SON DƏQİQƏ

Universitet seçimində nəzərə alınmalı yeddi vacib məqam

Tarix:28-07-2018, 09:07 Oxunub:10 161

İmtahanların başa çatması ilə bütün abituriyentlər üçün ixtisas seçimi mərhələsi başlayır.

Universiteti və ixtisas seçimi gələcək həyatınızı istiqamətləndirəcək çox vacib məqamdır. Bütün bunları nəzərə almaqla, uğurlu ixtisas seçiminizə kömək edəcək vacib məqamları sizin üçün seçdik.

GunAz.az universitet seçimində nəzərə alınması vacib olan yeddi məqamı təqdim edir.

Tətbiqi təhsilin əhəmiyyəti

Nəzəri dərslər oxuyacağınız ixtisas və peşə haqqında geniş məlumat verir. Lakin məzun olduqdan sonra sizi iş dünyasına hazırlayan əsas mərhələ tətbiqi, yəni praktiki təhsildir. Praktika sizi iş dünyasına aparan yolun əsasını təşkil edir.

Keyfiyyətli tətbiqi təhsil almaq üçün seçəcəyiniz universitetin imkanlarına baxın. Görün, seçəcəyiniz universitetin intensiv şəkildə istifadə etdiyi laboratoriya və ya universitetin sənaye müəssisələri ilə əməkdaşlığı mövcuddurmu?!

Xüsusilə, sənaye dünyası ilə geniş əlaqələri olan universitetlərin seçilməsi vacibdir. Çünki belə universitetlər tələbələri yiyələnəcəkləri peşəyə uyğun hazırlaya bilirlər. 

Təhsil alarkən iş dünyası ilə əlaqə qurabilmə imkanı

Tətbiqi təhsilin vacib məqamlarından biri də biznes mühitini “görə bilmək” – praktika keçməkdir. Peşənizə uyğun sektorla nə qədər tez təmasa keçsəniz, işləmə şansı əldə etsəniz, karyera baxımından gələcəyinizi o qədər uğurlu formalaşdıra bilərsiniz.

Seçəcəyiniz universitet əməkdaşlıq etdiyi şirkətlər vasitəsilə bu məsələdə sizin işinizi asanlaşdıra bilər. Universitet sizə praktika imkanı təklif edirsə, bunu mütləq dəyərləndirin!

Müasir düşüncəli və təcrübəli müəllim heyəti

Ali təhsili necə aldığınız qədər, kimdən aldığınız da böyük əhəmiyyət kəsb edir. Öz sahəsində mütəxəssis, müasir metodikanı mənimsəmiş, eyni zamanda, böyük təcrübəyə malik müəllim heyəti təhsil aldığınız müddətdə sizə böyük dəstək olacaq.

Müəllim heyətini incələyərkən onların həm milli, həm də beynəlxalq uğurları ilə yanaşı, müəllif layihələrinə sahib olub-olmadıqlarına və bu layihələrə tələbələri cəlb edib-etmədiklərinə baxın. 

İnnovativ, elmi və texnoloji imkanlara sahib universitetləri seçin

Ali təhsilin əsas üstünlüyü innovativ, elmi və texnoloji imkanları tələbələrin ixtiyarına verməsidir. Tələbə dövrün tələbinə uyğun, yeni texnologiyalarla təchiz olunmuş mühitdə təhsil almalıdır. Universitetdənkənar texnoparklarda, elmi araşdırma laboratoriyalarında dərs keçmə imkanı təklif edən ali təhsil müəssisəsi seçəcəyiniz universitetlər arasında ilk sıralara qoyulmalıdır.

Sosial-mədəni imkanlar

Tələbələrin universitet həyatı sadəcə təlim-tərbiyədən ibarət olmamalıdır. Universitetlər tələbələrinə sosial və mədəni imkanlar təmin etməklə, onların tam formalaşmasına kömək göstərməlidir. İxtisas və universitet seçərkən universitetlərin bu sahədə hansı fəaliyyətlərlə məşğul olduqları, hansı imkanlara sahib olduqları mütləq araşdırılmalıdır. 

Təqaüd imkanı

Xüsusilə özəl universitet seçəcək abituriyentlər təqaüd imkanını mütləq araşdırmalıdır. Təqaüdün miqdarı və müddəti xüsusilə nəzərə alınmalıdır.

Müasir kampuslar 

Seçəcəyiniz ixtisasın balı iki universitetdə də eynidirsə, sizin üçün universitetin yeri seçiminizdə mühüm rol oynayır. Bu halda hansı universitetin yerləşdiyi yer sizə uyğundursa, onu seçə bilərsiniz.

Eyni zamanda, metroya yaxınlıq, ictimai nəqliyyatla rahat gedə bilmə imkanı seçiminizə təsir göstərən amillərdəndir. Bununla yanaşı, müxtəlif yerlərdən gəlmiş, Bakıda kirayədə qalacaq tələbələr üçün o yerin sakit və təhlükəsiz olması böyük əhəmiyyət kəsb edir. Bu məsələdə universitetin imkanları da araşdırılmalıdır. Yataqxanasının olub-olmaması və yaxud ətrafındakı kirayə verilən mənzillərin mövcud vəziyyəti, qiymətləri diqqət yetirilməli məqamlardandır.(Oxu.az)

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<