SON DƏQİQƏ

Şəhid atasının faciəli HEKAYƏTİ

Tarix:

13-10-2025, 13:17

/ 3 426 dəfə oxundu.
Şəhid atasının faciəli HEKAYƏTİ

Atam Naxçıvan MR-nın tanınmış ziyalılarından idi. Özü yetimçilikdə böyüdüyü üçün bizi hər şeylə təmin etmişdi, çatışmayan nəyimizsə olmazdı. Övladlarının hamısının ali təhsil alması üçün bacardığını əsirgəməmişdi. "Siz təki təhsil alın, mən əziyyət çəkərəm" deyirdi. Qızını tez ərə verən qohum-əqrabanı danlayardı ki, ali təhsil ilk növbədə qıza lazımdır. Qızlarınıza öncə təhsil verin, cehizinin üstünə diplom qoyun. İmkansızlara, kasıblara hər zaman əl tutardı. Qapımız sutkanın 24 saatı hər kəsə açıq idi. Qapıya gələn kimsə boş qayıtmazdı. Atamın evi kəndin, qohum-əqrabanın ümid yeri idi.
Bugün atamın ölümündən 5 il keçdi.
365 gün əslində 365 il kimi keçdi. Əzablı, kədərli, stressli, məşəqqətli. Evin böyüyü, "ağsaqqal"ı olmaq çox məsuliyyətliymiş, atam sağ olanda özümü lap uşaq kimi bilirdim. Düşünürdüm ki, Vüsal sağ qayıdar, atamın məzarına apararam, atamın ruhu rahatlıq tapar. Amma ...
Vüsalın itkin düşməsini atamdan 11 gün gizlədə bildim. Bilirdim ki, atam öyrənsə dözməyəcək. İtkinlik onun uşaqlıq travmasıydı. Atam 3 günlük olanda babam müharibəyə getmişdi. Atası-babam 1941-45-ci illər müharibəsində itkin düşmüş, qayıtmamışdı. Hər dəfə babamdan söz düşəndə atamın gözləri yol çəkərdi.
Atam qonşudakı yas mərasimində Vüsalın itkin düşməsini öyrənmişdi. Oğlunun itkin xəbərinə cəmisi bir neçə saat dözmüşdü.
Onun ölüm xəbərini alanda nə edəcəyimi bilməmişdim. Qeyri-ixtiyari atamın nömrəsinə zəng etmiş, amma bibioğlunun "dayım rəhmətə getdi" cavabıyla sarsılmışdım. Həmin vaxt Naxçıvana təyyarələr işləmədiyi üçün atama olan son borcumu yerinə yetirə bilməmişdim. Onun dəfnini telefondan canlı şəkildə izləmişdim. Məncə bir övlad üçün ən ağır və əzablı hadisə atasının cənazəsini çiynində daşıya bilməmək idi. Yeganə təskinliyim atamın sağlığında ona layiqli övlad olmağımdır. Bir sözünü iki etmədik, onu incidəcək nəsə etmədik, hər zaman övladlarıyla qürur duydu, fəxr etdi. Hər kəsin nümunə göstərəcəyi ideal ata idi.
Övlada hər yaşda ata lazım olduğunu atamı itirəndən sonra anladım. Bəzən nəyəsə qərar verəndə qeyri-ixtiyari atama zəng edib məsləhətləşmək, razılığını almaq istəyirəm.
Allah bütün dünyasını dəyişənlərə rəhmət etsin.
скачать dle 12.1

Şərhlər