SON DƏQİQƏ

Nəfsini Qurban Vermədən...

Tarix:

25-05-2026, 10:16

/ 6 134 dəfə oxundu.
Nəfsini Qurban Vermədən...

İLAHƏ ALLAHVERDİYEVA yazır 

Qurban bayram səhərlərinin özünəməxsus bir ruhu olur. Küçələr hələ tam oyanmamış həyətlərdə hərəkət başlayır, dualar səslənir, insanlar bir-birinin qapısını döyür, süfrələr hazırlanır. Hər tərəfdə bir bayram ab-havası dolaşır. Amma bütün bu mənzərənin içində insanın qəlbinə toxunan başqa bir sual da yaranır: görəsən, insan yalnız bir heyvanı qurban verməklə daxilən təmizlənə bilərmi?
Əgər bu bayramın mahiyyəti təkcə qan axıtmaqdan ibarət olsaydı, əsrlər boyu insan ruhunda bu qədər dərin iz buraxmazdı. Çünki qurban anlayışı həyətlərdə yox, ilk növbədə insanın daxilində başlayır. Əsl sınaq insanın öz nəfsi ilə üz-üzə dayandığı anda ortaya çıxır.
İnsanlar bəzən illərlə içində böyütdüyü kini qoruyaraq ibadət etdiyini düşünür. Qəlb qıra-qıra yaxşılıq etməyə çalışır. Haqsızlıq etdiyi halda vicdanını dini mərasimlərlə susdurmağa cəhd edir. Halbuki Qurban bayram insanın daxilindəki sərtliyi yumşaltmaq, tamahı susdurmaq, eqonu kiçiltmək, paxıllığın qaranlığını dağıtmaq üçün gəlir. Çünki insan dəyişmədən edilən hər ibadət bir tərəfi natamam qalmış dua kimidir.
Bu günün ən böyük çağırışı insanın özünə ünvanlanır. Özündən nələri kəsə bildin? Hansı pis vərdişindən uzaqlaşdın? Hansı qürurunu susdurmağı bacardın? Hansı incitdiyin insanın könlünü almaq üçün addım atdın?
Bəzən bir insanın qəlbini almaq yüzlərlə ibadətin edə bilmədiyini edir. Bəzən bir halallıq istəmək, bir yetimin başını sığallamaq, bir kimsəsizin qapısını döymək ən böyük savaba çevrilir. İnsan paylaşmağın yalnız maddiyyatdan ibarət olmadığını da məhz belə günlərdə anlayır. Çünki mərhəmət paylaşılmırsa, verilən payın ruhu da yarımçıq qalır.
İbrahim peyğəmbərin sınağının ağırlığı da məhz burada gizlənirdi. Orada təkcə itaət yox idi. Orada insanın Yaradan qarşısında nəfsini geri çəkməsi, ən çətin anda belə mənəviyyatını qoruması vardı. Bu gün isə bir çox insan bu ruhdan uzaq düşərək yalnız görünən tərəfi yaşayır. Halbuki ən ağır yük insanın vicdanında daşıdığı məsuliyyətdir- daxilində illərlə böyütdüyü nəfsi susdura bilməsidir.
Əgər insanın qəlbi yumşalmırsa, davranışları gözəlləşmirsə, başqasının ağrısı ona toxunmursa, o zaman bayram sadəcə təqvimdə qeyd olunan bir günə çevrilir. Əslində Qurban bayramının mahiyyəti də məhz budur- vicdanı oyatmaq, insanın öz daxilinə baxması üçün verilən mənəvi çağırış olmaq.
Bəlkə də bu bayramda kəsilən qurbanlarla yanaşı, içimizdə illərlə daşıdığımız ağır hissləri də qurban verməyin vaxtıdır. Kinləri mərhəmətlə əvəz etməyin, nifrətin yerində anlayış böyütməyin, daşlaşmış qəlbləri yenidən insan istiliyi ilə oyatmağın vaxtıdır. Çünki insanın daxilində işıq yanmırsa, həyətlərdə yanan ocaqların istiliyi də ruhu isitməyə yetmir.
скачать dle 12.1

Şərhlər