SON DƏQİQƏ

Əsrə bərabər müəllim ömrü

Tarix:

5-10-2019, 08:00

/ 2 120 dəfə oxundu.
Əsrə bərabər müəllim ömrü

 

Mənim üçün dünyanın ən qüdrətli alimi və söz ustası Nizami Gəncəvidir. Və onun bu sözünə heç bir şəkk-şübhəm yoxdur:

 

“Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz...”

 

Bu mənada müəllimlər bir günəşə bənzəyirlər ki, onlar öz nurlu işığı ilə insanların qəlbini sevgi və biliklə bəzəyirlər. Müəllimlik sənəti müqəddəsdir. Aristotelin dediyi kimi: “Atam məni göylərdən yerə endirdi, müəllimim isə məni yerlərdən göyə qaldırdı”. Bu sözlərdə böyük məna və həqiqət var. Müəllimlər əslində qəlbini şam tək əridərək, öz şagirdlərinə elm, tərbiyə verirlər. Müəllim olmaq üçün gərək səbrin, həvəsin, həm də istedadın olmalıdır.Əsrə bərabər müəllim ömrü

Atam müharibə illərində müəllim işlədiyinə görə bu peşənin çətin və şərəfli olduğunu mənə uşaq olarkən dönə-dönə anlatmışdır. Məhz bu baxımdan da müəllim mənim gözümdə indiyə qədər ilahi bir şəxs kimi canlanır. Mənə elə gəlir ki, müəllim elə anadan müəllim doğulur.

94 yaşının çox hissəsini şagirdlərin təlim-tərbiyəsinə həsr etmiş Nisə müəllimə ilə görüş məndə çox böyük təəssürat oyatdı. Nisə xanımla görüşüb, tanışlığımın əsas səbəbi “Cabir Novruz Mədəniyyət fondu” nun xətti ilə Əməkdar artist – sevimli müğənnimiz Mətanət İsgəndərlinin doğulduğu Dağ Quşçu kəndində kənd əhalisi üçün təşkil etdiyi “xeyriyyə konserti” oldu. İlk olaraq Nisə müəllimənin həyətində çay süfrəsinə qonaq olduq.

Hacıyeva Nisə Teyyub qızı 1926-cı ildə Quba rayonunun Xaltan kəndində anadan olub. Sonra isə Bakıya köçərək birinci sinifə 172 saylı məktəbdə qədəm qoyub. Nisə müəllimə deyir: "7-ci sinifdə oxuyanda bir gün fasilə zamanı sinifdən çıxarkən eşitdik ki, müharibə başlayıb. Amma dedilər ki, heç nədən qorxub, narahat olmayın tezliklə müharibə bitər biz qalib gələrik. Mən evə gələrkən qardaşım Mütəllimin işdən evə dönmədiyini gördüm. Qardaşım İcra orqanlarında çalışırdı. Xəbər gəldi ki, rayon və kəndlərə gedərək əhaliyə ürək-dirək verib, narahat olmamaları üçün işlər görmək lazımdı. Məndə qardaşımla birlikdə Xızı rayonunun Altıağac kəndinə getdik. Qardaşım hökümət işində, mən isə “Pioner lageri”ndə tərbiyəçi işlədim. Üç ay keçdikdən sonra artıq məktəblər başladı. Məktəblərdə müəllimlərin əksəriyyəti müharibəyə göndərildiyinə görə siniflərdə müəllim çatışmırdı. Mən də əlaçı şagird olduğum üçün həmin məktəbə müəllim təyin olundum.

Beləcə aylar, illər ötdü, ölkədə vəziyyət yaxşılaşaraq, müharibə qələbəmizlə başa çatdı. Mən də təhsilimi davam etdirmək üçün sənədlərimi V.İ.Lenin adına Bakı Dövlət Pedaqoji İnstitutuna verdim. İlk qəbul imtahanını ədəbiyyat nəzəriyyəsindən Mir Cəlal Paşayev götürdü. İmtahan zamanı əlavə sual verərək dedi: “Əgər oturduğun bir yerdə yanından müəllim və yaxud ahıl bir nəfər keçərsə nə edərdin?” Mən isə cavabımda dedim; - ayağa qalxıb salam verərdim və dərhal ona yer göstərərdim. Cavabım M.C.Paşayevin çox xoşuna gəldi və imtahandan əla qiymətlər aldım. Başqa böyük şəxsiyyətlərdən – Əzizə Cəfərzadə, Zəka Xəndan, M.Ə.Sabirin oğlu Məmmədsəlim Tahirli də məndən qəbul imtahanı götürdülər. Sonralar da həmin müəllimlər mənə institutda dərs dedilər. Yadımdadır ki, qəbul imtahanında C.Cabbarlının əsərindən qadın surəti düşmüşdü. Bunu da ona görə xatırladıram ki, bu il böyük dramaturqumuzun 120 illik yubileyidir".

İnstitutu əla qiymətlərlə bitirən Nisə müəllimə Siyəzən rayonunun Dağ Quşçu kəndinə müəllim olaraq göndərilir. Yenidən şagirdlərinə elmin sirlərini öyrətməyə başlayır. Kənddə sayılan, seçilən müəllimlərdən olur. Bir çox diplomlarla, fəxri fərmanlarla təltif olunur. Onun savadlı, işgüzar müəllimə kimi şöhrəti hər yerə yayılır.

Bir müddət sonra gənc müəllimə hamı kimi sevib-sevilir. Həmin kəndin sakini olan Əliyev Məmməd Ağamil oğlu ilə ailə həyatı qurur. Eləcə Dağ Quşçu kəndinə ürəkdən bağlanır Nisə müəllimə. Uzun müddət övlad həsrəti ilə yaşayan gənc ailə sonda fikirləşmək qərarına gəlirlər. Nisə müəllimə qaynı oğlunu körpəlikdən övladlığa götürərək ona əsl ana qayğısı göstərir, böyüdüb tərbiyə edir. İndi artıq Nisə müəllimənin canı qədər sevdiyi oğlu Yaşar, qızı qədər

hörmət gördüyü gəlini Gülnaz xanım və üç gözəl nəvəsi var. Onlar da nənələrini çox sevirlər. Müəllimə o qədər ədəbiyyata, şeiriyyətə bağlı olub ki, hətta nəvələrinin adlarını belə şeirlərinin vurğunu olduğu nakam-sevilən şairimiz Mikayıl Müşfiqin adını verib. Şairin adını daşıyan nəvəsi Müşfiq Dağ Quşçu məktəbində dil-ədəbiyyat müəllimi işləyir. Qız nəvəsi isə Müşfiqə gənc ana olaraq gələcəyə gözəl övladlar tərbiyə edib böyüdür.

Nisə müəllimə illərlə bütün uşaqları öz övladı bilir. Hamısının əlindən tutur, onlara həyatın işqlı yollarını göstərir. Onların hamısının xeyir işlərində başda oturur. El-obasının ağbirçəyi kimi xeyir-dua verib, əlindən gələni əsirgəməyib.

Nisə müəllimə bu gün də 94 yaşında elimizin, obamızın ağbirçək xanımıdır. Onunla söhbət edərkən hiss edirsən ki, sanki bir tarix kitabını vərəqləyirsən. Acılı-şirinli günlərdən söhbət açan Nisə müəllimənin gözləri gah dolur, gah da üzündə sevinc hissi duyulurdu. Çünki xalqımızın keçib-gəlmiş uzun yollarından söhbət açırdı.

O, bu günkü günümüzün necə də gözəl olduğundan ürək dolusu danışır və deyir ki, “bircə arzum var, kaş oğurlanmış Qarabağ torpaqları tezliklə düşmən tapdağından azad olunaydı”. İnanır ki, güclü ordumuzun, Ali Baş Komandanımızın yürütdüyü ağıllı siyasət nəticəsində hökmən torpaqlar tezliklə azad olunacaq.

Bu gün də Azərbaycan xalqının vətəndaşı olmağıma qürur duyuram. Əgər yenidən dünyaya gəlsəydim, yenidən Azərbaycan adlı məmləkətin vətəndaşı və Azərbaycan müəllimi olardım. Çünki heç vaxt gözəl Azərbaycanımızdan və müəllim sənətindən doymadım.

Tanrı səni qorusun Nisə müəllimə, qoy sənin yüz yaşını öz arzuladığın kimi Qarabağ torpağımızda qeyd edək.

Əsrə bərabər müəllim ömrüRəsmiyyə HEYBƏTAĞAQIZI

Əsrə bərabər müəllim ömrü

 

Əsrə bərabər müəllim ömrü

 

Əsrə bərabər müəllim ömrü

Əsrə bərabər müəllim ömrü

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ