SON DƏQİQƏ
» » Bakıda keçiriləcək Novruz tədbirləri açıqlandı

Bakıda keçiriləcək Novruz tədbirləri açıqlandı

Tarix:

6-03-2018, 18:30

/ 10 324 dəfə oxundu.
Bakıda keçiriləcək Novruz tədbirləri açıqlandı

Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar Bakı şəhəri ərazisində keçiriləcək bayram tədbirləri açıqlanıb. Mədəniyyət və Turizm Nazirliyi paytaxt sakinlərini və şəhərimizin qonaqlarını keçiriləcək tədbirə dəvət edib.

Gunaz.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən Novruz bayramı ərəfəsində Bakı şəhəri ərazisində keçiriləcək tədbirlər haqqında məlumatları təqdim edir:

Mart ayının 19-da Beynəlxalq Novruz gününə həsr olunmuş ümümxalq şənliyi keçiriləcək. İçərişəhər və Bulvar ərazisində keçiriləcək şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.

Ayın 20-26-ı ərəfəsində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Novruz Bayramı festivalı keçiriləcək. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində keçiriləcək festivalda Azərbaycanla yanaşı, bu bayramı qeyd edən ölkələrin nümayəndələri də iştirak edirlər. Festival çərçivəsində Qoşa Qala Qapısı meydanında "Meydan Bazarı" təşkil olunur. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdiyi "Meydan Bazarı"nda hər bir ölkənin mədəniyyətini əks etdirən videofilmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgilənir.

Novruz bayramı günü, yəni mart ayının 20-21-də isə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində daha bir Novruz Bayramı festivalı keçiriləcək. "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcək.

Nəhayət mart ayının 20-26-da Fəvvarələr Meydanında Novruz Festivalı baş tutacaq. Novruz Festivalı çərçivəsində 7 gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox kollektivin iştirakıyla Fəvvarələr Meydanında konsert proqramı təqdim ediləcək. Sənətkarlar öz əl işlərini nümayiş edəcək, milli mətbəxin nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ