SON DƏQİQƏ

“Mənə bir hərf öyrədənin köləsi olaram”

Tarix:

24-01-2019, 08:37

/ 7 783 dəfə oxundu.
“Mənə bir hərf öyrədənin köləsi olaram”

“Mən müəllimdən şərəfli ad tanımıram”

Heydər Əliyev

 

Dünya miqyasında müəllimlik sənəti bütün başqa peşə və sənətlərdən yüksəklikdə dayanır. Bütün dünya xalqları arasında müəllim adı böyük hörmət və nüfuza malikdir.

“Mənə bir hərf öyrədənin köləsi olaram”. Bu sözlər islam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur. Din, əqidə, məslək uğrunda uca şəhidlik zirvəsinə yüksələn Həzrəti Əlinin öyrədənin - müəllimin əməyini belə yüksək dəyərdəndirməsinin səbəbini anlamaq üçün ilk növbədə müəllimlik peşəsinin mahiyyətinə nəzər salmaq gərəkdir.

Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodlar işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, planetlərin sirlərini öyrənir. Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm-bilik xəzinəsinin qapılarını insanların üzünə açan bir varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmirlər, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq. İnsan cəmiyyətinin əzəli və sonu müəllim əməyi ilə bağlıdır. İnsanlar öyrənə-öyrənə kamilləşmiş, təbiətin sirlərinə yiyələnərək onu ram etmiş, yeni-yeni kəşflərlə öz həyatlarını yüngülləşdirmişlər.

Deyirlər ki, hər insanın taleyində müəllimin yeri var. Bu həqiqətən belədir. Ona əlindən tutub əlifbanın ilk hərfini, “ana”, “Vətən” kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimi kim xatırlamır? Məktəb partası arxasında keçən illərdə müəllimlər bizə qətrə-qətrə doğma yurda, torpağa sevgi hissi aşılayırlar. Biz Azərbaycanın keşməkeşli tarixi, ana yurdumuzun təbiətinin gözəlliklərini, xalqımızın dostları və düşmənləri barədə müəllimlərimizdən çox şey öyrənmişik. Sevimli müəllimlərimiz bizə şifahi xalq yaradıcılığının, dastanlarımızın ruhunu aşılayıblar, eləcə də yazılı ədəbiyyatımızın görkəmli nümayəndələrinin - Nizaminin, Füzulinin, M.Ə.Sabirin, S.Vurğunun, C.Məmmədquluzadənin, C.Cabbarlının, M.Müşfiqin, H.Cavidin yaradıcılığının incəliklərini öyrədiblər. Biz onların sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından adət-ənənələrinə, mənəvi dəyərlərinə bağlanmışıq, dünyagörüşümüz, həyata sağlam baxışımız formalaşıb.

Əlbəttə, bütün bunlar ani olaraq baş vermir, uğurlarımızın arxasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət dayanır. Elə buna görə də cəmiyyətdə müəllimlik çox şərəfli müqəddəs hesab olunur. Alim də, sərkərdə də, bir sözlə həyatda tutduğu mövqeyindən asılı olmayaraq hər kəs müəllimi qarşısında baş əyir, ona səcdə edir, onu həmişə xoş duyğularla yada salır.

Deyirlər bir gün Şərqin böyük fatehi Əmir Teymur belə bir şərt qoyur ki, kim mənim çağırdığım məclisə məndən gec gələrsə, boynu vurulacaq. Bir gün məclisə böyük Vəzir gecikir. Əmir Teymur cəllada əmr edir ki, böyük Vəzirin boynunu vursun. Vəzir deyir ki, böyük hökmdar mən razıyam. İcazə ver son sözümü deyim, sonra boynumu vurun. Əmir Teymur icazə verir.

Vəzir deyir: - Qibleyi Aləm, gecikməyimin səbəbi odur ki, mən hamıdan qabaq gəlirdim. Yolda gördüm ki, mənim qoca müəllimin irəlidə gedir. O asta-asta yeriyirdi. Mən müəllimimi necə ötüb keçə bilərdim. Ona görə də onun arxasınca gəldiyimdən iclasa gecikmişəm.

Əmir Teymur fikrə gedir və belə bir əmr verir: - Böyük vəzirə mükafat verilsin. Sonra da vəsiyyət edir ki, mən öləndə qəbrimi müəllimimin ayaqları altında qazarsınız.

Ölkəmizdə müəllimlərə böyük hörmət qoyulur. Müəllim ürəyi bir şam kimi hamının qəlbini işıqlandırır, qəlblərə ziya, nur paylayır. Ölkəmizdə gözəl, istedadlı bir müəllim ordusu var. İnkişaf edən Vətənimizdə qabaqcıl müəllimlər çoxdur.

Müəllim adını şərəflə daşıyan müəllimlərdən biri də məktəbin direktoru Mürvətov Nəcməddin Tacı oğludur. Mürvətov Nəcməddin 1953-cü ildə Dəvəçi rayonunun Yuxarı Ələz kəndində anadan olmuşdur. 1960-cı ildə Dəvəçi rayonu Yuxarı Ələz kənd ibtidai məktəbinin birinci sinfinə qəbul edilmişdir. 1961-ci ildə ailəsinin Siyəzən şəhərinə köçməsi ilə əlaqədar təhsilini Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 saylı orta məktəbində davam etdirmişdir. 1970-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun) riyaziyyat fakültəsinə qəbul olmuşdur. İnstitutda oxuduğu illərdə qrup komsomol təşkilatının katibi, fakültə həmkarlar təşkilatının büro üzvü kimi ictimai işlərdə də çalışmışdır. 1974-cü ildə institutu müvəffəqiyyətlə bitirərək riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. 1974-cü ildə Dəvəçi rayonunun Böyük Hənyə kənd 8-illik məktəbində ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmişdir. 1977-ci ildə Böyük Həmyə kənd 8-illik məktəbinə direktor təyin edilmişdir. 1978-ci ildə isə Böyük Həmyə kənd orta məktəbinə direktor təyin edilmişdir. 2008-ci ildən isə Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbində direktor vəzifəsində çalışır. Siyəzən rayon Ağsaqqallar Şurasının sədr müavinidir. Rayonun ictimai həyatında fəal iştirak edir.

İşlədiyi illərdə həmişə məktəbinin adının yüksəldilməsi üçün əlindən gələni əsirgəməmişdir. Dəfələrlə respublika pedaqoji mühazirələrində mükafata layiq görülüb. İşlədiyi illərdə yaradıcı fəaliyyəti ilə də pedaqoji ictimaiyyətin nəzər-diqqətini cəlb edib. Tez-tez rayon və respublika qəzet və jurnallarında yazıları ilə çıxış edib.

Ədəbi fəaliyyəti ölkəmizin tanınmış elm və ədəbiyyat xadimləri tərəfindən yüksək qiymətləndirilmiş, müxtəlif qəzet və jurnallarda, internet saytlarında barəsində yazılar yazılmışdır.

Nəcməddin Mürvətovun adı “Azərbaycan yazıçılarının XX-XXI yüzillikdə” ensiklopedik məlumat kitabında qeyd edilmişdir.

1985-ci ildə pedaqoji fəaliyyətdə göstərdiyi uğurlara görə Azərbaycan “Xalq maarifi əlaçısı” adına layiq görülmüşdür.

2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

2014-cü ildə Respublika Jurnalistlər Birliyi “Qızıl Qələm” media mükafatına layiq görülmüşdür.

2015-ci ildə Həsən bəy Zərdabi adına ali media mükafatına layiq görülmüşdür. 2015-ci ildə Azərbaycanın əməkdar müəllimi adına layiq görülmüşdür.

2018-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür.

Onun haqqına istedadlı şair və yazıçı Əli Rza Xələfli “Dağdan dənizə doğru” kitab yazıbdır. Cabir Novruz mədəniyyət fondunun vitse-prezidentidir.

İlk mətbu əsərləri “Ehtiyac”, “Şuşa” şeirləri rayonda çıxan “Çıraq” qəzetində 1993-cü ildə çap olunmuşdur. Sonralar respublika qəzet və jurnallarında çar olunmağa başlamışdır.

Hal-hazırda Siyəzən rayon Cəfər Cabbarlı adına 1 saylı şəhər tam orta məktəbinə direktor vəzifəsində çalışır. Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, yaradıcılıqla da məşğul olur. Yüksək insani keyfiyyətləri ilə seçilən Mürvətov Nəcməddin bu gün daha səylə çalışır, yazıb, yaradır.

Müəllim əməyi çox vaxt bağban əməyi ilə müqayisə edilir. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Yetirmələri haqqında həmişə iftixar hissi ilə söhbət açır. Bu vaxt adətən, xoş xatirələrdən təsirlənir, gözləri daha nurlanır. Yetirmələrinin uğurları onu sevindirir, ona güc verir, onu daha zövqlə işləməyə ruhlandırır.

Bir məsəldə deyilir: “Atam məni göylərdən yerə endirdi, müəllimim isə yerlərdən göyə qaldırdı”. Müəllimi gah günəşə, gah da yanan şama oxşadırlar. Amma onu deyə bilərəm ki, Nəcməddin müəllimin həyatı bir dastandır. Oxuduqca öyrənirsən, bu həyata vurulursan.

Ona qibtə edirsən. Bu ömründə qazandığı uğurlara sadəcə sevinirsən.

Ona uzun ömür, can sağlığı arzulayırıq. Qoy həyatı daha da nurlu və parlaq olsun. Onun həyat kitabı gənclərin stolüstü kitabına çevrilsin.

Bir nurlu günəşdi, bir yanar şamdı,

Müqəddəs sayılır müəllim adı.

İşıqlı yollara çıxarır bizi,

Bir şirin nəğmədi ömrü, həyatı.

 

“Mənə bir hərf öyrədənin köləsi olaram”Rəsmiyyə HEYBƏTAĞAQIZI

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ