SON DƏQİQƏ

MİLLİ, BƏŞƏRİ, BİRLİK BAYRAMI

Tarix:

15-03-2019, 17:42

/ 10 412 dəfə oxundu.
MİLLİ, BƏŞƏRİ, BİRLİK BAYRAMI

Hər bir xalqın tarixində müxtəlif bayramlar, el şənlikləri olmuşdur. Kökləri tarixin dərinliklərinə gedən Novruz bayramı xalqımızın ən qədim və əziz bayramlarından biridir. Novruz gözəl adət-ənənələri, zəngin el şənlikləri, füsunkar gözəllikləri və bayram nəğmələri ilə bol və rəngarəng olan bir bayramdır. Novruz yeni həyat, gözəlliklər, sevgi, bütün bəşəriyyətə məhəbbət bayramıdır.Yalnız o bayramlar əsrlərin sınağından keçir ki,onların əsasında humanist, milli və bəşəri ideyalar durur. Novruz insana, torpağa, həyata, bütün varlığa ülvi duyğular bayramıdır.

Novruz bayramının yaranma tarixi qədimdir. Novruz-Bahar bayramı kimi eramızdan əvvəl 505-ci ildən keçirilir.Novruz şərq xalqlarının ən qədim bayramlarından biridir. Dahi Nizami Gəncəvi “İsgəndərnamə” əsərində zərdüştlərin Novruz bayramını necə el şənliyi ilə keçirməsini şərh etmiş, onu gözəl tərənnüm etmişdir.

Novruz bayramı birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirmişdir.

AMEA-nın müxbir üzvü akademik Teymur Bünyadov haqlı olaraq qeyd edir ki, dərin məna və məzmun  kəsb edən Novruzu hər hansı bir xalqın adı ilə bağlamaq, kiməsə şamil etmək də ən azı ədalətsizlik olardı. Alimin fikrincə, Novruz bayramını qədim şərq ölkələrində yaşayan, oturaq güzəran keçirən və yüksək əkinçilik mədəniyyətinə malik olan xalqların ixtirası, kəşfi, onların bəşərə bəxş etdikləri zəngin mənəvi dünya kimi qiymətləndirmək lazımdır. Şübhəsiz həmin qədim xalqların, o cümlədən Azərbaycan xalqının bu bayramın təşəkkül tapmasında, inkişaf etməsində və onun daha da zənginləşməsində öz payı və öz yeri vardır.

Planetimizin ən gözəl diyarlarından biri  olan Azırbaycanımızın hər qarış torpağı mənə əzizdir, doğmadır. Xəyalım məni 80-ci illərə qaytarır. Yazın gəlişi ilə torpağın oyanması, kənd təsərrüfatı işlərinin canlanması ilə bağlı məktəb şagirdlərimizlə köməklik məqsədilə  üzüm bağlarında tənəklərin dibində  belləmə işləri apararkən, sanki torpaqdan xüsusi bir ətir, qoxu duyurdum.

Odur ki, torpağın həmin qoxusunu xatırladıqca  ürəyim dözə bilmir. “Alammıram torpağımın qoxusun”  adlı şeir ürəyimdən keçir.

Su əndərib şər qüvvələr oduma,

Cin aparıb gözlərimin yuxusun.

Dərd şairi söylədilər adıma,

Alammıram torpağımın qoxusun.

 

Yurd həsrəti edib məni dərdəcər,

Dərmanımdı Şuşa, Laçın, Kəlbəcər.

Öldürəcək məni dəli bir əcəl,

Alammıram torpağımın qoxusun.

 

Haray çəkən Süsən, Bartaz dağıdı,

Viran qalan dədə-baba bağıdı.

Qocalıram, ömrün ahıl çağıdı,

Alammıram torpağımın qoxusun.

 

Həkəriyəm, yay, qışımdı Zəngilan,

Bəsit, Oxçu sirdaşımdı Zəngilan.

Vaxtsız ölsəm, baş daşımdı Zəngilan,

Alammıram torpağımın qoxusun.

 

Ürəyimdə coşub-daşan tufana,

Nə söyləyim bəd rəftarlı zamana?

Oqtay deməz Zəngilanda, ay ana,

Alammıram torpağımın qoxusun.

Bahar müjdəm Novruz yurd-yuvalarından didərgin düşənləri işıqlı, ümidli gəlişi ilə dağ boyda yük götürən ürəklərin bir küncündə sevinc yerinin boşluğunu dolduracaq, onlara qələbə sorağı verəcəkdir.

Novruz, novruz bayramların gözəli,

Çox qədimdir bu bayramın əzəli.

Xoş günlərlə biz yaşayaq 100 ili,

Unutdursun dərdi-qəmi Novruzum.

 

Deyəm gərək birincidir bu bayram,

Saf duyğudur, dürr, incidir bu bayram.

El-obanın sevincidir bu bayram,

Unutdursun dərdi-qəmi Novruzum.

 

Novruz silsin ürəklərdən kədəri,

Qara günlər bir də dönməsin geri.

Sevinc, şənlik kaş bürüsün hər yeri,

Unutdursun dərdi-qəmi Novruzum.

 

Tonqallardan çölə yayılsın işıq,

Kosalara geyim versin yaraşıq,

Küsülülər eyləsinlər barışıq,

Unutdursun dərdi-qəmi Novruzum.

 

Novruz gəlsin yuyulsun günahımız,

Novruz dünən, bugün, həm sabahımız,

Novruz günün pay verib Allahımız,

Unutdursun dərdi-qəmi Novruzum.

Novruzun gəlişi ilə xəyallarım məni doğma Zəngilan rayonunun  Mincivan qəsəbəsində işlədiyim 36 saylı dəmiryol orta məktəbinin idman meydançasında bu gözəl bayramı keçirdiyimiz günlərə qaytarır. Məktəbin meydançasında hər il keçirdiyimiz gözəl Novruz bayramı təkcə müəllim və şagirdlərin deyil, eyni zamanda 5000 nəfərə qədər əhalisi olan bütöv Mincivan qəsəbəsinin bayramına çevrilirdi.

El-obamızın müdrik ağsaqqalı, peyğəmbər övladı Seyid Həsən Ağanın nəvəsi, şagirdimiz Natəvan- “Bahar qızı” kimi gözəl geyimlə gəlişi, məktəb qızları ilə “Səməni” mahnısını oxuya-oxuya gözəl rəqs etmələri, şagirdlər arasında Gombul ləqəbi qazanmış Elvinin şən,  gülməli Kosa olması, qara zurnanın sədaları altında Sosialist Əməyi Qəhrəmanları Əmir Məmmədov və Məhparə Məmmədovanın, buxarı papaqlı  Abbas babanın şux gözəl rəqs oynamalarını unuda bilmirəm. Araz çayının sol sahilində yerləşən gözəl, yaraşıqlı qəsəbəmizin dağlıq hissəsində axşam düşəndə alovla işıqlandırılmış hərflərinin hər biri 2 metrdən böyük olan  “Novruz bayramınız mübarək” sözləri Arazın sağ sahilində İran İslam Respublikasındakı soydaşlarımız tərəfindən yaxşı  qəbul edilir, onlar da cavab tonqalları,məşəllər yandırırdılar. Bu gözəl bayram  ərəfəsində sevinclə bərabər mənə təsir edən və ürəyimi ağrıdan odur ki,vaxtilə qəsəbəmizin ərazisindən Ermənistanın Qafan şəhəri ilə Yerevan arası hərəkət edən “Zəngəzur” adlanan qatarın erməni sərnişinləri perrondan düşüb su doldurmağa cürət etmədikləri halda, sapı  özümüzdən olan baltaların köməyi ilə bizi yurd-yuvamızdan didərgin salıblar.

Düşünürəm bəzən günahkar axtarıram. Bəlkə günahkar özüməm ki, didərgin düşmüşəm. Yoxsa bu bir tale yazısı idi?

Günahkar kimdir ki, ötür günbəgün,

Həyat başqa yolla kədərli,qəmgin.

Ürəkdə intiqam, gözdə qəzəb, kin,

Yollarım tufanlı, özüm didərgin.

 

Günahkar kimdir ki, ey Həzrət Əli!

Taleyim xırmanda sürür dal vəli,

Oqtayam, yurdsuzluq eyləyib dəli,

Axtarır yurdumu gözüm didərgin.

Yazın gəlişi ilə təbiət oyanır, qışın qar yorğanını üstlərindən atmış ilk cücərtilər, tumurcuqlar görünür. Bu məqamda leylək gəlir, qaranquş doğma yurduna qanad açır. Novruzu köhnə yurd yerində qarşılamaq üçün quşlar  təzə çör-çöp daşıyaraq yuva qurmaq üçün çalışırlar.

Həyat necə də qəribədir. Düşünürəm  İlahi, quşlar köhnə yurd-yuvalarına qayıtdığı halda yüz minlərlə soydaşlarımız doğma yurdlarına qayıtmaq arzusu ilə nisgillə, ümidlə yaşayır. 1993-cü  ilin payızın son günlərində quşların qatar-qatar öz yurd-yuvalarına qayıtdığı bir gecəni xatırlayıram və ürəyimdən keçən o zaman yazdığım “Yurdumdan bir xəbər verin” misralarını təkrar gözlərim önündə canlandırıram.

Vətəninə köçən quşlar,

Dincəlin, bir nəfəs dərin.

Yurd yerindən köçən quşlar,

Yurdumdan bir xəbər verin.

 

Nə gündədir ev-eşiyim,

Açılmayır dör-döşəyim.

Doğulduğum ilk beşiyim,

Yurdumdan bir xəbər verin.

 

Nə haldadır Zəngilanım,

Kim ölənim, kim qalanım.

Başınıza yüz dolanım,

Yurdumdan bir xəbər verin.

Sovet dövründə tariximizin bu əvəzsiz yadigarına dini don geyindirməyə çalışaraq el sevincini, el şənliyini zorla yaddaşımızdan silmək istəyirdilər.

Novruz bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu  öndər Heydər Əliyev: Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Xalqımız çoxəsrlik tarixində böyük sınaqlarından keçib. Tariximizin ağır, çətin dövrləri olubdur. İnsanlar ağır günlər, çətin illər yaşayıblar. Ancaq bunlara baxmayaraq, Novruz bayramını  heç kəs heç vaxt unutmayıb. Əksinə, Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval-ruhiyyə yaradıb. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramıdır.

         Novruz , gəlişin işıqlı, ümidlidir.  Xalqımız Novruz bayramını istirahət günü kimi qeyd edir.

Novruzumuz bir neçə ildir ki, xalqımızın dərd-kədərini duyur,  sıxıla-sıxıla gəlir ömrümüzə.  Gəlişi ilə istəyir ki, ağrılı-acılı günlərimizi bir qədər unutdursun. Dərdimizi qeyrətlə çəkə bilək ki,  düşmənlərimiz sevinməsinlər.

Gəl, əziz Novruz, yaz bayramı, söz bayramı, qədəmlərin mübarək!

Yaz bayramı

Şənliklərin əzəlidir,

Novruz adlı saz bayramı.

Bayramların gözəlidir,

Gül-çiçəkli, Yaz bayramı.

 

Ömrə, günə yaraşıqdır,

Günəş kimi gur işıqdır.

Halallıqdır, barışıqdır,

Duz-çörəkli, Yaz bayramı .

 

Keçmişimdən bir incidir,

El birliyi, el gücüdür.

Azərbaycan sevincidir,

Bər-bəzəkli, Yaz bayramı.

 

Hər il gəlir nazlı-nazlı,

Şən Kosalı, Bahar qızlı.

Oqtay sözlü, Alı sazlı,

Xoş diləkli, Yaz bayramı.

Milli Məclisin qəbul etdiyi 19 dekabr 2006-cı il tarixli  “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən Novruz bayramı beş gün-20-24 mart tarixində keçirilir.

Azərbaycanın Respublikasının birinci xanımı Mehriban Əliyevanın səmərəli fəaliyyəti nəticəsində Novruz bayramı UNESKO-nun “Qeyri maddi-mənəvi irsi”  siyahısına daxil edilmişvə beynəlxalq bayram  kimi keçirilməsi qəbul olunmuşdur.

Azərbaycanın Respublikası Prezidenti cənab İlham Əliyev çıxışlarında göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir. Bu məsələ ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasət sayəsində xalqımız və güclü Milli Ordumuzun prezidentimizə dəstəyi ilə yaxın vaxtlar ərzində işğal altında olan torpaqlarımızı azad edecəyik.  Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq.  Xalqımız Novruz bayramını Şuşada, Xankəndində, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan torpaqlarında bayram edəcəklər. O günlər çox uzaqda deyil...

Mən də yaşlı nəslin bir ziyalısı olaraq xalqımızı ən qədim, ən əziz milli bayramımız olan Novruz bayramı münasibətilə təbrik edir, onlara uzun ömür, can sağlığı diləyib Azərbaycanımızın tərəqqisi yolunda bayram və zəfər sevincləri arzulayıram.

Oqtay Zəngilanlı

AYB-nin üzvü,

şair-publisist

 

 

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər