SON DƏQİQƏ
» » Media ziyalıları cəmiyyətə təqdim edərkən diqqətli olmağa borcludur!

Media ziyalıları cəmiyyətə təqdim edərkən diqqətli olmağa borcludur!

Tarix:

22-05-2026, 14:52

/ 2 266 dəfə oxundu.
Media ziyalıları cəmiyyətə təqdim edərkən diqqətli olmağa borcludur!

Nərgiz İsmayılova yazır …

Kamal Abdullanın müsahibəsindən yayılan bir neçə cümlə sosial şəbəkələrdə geniş müzakirə olunur. Amma düşünürəm ki, burada bir məqama xüsusi diqqət etmək lazımdır, media bəzən uzun və çoxqatlı fikrin içindən ən sərt səslənən hissəni seçib başlığa çıxarır və nəticədə tamam başqa təsir yaranır.
Kamal Abdulla illərlə Azərbaycan ədəbiyyatında, elmində və akademik mühitində formalaşmış bir ziyalı obrazıdır. Onun yaradıcılığına, universitet mühitindəki fəaliyyətinə və insanlarla münasibətinə baxanlar yaxşı bilir ki, qadınlara qarşı hörmətsiz və ya onları kiçildən münasibət Kamal müəllimin xarakterinə uyğun deyil. Əksinə, uzun illər ərzində qadın müəllimlərə, tələbələrə, elm və sənət adamlarına verdiyi dəstək, nəzakətli münasibəti hər kəsə məlumdur.
Bu gün sosial mediada bir cümləni kontekstdən çıxarıb insanı tam fərqli təqdim etmək çox asanlaşıb. Halbuki müsahibənin ümumi tonuna baxanda Kamal müəllimin daha çox ənənəvi ailə modelindən danışdığı görünür. Bu fikirlə razılaşmaq da olar, razılaşmamaq da. Amma bunu qadına qarşı düşmən münasibəti kimi təqdim etmək ədalətli görünmür. Ən əsası Kamal Abdulla yazdığı əsərlərdə yaratdığı qadın obrazlarında belə vurğulanan mövqedən çıxış etmir, qaldıkı real həyatda.
Ən vacib məqamlardan biri də budur ki, Kamal müəllim özü də müsahibədə “xüsusi istedadı ilə seçilən qadınların cəmiyyətdə önə çıxmasını” təbii və normal hesab etdiyini deyir. Sadəcə onun şəxsi baxışı daha çox ailə institutunun qorunmasına yönəlib. Bu isə müəyyən nəsil və dünya görüşünə sahib insanların paylaşdığı ənənəvi düşüncədir. 
Əvvəla, Kamal Abdulla təsadüfi biri deyil — illərlə universitet idarə etmiş, yüzlərlə tələbə və müəllimlə çalışmış, Azərbaycan ədəbiyyatında xüsusi yeri olan ziyalıdır. Əgər onun qadına baxışı doğrudan da qadını cəmiyyətdən təcrid etmək üzərində qurulsaydı, bunu illərlə rəhbərlik etdiyi akademik mühitdə görmək olardı. Halbuki Azərbaycanda elm, filologiya və humanitar sahədə fəaliyyət göstərən çoxsaylı qadın müəllim və alim məhz həmin mühitdə yetişib, fəaliyyət göstərib, irəli çəkilib. Hətta rəhbər vəzifələr tutub. 
Bir ziyalını qiymətləndirərkən təkcə bir başlığa yox, onun illərlə yaratdığı irsə, davranışına, insanlarla münasibətinə və cəmiyyətə verdiyi töhfəyə baxmaq daha doğru olar.
скачать dle 12.1

Şərhlər