

Allah yer üzündə bol süfrə açdı,

Bəşər bu süfrədən yeməyə qaçdı.

Kimi bir tikəyə “min şükür” dedi,

Yerdə qalanını naşükür yedi.

Ramiz Əzizbəylidən soruşanda vətən nədir?

Belə deyir:

Soruşsalar vətən nədir, nə boyda, nə biçimdə,

Məni göstər, vətən mənəm, vətən mənim içimdə.

Vətənini, dövlətini, canından çox istəyən Ramiz Əzizbəyliyə şəfa diləyir, tezliklə yeni kitablarının işıq üzü görməsi ümidiylə, Qarabağlı günlərimizə elliklə qovuşmağımızı arzulayırıq.

 

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ