
Universitet illəri təkcə divarlar arasında keçən mühazirələrdən, imtahan vərəqlərindən ibarət deyilmiş sən demə. Zaman keçib o qapıdan məzun kimi çıxanda insan geriyə baxır və anlayır ki, bura sadəcə təhsil ocağı yox, həm də xarakterin, gələcəyin formalaşdığı doğma bir məkandır.
Naxçıvan Dövlət Universiteti mənim üçün məhz belə bir doğma ocağa çevrildi. Hələ ilk addımlarımı atdığım birinci kursdan bu universitet mənə həm də cəmiyyətin, medianın bir parçası olmağı öyrətdi. NDU Tələbə Gənclər Təşkilatının Media sahəsində fəaliyyətə başlamağım mənim üçün böyük məsuliyyət və eyni zamanda unudulmaz bir təcrübə məktəbi oldu. İlk günlərdən etibarən universitetin irili-xırdalı yüzlərlə tədbirində, layihəsində iştirak etmək, o dinamikanın, o həyəcanın düz mərkəzində olmaq mənə öz güvənimi qazandırdı, qələmimi itilədi və peşəkar addımlarımın bünövrəsini qoydu.
Dörd il boyu bu auditoriyalarda, bu dəhlizlərdə o qədər fərqli xatirələr, o qədər dəyərli dərslər topladım ki, indi onların hər biri mənim üçün əvəzsiz bir xəzinədir. NDU bizə hər şeydən əvvəl azad düşünməyi, öz sözümüzü deməyi və düzgün bildiyimiz dəyərlərin arxasında durmağı öyrətdi. Çünki bu universitetin mühiti, onun tələbəsinə qazandırdığı dünyagörüşü elə bir səviyyədədir ki, insan buranı bitirəndə həm də cəmiyyətə faydalı bir fərd kimi yetişir. Biz tələbə olaraq burada sadəcə nəzəriyyə öyrənmədik, həm də həyatın özünü, insanlarla ünsiyyəti, komanda ilə işləməyi və ən əsası, obyektiv olmağı mənimsədik. Universitetimizin qazandırdığı bu qədər gözəl imkanlar, bu cür zəngin baza və yaradılan yüksək şərait fonunda, təbii ki, hər birimiz məzun tələbə olaraq məzun günümüz üçün də eyni ucalığı, eyni peşəkarlığı və mükəmməlliyi gözləyirdik. Yaxşı olan, insana bu qədər şey qazandıran bir ocağın məzunu da, şübhəsiz ki, hər mənada daha yaxşı, daha nümunəvi ola bilərdi və olmalıdır da. Bu universitetdə təhsil alanlar kimi bizim yeganə istəyimiz doğma universitetimizin adına yaraşan o ucalığı, o yüksək keyfiyyəti hər kəsin fəaliyyətində bütöv şəkildə görməkdir.
Amma nə olursa olsun, hər bir təcrübəsi ilə bura bizim doğma ocağımızdır. Naxçıvan Dövlət Universiteti mənim gəncliyimin, ən gözəl illərimin və qazandığım uğurların memarıdır. Bu dörd il mənə alacağım diplom ilə yanaşı, həm də heç vaxt unudulmayacaq bir tələbəlik ruhu bəxş etdi. Harada oluramsa olum, hansı zirvələri fəth edirəmsə edim, bu doğma ocağın mənim üzərimdəki əməyini və mənə qazandırdığı o ilk gözəl başlanğıcları həmişə böyük sevgi və minnətdarlıqla xatırlayacağam.
Elnurə Cəfərova






























