SON DƏQİQƏ

Ulduzların altında qurulan xarakterlər

Tarix:

2-06-2026, 14:00

/ 2 173 dəfə oxundu.
Ulduzların altında qurulan xarakterlər

İnsan özünü tanımağa çalışdığı gündən bəri saysız-hesabsız suallara cavab axtarıb. Bu cavablar bəzən elmdə, bəzən fəlsəfədə, bəzən də göy üzünə yönələn baxışlarda axtarılıb. Bürclər də məhz bu axtarışın bir hissəsi kimi meydana çıxıb və əsrlər boyu insanların marağına səbəb olub. Elə bil insan öz daxilində tapa bilmədiyi cavabları ulduzların düzülüşündə axtarmağa çalışır.

Maraqlıdır ki, bürclər insanlara çox vaxt hazır xarakter təsvirləri təqdim edir: “Sən emosionalsan”, “Tez əsəbiləşirsən”, “Hər şeyi dərindən düşünürsən”. Bu cümlələr insanın daxilində tanışlıq hissi yaradır. Çünki hər kəs özündə həmin xüsusiyyətlərdən müəyyən qədər tapa bilir. Bəzən bu təsvirlər o qədər ümumi olur ki, demək olar, hər kəs özünü onların içində görə bilir. Buna baxmayaraq, insanlar çox vaxt bu xüsusiyyətləri öz şəxsiyyətlərinin dəqiq təsviri kimi qəbul edirlər.

Əslində isə insan xarakteri bir tarixdən və ya bir ulduz xəritəsindən ibarət deyil. Şəxsiyyət uşaqlıq illərində yaşanan hadisələrin, ailə mühitinin, sosial münasibətlərin, uğurların, uğursuzluqların və həyat təcrübələrinin təsiri ilə formalaşır. İnsan davranışları mürəkkəb psixoloji və sosial amillərin nəticəsidir. Bürclər isə bu mürəkkəbliyi sadələşdirərək bir neçə cümlə ilə izah etməyə çalışır. Məhz buna görə də onlar çoxlarına cəlbedici görünür.

Bürclərə inanmaq əksər hallarda sadəcə inanc məsələsi deyil. Bu, həm də insanın özünü izah etmək istəyidir. İnsan bəzən davranışlarının səbəbini anlamaqda çətinlik çəkir və ona ən yaxın görünən cavaba üz tutur. “Mən niyə belə davranıram?” sualının cavabı kimi “çünki mən bu bürcdənəm” demək rahat görünə bilər. Lakin bu rahatlıq insanın özünü daha dərindən tanımaq ehtiyacını arxa plana keçirə bilər.

Digər tərəfdən, bürclər insanlar arasında ünsiyyət üçün ortaq mövzu yaradır. Bir çox hallarda “Sən hansı bürcdəsən?” sualı tanışlığın ilk addımlarından biri olur. Sanki insanın xarakterini öyrənmək üçün əvvəlcə onun bürcünü bilmək lazımdır. Halbuki insanın kimliyi bir neçə xüsusiyyət və ya bir astroloji təsnifatla məhdudlaşacaq qədər sadə deyil.

Eyni bürcdən olan insanların bir-birindən tamamilə fərqli olması da düşündürücü məqamdır. Eyni tarixdə doğulan iki insanın xarakteri, dünyagörüşü və davranışları niyə fərqli olur? Niyə biri sakit və təmkinli, digəri isə emosional və impulsivdir? Bu fərqlər göstərir ki, insanı formalaşdıran yalnız doğulduğu an deyil. Onun yaşadığı mühit, aldığı qərarlar, qarşılaşdığı çətinliklər və qazandığı təcrübələr şəxsiyyətinin yaranmasında daha mühüm rol oynayır.

Müasir dövrdə sosial şəbəkələr bürclərə olan marağı daha da artırıb. Hər gün minlərlə insan “Bu bürcdənsənsə, sən belə insansan” kimi paylaşımlarla qarşılaşır. Bu məzmunlar insanları özlərini müəyyən qəliblər içərisində görməyə sövq edir. Nəticədə insan özünü tanımaqdan çox, ona təqdim olunan təsviri təsdiqləməyə çalışır. Beləcə, “Mən kiməm?” sualı tədricən “Mənim bürcüm haqqında nə deyilir?” sualına çevrilir.

Bununla belə, bürclərin tamamilə mənasız olduğunu söyləmək də doğru olmazdı. Çünki insan bəzən mürəkkəb hisslərini anlamaq üçün sadə izahlara ehtiyac duyur. Çətin anlarda bir cümləlik təsvir belə ona təsəlli verə bilər. Ola bilsin ki, bürclər insanın kim olduğunu dəqiq göstərmir, amma onun özünü düşünməsinə və daxili dünyasına nəzər salmasına səbəb olur.

Ən böyük sual isə hələ də cavabsız qalır: insan xarakteri doğulduğu anda ulduzlarla birlikdə yazılır, yoxsa insan onu yaşadığı həyat boyunca özü formalaşdırır?

Bəlkə də bu sualın qəti cavabı yoxdur. Ancaq bir həqiqət dəyişmir: insan özünü anlamağa çalışdıqca həm göyə baxır, həm də daxilindəki səssizliyə qulaq asır. Çünki bəzən ən uzaq görünən cavablar ulduzlarda deyil, insanın öz daxilində gizlənir

Gülay Yalçınqızı
Jurnalistika ixtisası üzrə I kurs tələbəsi 


скачать dle 12.1

Şərhlər