SON DƏQİQƏ
» » Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı: 28 il öncə yaradılmışdı - BƏYANAT

Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı: 28 il öncə yaradılmışdı - BƏYANAT

Tarix:

18-03-2023, 22:52

/ 2 005 dəfə oxundu.
Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı: 28 il öncə yaradılmışdı - BƏYANAT

Partiya adından yayılan son açıqlama: "Azərbaycan Təkamül Partiyası fəaliyyətini hüquqi baxımdan sona çatdırmağı məqbul hesab edir"

Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırıb. 1995-ci ildən fəaliyyət göstərən Azərbaycan Təkamül Partiyası (ATP) bəyanat yayaraq öz fəaliyyətinə xitam verdiyini bildirib. 

GunAz.az-ın redaksiyasına göndərilən bəyanatı olduğu kimi dərc edirik:

"Xalqımızın milli azadlıq hərəkatından başlayan yol vahid ideya ətrafında birləşən bir qrup ziyalının 1995-ci ildə Azərbaycan Təkamül Partiyasını (ATP) təsis etməsi ilə nəticələndi. Konstruktiv müxalifət partiyası kimi fəaliyyət göstərən ATP 2005-ci ildə dövlət qeydiyyatına alındıqdan sonra ölkəmizin müstəqilliyinin, suverenliyinin qorunması,  azad, ədalətli, demokratik cəmiyyət qurulması, qanunçuluğa riayət edilməsi, vətəndaş cəmiyyətinin bərqərar olması, ölkəmizin milli və dövlət maraqlarının müdafiəsi istiqamətində fəal siyasi iş aparmağa başladı.

Azərbaycan Təkamül Partiyası fəaliyyəti dövründə dövlətimizin və xalqımızın mənafeyini hər zaman üstün tutaraq ölkənin sosial-iqtisadi inkişafına, fikir plüralizminin dərinləşməsinə mane olan neqativ hallara qarşı öz mübarizliyi ilə seçilib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xalqımızın rifahına, dövlətimizin güclənməsinə səbəb olan çoxşaxəli siyasət ATP tərəfindən daim dəstəklənib, müşahidə edilən neqativ hallarla bağlı partiyanın təklif və təşəbbüsləri ictimaiyyətə çatdırılıb. Dövlət siyasətinin əsasını təşkil edən sosial-iqtisadi sahənin daha yaxşı inkişafı, bazar iqtisadiyyatı mühitində sahibkarlığın dəstəklənməsi, əhalinin məşğulluğu, sosial müdafiənin gücləndirilməsi, vətəndaş məsuliyyətinin artırılması və Konstitusiyada bəzi düzəlişlərin edilməsi ilə bağlı təkliflər Partiya tərəfindən hazırlanıb və əlaqədar orqanlara təqdim edilib.

Partiya ölkəmizdə baş verən əsas siyasi proseslərdə - referendum və seçkilərdə aktiv iştirak edib, seçicilərin inamını qazanıb, həmçinin Partiya öz fəaliyyətində daim intizamlı olub və qanunverciliyin tələblərinə riayət edib.

Partiyamızın çoxsaylı üzvləri və rəhbərlikdə təmsil olunan şəxslərlə son dövrlərdə keçirilən toplantılarımızda yekdil fikir bundan ibarət olub ki, fəaliyyətimizin əsas qayəsi bu gün həyata keçirilən uğurlu daxili və xarici siyasətə dəstək verməkdən ibarət olmalıdır. Hazırda iqtidarın həyata keçirdiyi islahatlar hər bir sahəni özündə ehtiva edir. Ölkəmizdə əhalinin rifahı yaxşılaşır, dövlətimiz güclənir, fikir plüralizmi inkişaf etdirilir, siyasi qüvvələr arasında dialoq mühiti yaradılır, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bu işdə aktiv təmsil olunur.

İşğalçı Ermənistan və onun havadarları üzərində qazanılan böyük Qələbədən sonra ölkəmizə qarşı beynəlxalq təhdidlərin gücləndiyini, məkrli şər qüvvələrinin dövlətimizi zəiflətmək niyyəti ilə davamlı iş apardığını müşahidə edirik. Belə bir məqamda Azərbaycan Təkamül Partiyası olaraq öz üzvlərimiz adından dövlətimizin yanında olduğumuzu dilə gətirir, Azərbaycanın daha da güclənməsi naminə müsəlləh əsgər kimi döyüşə hazır olduğumuzu bildiririk. İnanırıq ki, indiki tarixi şəraitdə bizim partiya kimi yox, məhz dövlətçilik əqidəsində olan aktiv vətəndaş kimi ölkəmizə daha böyük faydamız ola bilər. Bu məqsədlə Azərbaycan Təkamül Partiyası fəaliyyətini hüquqi baxımdan sona çatdırmağı məqbul hesab edir.

Dövlətimizin daha da güclənməsi, suverenliyimizin əbədi olması, xalqımızın xoş gələcəyi naminə mübarizədə partiyamızın hər bir üzvünə bundan sonrakı fəal vətəndaş mövqeyində uğurlar arzulayırıq".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ