SON DƏQİQƏ

Sosial Medianın Gənclərin Həyatına Təsiri

Tarix:

Bu gün, 21:07

/ 2 019 dəfə oxundu.
Sosial Medianın Gənclərin Həyatına Təsiri

Müasir dövrdə sosial media gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. Texnologiyanın sürətli inkişafı ilə birlikdə insanlar arasında ünsiyyət formaları dəyişib, məlumat əldə etmək daha asan və əlçatan olub. Xüsusilə gənclər günlərinin böyük hissəsini müxtəlif sosial media platformalarında keçirirlər. Bu platformalar həm faydalı imkanlar yaradır, həm də müəyyən problemlərə səbəb olur. Sosial medianın ən mühüm üstünlüklərindən biri informasiyanın sürətlə yayılmasıdır.
Gənclər dünyanın istənilən yerində baş verən hadisələrdən saniyələr içində xəbər tuta bilirlər. Təhsil, elm, mədəniyyət və digər sahələrlə bağlı məlumatlar əldə etmək əvvəlki dövrlərlə müqayisədə daha rahatdır. Bir çox tələbə və şagird dərslərinə kömək edən materialları sosial media vasitəsilə tapır, müxtəlif təlim və kurslar haqqında məlumat əldə edir. Bununla yanaşı, sosial media insanların bir-biri ilə əlaqə saxlamasını da asanlaşdırır. Uzaqda yaşayan dostlar və qohumlarla ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq və yeni insanlarla tanış olmaq mümkündür. Gənclər öz maraqlarına uyğun icmalara qoşularaq bilik və təcrübələrini artıra bilirlər.
Lakin sosial medianın mənfi tərəfləri də az deyil. Uzun müddət telefondan istifadə etmək vaxt itkisinə səbəb olur və gənclərin gündəlik fəaliyyətlərinə mənfi təsir göstərir. Bəzi hallarda sosial şəbəkələrə həddindən artıq bağlılıq dərs uğurlarının azalmasına, diqqətin yayınmasına və məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Digər mühüm problemlərdən biri kibertəzyiq və onlayn təhqirlər də gənclərin psixoloji sağlamlığı üçün ciddi təhlükə hesab edilir. Sosial medianın təsiri yalnız fərdi deyil, həm də sosial xarakter daşıyır. Bəzən virtual ünsiyyət real münasibətlərin yerini tutur və insanlar üz-üzə ünsiyyət bacarıqlarını zəiflədə bilirlər. Halbuki sağlam sosial münasibətlərin qurulması üçün canlı ünsiyyət böyük əhəmiyyət kəsb edir. Nəticə etibarilə, sosial media müasir həyatın vacib elementlərindən biridir və onun gənclərin həyatına təsiri danılmazdır. Bu təsir həm müsbət, həm də mənfi istiqamətdə özünü göstərir.
Əsas məsələ sosial mediadan düzgün və məqsədyönlü istifadə etmək, onun təqdim etdiyi imkanlardan faydalanarkən yarada biləcəyi risklərdən qorunmağı bacarmaqdır. Gənclər vaxtlarını səmərəli idarə etdikdə və sosial mediadan şüurlu şəkildə istifadə etdikdə bu platformalar onların inkişafına və uğur qazanmasına müsbət töhfə verə bilər.
Səbinə Elxanqızı
Naxçıvan Tv əməkdaşı
скачать dle 12.1

Şərhlər