SON DƏQİQƏ

İllər könül xoşluğuyla yaşanacaq...

Tarix:

1-04-2024, 09:24

/ 3 030 dəfə oxundu.
İllər könül xoşluğuyla yaşanacaq...

Həsən Ələkbərov - 70
Ötənlər, yaşanılanlar unudulmur, xatırlamalarda yaşadılır. El-oba ilə bağlı olan­lar yaşa­nıl­mışların davamı kimi daha həssaslıqla, daha duyğusallıqla yaşanılır. O xatırlamalarda torpaq mehri olduğuna görə, ata-ana sevgisinin şaxələri oldğuna gö­rə, böyük dünyaya aparan yolun başlanğıcı olduğuna görə belədi. Mənə elə gəlir ki, el-obaya (deməli, Vətənə) sevgi də bu xatırla­ma­larla qüd­rətlənir, insanlara dünyəvi, bə­şə­ri münasibət də. Həm də, yaxşı adamlar daha çox xatırlanır. Ruhun­la xatır­layırsan, ruhun üçün xatırlayırsan...
Həsən Bəhlul oğlu Əlkbərov 1954-cü il aprelin 1-də Zəngilan rayonunun Qaragöz kən­din­də anadan olub. Qaragöz kənd ibtidai məktəbində, Ördəkli kənd səkkizillik məktəbində, Mincivan qəsəbəsində M.Füzuli adına 36 saylı dəmiryol orta məktəbində təhsil alıb. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra sənədlərini Bakı Dövlət Universitetinin hüquq fakültəsinə verən Həsən yüksək bal toplasa da müsabiqədən keçə bilmədi. Bir il “1 May” sovxozunda fəhlə işlədi. Növbəti il qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazandı.
O da ali təhsil aldı. 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının (indiki Naxçıvan Dövlət Universiteti) tarix fa­kül­­­təsini bitirdi. Qiyabi oxuyurdu. İkinci kursda təhsil alanda 1972-ci il sentyabrın 1-də  Ağbənd kənd səkkizillik məktəbinə tarix müəllimi təyin edildi. Gənc və təcrübəsiz olmasına baxmayaraq təcrübəli müəllimlərdən aldığı dəyərli məsləhətlər və zəhmətsevərliyi onu şagirdlərin və valideynlərin sevimlisinə çevirdi…
1978-ci il mayin 18-də Ağbənd məktəbinin müəllimi Həsən Ələkbərovu da hərbi xidmətə çağırdılar. Dünyanın düz vaxtlarıydı, ermənlik cızı­ğın­dan çıxmamışdı, imperiyanın əyalətlərə münasibəti hələ üzə çıx­ma­mışdı, Moskva niyyətlərini pərdələyirdi. Belə bir vaxtda Vətən kəlməsini ideologiyanın tələb­lə­ri kimi düşüncələrə SSRİ kimi hopdursalar da ruhu rəvanlar, el-obaya mehr-ülfəti olanlar, Azər­bay­­ca­nın mənəvi səyyarəsi olanlar üçün belə deyildi. Onlar üçün Səməd Vurğunun “Azərbaycan” şei­­rinin gerçəklikləri vardı: “Hansı səmtə, hansı yana Hey uçsam da yuvam sənsən…”. Həsən belə düşünən, belə deyən gənclərdən idi.
Məsuliyyət dünyaduyumun tərkib hissələrindəndir. Nümunəvi xidmətinə görə Həsən Ələk­bə­rovu 1979-cu ilin iyununda partiya sıralarına qəbul etdilər. Etiraf edilməlidir ki, o illərdə belə bir şans hər adama nəsib ol­murdu...
1979-cu il noyabrın 1-də hərbi xidmətdən tərxis edildi, Zəngilana qayıtdı, həmin il noyabrın 3-dən  Qaragöz səkkizillik məktəbinin tarix müəllimi təyin olun­du. Xarakter bir dəfə formalaşır; Həsən Bəhlul oğlu istər şagird kimi, istər tələbə kimi, istər gənc müəllim kimi, istərsə də əsgər kimi tapşırılan işi həmişə böyük məsuliyyətlə yerinə yetirib. Tanıyanlar deyir ki, mə­su­­liyyət onun xarakterinin başlıca amilidir. Məsuliyyət bitən yerdə fəaliy­yə­tin ölgünlüyü başla­yır...”, - Həsən müəllimin kəlamıdı...
      1985-ci il dekabrın 4-dək Zəngilan rayonun Qaragöz kənd orta məktəbində tarix müəllimi işləyib. Məktəbdə işlədiyi müddətdə calışqanlığı, prinsipiallığı, qabaqcıl pedaqoji nailiyyətləri və təc­rübəni dərslərində tətbiqetmə bacarığına görə bacarıqlı gənc müəllim kimi həm məktəbdə, həm də rayon müəllimləri arasında fərqləndi, seçildi, sevildi. Partiya təhsili sistemində təbliğatçı və təş­viqatçı kimi kəndin camaatı arasında dövlət siyasətinin təbliğində, gənclərin əmək və mənəvi tərbiyəsində məq­­­sədyönlü (və təəssübkeş!) fəaliyyəti, məktəb partiya təşkilatının katibi kimi yük­sək təşkilatçılığı nəzərə alı­na­raq 1985-ci il dekabrın 5-də Zəngilan rayon partiya komitəsinin (RPK-nin) təş­ki­lat şöbəsinin təlimatçısı və­zi­fəsinə irəli çəkildi. 80-cı illərdə gənclərin əksəriyyətinin arzuladığı vəzifəyə təyinat Həsən Ələk­bə­rovun xarakterini müəyyənləşdirən məsuliyyət amilini daha da for­ma­laşdırdı...
Gənc təlimatçının işi bəyənilirdi...
Mən Həsən müəllimi  1980-ci  ildən  tanıyıram. Rayon komsomol komitəsində şöbə müdiri işləyirdim. O illərdə təsərrüfatların fəaliyyətinə partiya nəzarəti vardı və bu nəzarət fəaliyyətin tən­zimlənməsində stimul olurdu. Rayonda üzümçülüyü da­ha da inkişaf etdirmə, mövcud nöqsan­la­rı aradan qaldıma zərurəti ilə əlaqədar hər tə­sər­­rü­fata partiya-komsomol işçiləri göndə­ri­lirdi. 1985-ci ilin iyun ayında mən “1 May” sovxozuna, Qaragöz kəndinə göndərildim. Briqadada vəziy­yət­lə tanış olduqdan sonra Həsən müəllimlə görüşdüm. Məni evlərinə dəvət etdi. Atası Bəhlul dayı, anası Ruqiyyə xala məni hörmətlə qarşıladılar. Ailə üzvləri ilə yaxından tanış oldum. Gəli­şi­­min məqsədini bilən Bəhlul dayı rayona gedib-gəlməyin çətin olacağını bildirdi, məsləhət gördü ki, (müəyyən mənada tələb etdi ki) onlarda qalım. Camaatın becərmə işlərinə cəlb edilməsinə özü­nün də kömək edəcəyini bildirdi. İki həftə ərzində Bəhlul dayının, Həsən müəllimin, qardaşı Hü­seyn müəllimin köməkliyi ilə kəndin bütün əmək qabliyyətlilərini becərmə işlərinə cəlb etməklə tapşırılan işin öhdəsindən layiqincə gəldik. Bu müddət ərzində RPK-nin birinci katibi Muradaxan Cabbarov iki dəfə günün müxtəlif vaxtlarında (səhər tezdən və axşam saatla­rın­da) briqadaya gəlmişdi, işin gedişi ilə yaxından tanış olmuşdu, razı qaldığını hiss eləmişdik. Cəsarətli və ədalətli bir insan olan Bəhlul dayı birinci katibə mənim barəmdə xoş sözlər deməkdən çəkinməmişdi...
Həmin ilin dekabrından Həsən müəllim RPK-də təlimatçi işlədiyinə görə biz tez-tez görüşür, Və­tən­dən, xalqdan, müqəddəs Vətənin hər ikimizə müqəddəs olan Zəngilan adında ecazkar­lı­ğın­dan, işdən, ədəbiyyatımızdan, incəsənətimizdən, ... danışardıq. 1988-ci ilin iyulunda mən RPK-nin si­ya­sı-maarif kabinetinin müdiri təyin edildikdən sonra görüşlərimiz daha da intensivləşdi. Bir il, mən ali siyasi təhsil almağa göndərilənədək belə davam etdi. Həmin bir ildə Həsən müəllimin yük­sək təşkilatçılıq və idarəetmə bacarığının, dərin biliyinin, həmişə haqq-ədalətin  yanında ol­du­ğunu bir daha gördüm. Yüksək insani keyfiyyətləri, hümanist­li­yi, sözü bütövlüyü, mənəvi uca­lı­ğı, əxlaqı saflığı, cəsarətli təşkilatçılığı və yorulmaq bilməyən zəh­mət­sevərliyi insanların ona olan hüsn-rəğbətini artırmışdı, onların əsl inam yerinə çevrilmişdi.
Həsən müəllimin dediklərindən: “Rayon İcra hakimiyyəti başçısının sosial-iqtisadi məsə­lə­lər üzrə müavini işləyirdim. Mənzil bölgüsü komissiyasının sədri idim. Mincivan qəsəbə  dəmir­yol xəstəxanasının  işçilərinə mənzil verilməsi məsələsinə baxılırdı. Xəstəxananın xadiməsinin ev almaq növbəsi  idi.  Hörmətli və imkanlı həkimlərdən biri  “İcra hakimiyyəti başçısının da razılı­ğı­nı almışam” deyərək  mənzilin orderinin ona verilməsini istəmişdi. Həkimin qohumu da mənə “şirinlik” təklif etmişdi. Mən qəti olaraq razılaşmadım. Mənzili qanuni növbəsi  çatmış xadiməyə ver­dim”. Həsən müəllimin fəaliyyətində belə yaddaqalan xoş nümunələr olduqca çoxdur; insanlıq qanunlarını daha üstün tuturdu Həsən müəllim...
Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb ol­du. Düşmən Zəngilan da işğal etmək istəyirdi. Zəngilan ərazi özünümüdafiə taboru, əhali, milis işçiləri ərazini ciddiliklə qoruyurdu. O vaxtlarda taborun şəxsi heyəti üçün vəzifəlilərin hər gəlişi döyüş əzmi idi, qələbə ruhu idi. Həsən müəllim tez-tez mövqelərə gələrdi, döyüşçülərlə saatlarla söhbətlə­şər­di, hər söhbət bir vətənpərəvərlik dərsi kimi dinlənilərdi. Söhbət zamanı əsgərlərdən biri deyib ki, Həsən müəllim, şagird kimi dinlədiklərimi döyüşçü kimi dinləmək mənim deyil, bu tor­paqların ta­le­yidir. Dedikləriniz bizim hər birimizin hərbi andımızın davamı olacaq. Onda Həsən müəllim keçmiş şagirdini bağrına basıb...
Həsən müəllimin taborumuza qayğısının  (buna Vətən naminə sevgi də deyər­dim!) hə­mi­şə gerçək nəticəsi olub: Həsən müəllim 1992-ci ilin fevralında Kürdəmir rayonun İcra Haki­miy­yəti başçısının  birinci müavini  Ramiz Cəfərovun  və müavini Taleh Qasımovun  köməkliyi ilə Əş­rəf adlı mexanikin hazırladığı  “Qrad” qurgusunu gətirib komandiri olduğum Zəngilan Ərazi Özünümüdafiə Taboruna təhvil vermişdi. Bu qurğu düşmənlə döyüşlərədə xeyli səmərəli ol­muş­du...
Gənc Azərbaycan Respublikasında yöndəmsiz idarəçilik dövlətçiliyin titrəyişinə şərait yarat­mış­dı. Bəzən hansı səbəblərə görəsə baçarıqlı kadrlar da vəzifəsindən uzaqlaşdırılırdı. Bunlar xal­qı­nı sevənlərin düşüncələrini üstələyə bilməzdi. Həsən müəllim də tutduğu vəzifədən azad edilmişdi. Həmişə xalqını, dövləti, dövlətçiliyi düşünən Həsən Ələkbərov Nusrət Mustafayevlə birlikdə YAP Zəngilan rayon təşkilatının yaradılmasına nail oldu. Həsən müəllim xalqını sevənlərə deyirdi ki, Ulu Öndər Heydər Əliyevın YAP-ın sədri və ölkənin prezidenti seçilməsi insanların sözlə təsvir edilməyən sevincidi, fərəhidi. Xalqa arxalanan Heydər Əliyevin prezident seçilməsi insanların dövlətə itmiş etibar və inamını qısa müddətdə bərpa etdi...
Zəngilanın işğalından sonra Həsən müəllim əvvəlcə Əli-Bayramlı (indiki Şirvan) şəhə­rin­də, Bakı şəhərində məskunlaşmış zəngilanlıların problemlərinin aradan qaldırılmasına həmişə kömək göstərirdi...
1996-cı il dekabrın 29-da Ulu Öndər Heydər Əliyevin Zəngilanlarla görüşündə YAP Zən­gilan rayon təşkilatının sədri Nüsrət Mustafayev  böyük tarixi şəxsiyyətə Həsən Ələkbərovun işdən qanunsuz çıxarıldığını bildirmişdi. Ulu Öndərin göstərişindən sonra, Həsən müəllim 1997-ci il iyunun 6-da  Zən­gi­lan rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru təyin edildi, 2016-ci  il avqustun 27-dək  bu vəzifədə çalışdı. 2016-cı  il sentyabrın 1-dən 2018-ci il oktyabrın 30-dək  Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin müdir müavini vəzifəsinə təyin olun­du.
Nazirliyin bir qrup mütəxəssisi Qubadlıda və Zəngilanda pensiya işlərinin bərpası zamanı müəyyən nöqsanlara yol verildiyini əsas gətirərək  həmin işlərə yenidən baxılması barədə rəy ha­zır­lamışdılar. Həsən müəllim bu rəylə qətiyyən razılaşmayaraq nazirlik qarşısında məsələ qaldır­mış­dı. İşçi qruplarının yaradılmasına və həmin məsələlərə yenidən, obyektiv baxılmasına nail ol­muş­du. Nəticədə, bu məsələ kollegiya qərarı səviyyəsində müsbət həllini tapmışdı ...
Xoşbəxtliyi insanlarla ünsiyyətdə görən Həsən Ələkbərov insanlara yaxşılıq və köməklik etməyi özünə  mənəvi borc bilir...
Həsən müəllim həsəd aparılacaq şərəfli və örnək ömür yaşayır. Yorulmaz fəaliyyəti, möhkəm dözümü, mənəvi cəsarəti, mü­ba­rizliyi, dəyişməz mövqeyi, mərdliyi, əyilməz qüru­ru, həssas qəlbi, sadəli­yi, səmimiliyi, yüksək təvazökarlığı və müdrikli­yi i­lə onu tanıyanların hamısını qürurlandırır.
Saf vicdan sahibi, mehriban ailə başçısı, nümunəvi valideyin Həsən Ələkbərovun hər üç öv­ladı fəaliyyət göstərdiyi sahədə ata yolunu ləyaqətlə davam etdirir...
2018-ci ilin noyabrından təqaüddə olan 1-ci dərəcə dövlət qulluqçusu Həsən Ələkbərov Yeni Azərbaycan Partiyasının veteran üzvü kimi gənclərin hərbi vətənpərvərlik tərbiyəsində məq­sədyönlü  iş aparır, illərlə qazandığı təcrübəni gənclərə böyük sevgilərlə çatdırır, elin-obanın xeyir-şərində fəal iştirak edir.
Həsən Ələkbərovun Qaragöz kəndinə qayıdışı ruhun cana qayıdışı olacaq, şübhəsiz...
Ömrün yetmişində dünyaya salamın duyanlara könül xoşluğudu, Həsən müəllim. Hələ neçə on illər bu səmimi salamların işığı səni, Zəngilanı, Azərbaycanı sevənlərin  də niyyəti olacaq, Hə­sən müəllim...
Bayram MƏMMƏDOV,
Əməkdar müəllim
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ