SON DƏQİQƏ

İmtahanlar pullu olacaq

Tarix:

3-02-2017, 16:09

/ 2 272 dəfə oxundu.
İmtahanlar pullu olacaq

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
Gunaz.az
-ın məlumatına görə, mərkəzin mətbuat xidmətindən azvision.az-a verilən məlumata görə, iclasda "2016/2017-ci tədris ili üçün Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında Hesabat"ın təqdim olunması, imtahanların ilkin qrafiki, ali məktəblərə qəbul qaydaları, IX sinif üzrə buraxılış imtahanlarının I mərhələsinin formaları, yanvarın 28-də vergi orqanlarına işə qəbulla bağlı keçirilən test imtahanlarının nəticələri müzakirə olunub. 
Birinci məsələ ilə bağlı DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, hazırkı hesabat Azərbaycan Prezidentinə təqdim edilməzdən əvvəl tanış olub rəy bildirilməsi üçün şura üzvlərinin diqqətinə çatdırılır. Onun sözlərinə görə, hesabat daha geniş formatda Təhsil Nazirliyinə göndəriləcək. İctimaiyyət üçün isə "Abituriyent" jurnalının 12-ci sayı disk şəklində istifadəyə veriləcək.
Direktorlar Şurasının sədri bildirib ki, imtahanların ilkin qrafikində yalnız buraxılış və qəbul imtahanlarının tarixləri əks olunub: "Çünki bu imtahanların vaxtları tədris ilinin müddəti ilə sıx əlaqədədir və ötən illər bu dövrdə biz qrafiki artıq elan etmişdik. Lakin hazırda tariflərin müəyyən edilməsi ilə bağlı hüquqi məsələlərin həll olunması istiqamətində işlər aparılır. Bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra qrafikin elan olunması və müəyyən tədbirlərin-sınaq imtahanları, sənəd qəbulu və s. başlanması mümkün olacaq. Dövlət qulluğuna qəbulla bağlı imtahanların da planlaşdırılması həmin məsələlərə görə, hələ ki, təxirə salınır".
Gündəlikdə duran növbəti məsələ ilə bağlı məruzə olunub ki, ali məktəblərin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya və kolleclərə qəbul qaydaları DİM tərəfindən rəy bildirilməsi üçün Təhsil və Ədliyyə nazirliklərinə göndərilib və həmin nazirliklərin rəyləri ilə birlikdə Nazirlər Kabinetinə təqdim olunub. İclas iştirakçıları ətraflı şəkildə adı çəkilən nazirliklərin rəylərini müzakirə ediblər.
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə vergi orqanlarına işə qəbulla bağlı keçirilən test imtahanlarında 2 889 nəfərdən cəmi ikisinin növbətə mərhələyə keçməsinə də münasibət bildirib. M.Abbaszadə deyib ki, imtahanlarda qeydiyyatdan keçən 2889 nəfərdən 763-ü imtahanda iştirak etməyib: "İmtahanda iştirak edənlərin az sayı müəyyən olunan müsabiqə şərtini (70 və daha yuxarı bal) ödəyib. Aparılan təhlil göstərdi ki, imtahan zamanı DİM tərəfindən təqdim olunan məntiq və informatika üzrə sualların namizədlər tərəfindən cavablandırılmasında uyğunluq müşahidə olunub, lakin ixtisas üzrə suallara cavab verməkdə namizədlər çətinlik çəkiblər. Məsələ ilə əlaqədar müvafiq nazirliyin rəhbərliyi ilə əldə olunan razılığa əsasən mövcud problemin aradan qaldırılması məqsədilə qərara alınıb ki, ixtisas üzrə test tapşırıqlarının müvafiq bilik və bacarıqların düzgün qiymətləndirilməsini təmin etmək üçün tapşırıqların testologiya qaydalarına uyğun tərtib edilməsi məqsədilə birgə işçi qrupun yaradılsın" - deyə Direktorlar Şurasının sədri vurğulayıb.
IX sinif üzrə buraxılış imtahanlarının formaları (nümunələri) - sual vərəqi, cavab kartı və inşa üçün yazı vərəqi şura üzvlərinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu formalar DİM-in xüsusi mətbəə proqram təminatı vasitəsilə hər bir şagird üçün fərdi şəkildə çap olunacaq və təhlükəsizliyi barkodla qorunacaq. Mövcud qaydalara görə essenin (inşa) yazılması fərqlənmə attestatına namizədlər üçün mütləqdir, bu şagirdlər haqqında əvvəldən Şagird-məzun sistemində qeydiyyat aparılacaq və bu şagirdlər üçün imtahan müddəti fərqli olduğuna görə onlar imtahan zamanı ayrı otaqlarda otuzdurulacaq.
Sonda iclas iştirakçılarının nəzərinə ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün nəşr edilən RİYAZİYYAT fənni üzrə vəsait təqdim edilib. Qeyd olunub ki, vəsait buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Vəsaitin birinci hissəsində yeni təhsil proqramı (kurikulum) və dərsliyə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissəsində isə qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları dərc edilib.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ