
"NATO-nun Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə Cümhuriyyətinin hazırkı pezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının hədəf kimi gösrərilməsi təəssüfedici haldır".
Gunaz.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.
B.Sadıqov bildirib ki, bu xoşagəlməz hadisədir və islamafobiyanın, ikili standartların təzahürüdür: "NATO-nun bu cür hərəkəti diplomatiyada, dövlətlərarası münasibətlərdə yolverilməz addımdır".
NATO-nun bu məsələyə görə Türkiyədən üzr istəməsinə gəlincə isə B.Sadıqov vurğulayıb ki, NATO rəhbərliyi baş vermiş hadisədən düzgün nəticə çıxarıb: "Türkiyə heç vaxt digər dövlətlərin rəhbərlərinə, tarixi şəxsiyyətlərinə belə münasibət bəsləməyib. Qoy başqaları da bunu öyrənsin".
Qeyd edək ki, Norveçdə NATO-nun hərbi təlimləri zamanı "düşmənlər"in fotolarının olduğu stend quraşdırılıb və həmin hədəf stendində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkilləri əks olunub.