SON DƏQİQƏ

Minimum dəyərlərə yenidən baxılmalıdır

Tarix:

22-05-2018, 16:42

/ 10 261 dəfə oxundu.
Minimum dəyərlərə yenidən baxılmalıdır

 

Neftdən asılılığı azaltmaq məqsədi ilə qeyri-neft sektorunu inkişaf etdirmək ən vacib və zəruridir. İqtisadiyyatı inkişaf etdirməklə dünyada baş vermiş böhtandan yan keçmək çevik siyasət, ağıllı düşüncə tələb edir.

Ölkə başçısı Nazirlər Kabinetinin 2018-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında neft amilindən asılılığın tamamilə azaldılmasını ölkəmiz üçün prioritet vəzifələrdən biri olduğunu vurğulayaraq demişdir: “Bəzi hallarda sual olunur ki, indi neftin qiyməti bir qədər sabitləşdi, bu islahatlar davam etdiriləcəkmi, yoxsa yox? Mütləq davam etdiriləcək. Neytin qiyməti bizim üçün əsas amil olmamalıdır və Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə ciddi təsir etməsin, yalnız ehtiyatlarımızın artırılmasına xidmət göstərsin”.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz bütün sahələrdə sürətlə inkişaf etmişdir. Kənd təsərrüfatı planlı surətdə idarə olunmaqla yüksək nailiyyətlər əldə edilmişdir. Kənd təsərrüfatı əməkçiləri ölkəyə ildə 2 milyondan çox üzüm, 1 milyon tondan artıq pambıq, eləcə də digər məhsullar təhvil vermişlər.

Kənd əhalisinin güzəranı günü-gündən yaxşılaşmışdır. 1988-93-cü illərdə respublikada baş vermiş hadisələr, erməni-rus hərbi birləşmələrinin Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti ölkədə bir xaos, özbaşınalıq, hərc-mərclik yaratmış və nəticədə əkinə yaralı necə hektarlarla torpaqlarımız erməni quldurlarının tapdağına çevrilmişdir.

Lakin Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə stabillik, nizam-intizam yaranmış və Sovetlər birliyindən ayrılmış Azərbaycan öz inkişaf tempini artırmağa başlamışdır. İqtisadiyyatımızı daha da gücləndirmək üçün sahibkarlara, fermerlərə təzyiqlər dayandırılmalıdır.

2014-cü ildə dünyada baş vermiş iqtisadi böhran, dolların məzənnəsinin iki dəfədən çox qalxması ölkələrə mənfi təsir göstərmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin çevik, düşünülmüş siyasəti nəticəsində dünya böhranı ölkəmizdən yan keçmişdir.

Prezidentin son sərəncamlarında yeni təyinatlar, struktur dəyişiklikləri əhali arasında ruh yüksəkliyi yaratmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun vəzifədən uzaqlaşdırılması biz əlillərin, təqaüdçülərin sevincinə səbəb olmuşdur.

Dünya praktikasını ölkəmizə tətbiq etməklə, əlilliyi ləğv etməyə çalışan Səlim Müslümov maxinasiya ilə məşğul olmuş, öz şəxsi mənafeyini xalqın və dövlətin mənafeyindən üstün tutmağa çalışmışdır.

Süni şəkildə əlilliyi azaltmaq, maneələr yaratmaq vətəndaşları narazı salmaq,  pensiya yaşının əsassız olaraq qaldırılması sabiq nazirin xalqa qarşı necə əzazil olduğunu sübut etmişdir.

Ölkə Prezidentinin tapşırıqlarının əleyhinə gedən, xalqını hiddətləndirən belə məmurlara bir daha imkan verilməməlidir.

Kənd Təsərrüfat Nazirliyində struktur dəyişikliklər olduqca vacibdir. Belə ki, yeni kənd təsərrüfatı naziri İnam Kərimov qısa bir zamanda böyük rəğbət qazanmışdır. Yararlı torpaqların oliqarxlar tərəfindən zəbt olunması yol verilməzdir.

Pay torpaqlarını pul gücünə mənimsəyərək hasara alınması Ölkə Prezidentinin tapşırıqlarının tam əksi deməkdir. Belə ki, torpağı əkinçi əkməlidir hər hansı bir nazirin və ya deputatın neçə hektarlarla torpaqları mənimsəməsi yolverilməzdir.

Ölkə Prezidentinin müvafiq sərəncamı ilə Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsində dəyişiklik hələ torpağı işğalda qalan köçkünlərimizdə də bir inam, ruh yüksəkliyi yaratmışdır. Qarabağ müharibəsi əlili, şəhid ailələrinin əksəriyyəti mənzil ala bilmədiyi halda, bir çox nazirlər milyardlara sahib olublar. Qanunu pozanlara kim nəzarət etməlidir?

Güc strukturları vaxtında belə yaramaz halların qarşısını niyə almır? İş-işdən keçəndən sonra danışmağın nə mənası?

Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılması və dərhal tədbir görülməsi hər bir məmurun vəzifə borcudur.

Şəhid ailələrinə sığorta pulunun ödənilməsi ölkə Prezidentinin müvafiq qərarı hər bir azərbaycanlını sevindirir. Bu sərəncam Aprel döyüşlərində şəhid olmuş vətəndaşlarımıza da şamil olunmalıdır. Heç bir şəhid diqqətdən kənarda qalmamalıdır.

Bir məsələni də nəzərinizə çatdırım ki, əhalini ən çox düşündürən vətəndaşların banklardan yüksək faizlə götürdükləri dollarla olan problemləridir. Bu məsələ də yoluna qoyulsa, istər dövlət tərəfindən, istər banklar tərəfindən müəyyən güzəştlər edilsə, narazılıq, stress və intihar halları, ailə münaqişələrinə müəyyən dərəcədə son qoymaq olar. Əhalinin rifahının daha da yaxşılaşdırılması naminə Prezidentimizdən yeni-yeni cəsarətli qərar və sərəncamlar gözləyirik.

Ölkədə ciddi və düşünülmüş pensiya islahatları aparılmalıdır.

Necə ola bilər ki, hüquq-mühafizə orqanlarında, prokurorluq, məhkəmə sistemində, dövlət strukturlarında çalışanlar, çox vaxt da əslində bir yararlı iş görməyənlər, eləcə də rüşvətxorluqla məşğul olanlar 3 min manatdan çox əmək haqqı alırlar. Onlar təqaüdə çıxarkən 2000-3000 civarında pensiya alırlar? Lakin ömrü boyu əhalinin sağlamlığı keşiyində dayanan həkimlərimiz, tibb işçilərimiz, məmurlara da təhsil verən ağsaçlı müəllimlərimiz, qələmi ilə sözünü demiş jurnalistlərimiz, yazıçılarımız, şairlərimiz, mədəniyyət işçilərimiz, sadə peşə sahiblərimiz, istehsalatda əlil olmuş vətəndaşlarımız (əgər iş stajları varsa) 180-200 manat civarında pensiya almaqla dolanmağa məcbur edilməsi nə dərəcədə uyğundur. Bu qədər ədalətsizlik olarmı? Bəs Hadı Rəcəbli, Qüdrət Həsənquliyev kimi deputatlar maaşlarının az olmasından şikayətləndikləri halda, 180 manat pensiya alan sadə peşə sahiblərinin çətinliklərini duymurlarmı? 180 manat pensiya alan vətəndaşlar kommunal xərcləri ödəməli, sağlamlığını qorumalı, dolanışığını, geyimini, bazarlığını təmin etməlidirmi?

Bu millətə niyə belə qənim kəsilirsiniz? Özəl institutlar (ailə ansabmları) ləğv olunmalıdır. İnstitutu bitirmiş gənclərə təyinat sistemi tətbiq olunmalıdır. Təhsil haqları dövlətin büdcəsi hesabına olmalıdır. Keyfiyyətli təhsil xalqın inkişafı deməkdir.

Benzinin bir litrinin 5 manata qaldırılmasını təklif edən və içki düşkünü olan belə millət vəkillərinin olmasından olmaması daha məqsədəuyğun deyilmi?

Dolanışıq üçün Rusiyada, pul qazanan, hər çətinliyə qatlaşan vətəndaşına xalqın tör-töküntüsü deyən millət vəkili hansı səmərəli iş görə bilərmi?

Xalqımızın güzəranını yaxşılaşdırmaq naminə çalışan hər bir məmura uğurlar arzulayıram. Prezidentimizin tapşırıqlarına əməl etməyən icra başçılarına, deputatlara, gözü ayağının altını görməyənlərə üzümü tutub deyirəm:

- Xalqa qənim kəsilməyin, kasıba yuxarıdan aşağı baxmayın.

Vətəndaşları səbrlə dinləyib, nəzakətlə qəbul edin. Mərhəmətli olun!

Ərizələrə baxıb, tədbir görün. Vicdanınızı və ləyaqətinizi itirməyin!

 

Rauf İlyasoğlu

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ